Главная Обратная связь

Дисциплины:

Архитектура (936)
Биология (6393)
География (744)
История (25)
Компьютеры (1497)
Кулинария (2184)
Культура (3938)
Литература (5778)
Математика (5918)
Медицина (9278)
Механика (2776)
Образование (13883)
Политика (26404)
Правоведение (321)
Психология (56518)
Религия (1833)
Социология (23400)
Спорт (2350)
Строительство (17942)
Технология (5741)
Транспорт (14634)
Физика (1043)
Философия (440)
Финансы (17336)
Химия (4931)
Экология (6055)
Экономика (9200)
Электроника (7621)


 

 

 

 



MƏCNUNUN NOFƏLƏ ACIQLANMASI



 

Sülhün qoqusunu duyunca Məcnun

Kinlə qəzəbləndi ürəyi onun.

O igid Nofələ acıqlanaraq,

Rişxəndlə dedi ki: \"Qəhrəmana bax!

Sən, ey qucaq-qucaq vədlər verən,

Yaman başa vurdun öz vədini sən.

Buydumu sözündə möhkəm durmağın?

Bir də at oynadıb qılınc vurmağın?

Danış, qəribliyə salma sorğumu,

Vəhşini ram edən əfsunun bumu?

Buydumu meydanda at oynatmağın?

Havada ox tutub kəmənd atmağın?

Zidmiş iradəmə sənin iradən,

Nə yaxşı bir hünər göstərmisən sən?!

Salam düşməniydi o canan mənə,

Indi sən döndərdin tamam düşmənə.

Vəfaya açılmış o qapıya sən

Min qıfıl vuraraq bağladın nədən?

Ey dost, köməyindən əlim üzüldü,

Işimi korladın, belim büküldü.

Bu dostluq telləri qırıldı nədən?

Çox şahlar yıxılmış bir süvaridən.

Qurda ox atdısa dağlarda çoban,

Gedib itə dəydi aldığı nişan.

Hünərin aləmə səs salan zaman

Əfsus ki, əhdini ayaqlayırsan.

Bu acı sövdaya düşməmişkən mən

Sənə bel bağlardım bəlkə ürəkdən.

Bu yazıq aşiqdən niyə vaz keçdin?

Əkmədiyin yeri nə üçün biçdin?

Sən ki, başlamışdın bu böyük işi,

Hünəri yarımçıq qoyarmı kişi?

Qaranlıq könlümə işıq verənsən,

Bu xəstə ömrümün dərmanı sənsən.\"

Döyüş qalxanını ataraq, əvvəl

Şirin dilə tutdu Məcnunu Nofəl;

Dedi: \"Qoşunsuzam, köməksizlikdən

Siyasət işlədib sülhə girdim mən.

Qayıdıb yurdumdan qüvvət alaram,

Yenə qılıncımı işə salaram.

Qoşun toplayaraq qəbilələrdən,

Daşdan keçirərəm poladımı mən.

Qılıncla basmasam o qudurğanı\".

Kor olsun Nofəlin qəlbi, vicdanı\".

Sonra Mədinədən Bağdada qədər

Qoşun toplamağa getdi elçilər.

Nofəl hiddətindən yandı bir zaman,

Qoşun tələb etdi bir çox diyardan.

Nəhayət, topladı böyük bir ordu,

Dağlara döş gərib üz-üzə durdu.

Birinci hücumda sərhəddi aşdı,

Düşmənlər kor olub qorxudan çaşdı.

 

NOFƏLİN İKİNCİ MÜHARİBƏSİ

 

Bu söz gövhərini tapıb kəşf edən

Dastan qapısını açır sinədən:

Nofəlin başına toplaşan ordu

Heyrətə salmışdı böyük bir yurdu.

Nərədən torpağın bağrı söküldü,

Buqəbis zirvəsi yerə töküldü.

Onun nərəsindən titrəyən düşmən

Döyüş meydanında səf çəkdi həmən.

Qəbilə başçısı donuxub qaldı,

Nofəl ordusunun seyrinə daldı.

Gördü ki, nizələr almış hər yeri,

Ordu bulud kimi tutmuş göyləri

Təbil nərələri gəldikcə bəzən

Ölünün qəlbi də qopur yerindən.

Nofəl ordusunu görəndə düşmən,

Nə hərbə meyl etdi, nə qaçdı hərbdən.

Hücuma girişdi \"bəxtə-bəxt\" deyə,

Atını səyirtdi müharibəyə.

Ordular gəldikcə orda baş-başa,

Endi şimşək kimi qılınclar başa.

Qumları sel kimi apardıqca qan,

Əqiq göyərirdi sarı qumlardan,

Ürəklər yoruldu ciyər yarmaqdan.

Qılınclar utandı baş qoparmaqdan.

Nofəl qılınc çəkib qalxan tutaraq,

Hər hücum başında yıxırdı bir dağ.

Əjdahalar kimi qızıb meydanda,

Bir nəfəs kəsirdi o hər bir anda.

Şir kimi getdikcə Nofəl irəli,

Oxlara dönmüşdü sərt kirpikləri.

Hirsdən çatıldıqca qəzəbli qaşlar,

Toppuz zərbəsindən uçurdu başlar.

Gürzlü çomağını endirən zaman

Elburs dağı da uçardı, inan.

Hər kəsə bir qılınc vursaydı Nofəl,

Onu varaq kimi doğrardı əl-əl.

Məcnun da həvəslə hərbə gedirdi,

O həlak olmağa çox səy edirdi.

Döyüş meydanları qızışdığı vaxt

Tabut taxtasına dönmüşdü hər taxt.

Bir olsa yoldaşın, dostun əməli,

Daşdan su çıxardar onların əli.

Nifaq olan yerdə fəlakət də var,

Səadət günəşi birlikdən doğar.

O gün nofəlçilər qalib gəldilər,

Onların bəxtinə açıldı səhər.

Düşmən cəbhəsini yarıb sökdülər,

Baş-başa, leş-leşə vurub tökdülər.

Can verib öldükcə yaralananlar,

Ah çəkib sönürdü darda qalanlar.

Əsib kükrədikcə ölüm ruzgarı,

Leyligil tərəfin ağsaqqalları

Aman istədilər igid Nofəldən,

Yalvarıb dedilər: \"Düşmüşük əldən.

Çəkmə qılıncını gəl indən belə,

Hamını ölmüş bil, əsir zənn elə.

Bizi qırmağından bir fayda varmı?

Igid basdığını boğazlayarmı?

Iki-üç nəfərik, olmuşu unut,

Əlinə ox alma, əlimizdən tut.

Gəl bu qiyaməti əlindən burax,

Qiyamət günü var... o dünyaya bax.

Düşmən silahlansa qarşında əgər,

Sən də qılınc vurub qüvvəni göstər.

Lakin, silah töksə qarşında düşmən,

O miskin düşmənlə gəl vuruşma sən.

Artıq tutmayırıq üzünə qalxan,

Gəl bağışla bizi sən, ey qəhrəman!

Qılıncla, nizəylə dindirmə bizi,

Görürsən qalxansız əllərimizi\".

Nofəl bu naləni dinləyib o dəm,

Keçmiş günahlara çəkdi bir qələm.

Əmr etdi: \"Gəlini gətirin ki, mən

Xoşluqla əl çəkim bu qəbilədən\".

Leylinin atası, ürəyi qəmli,

Torpağa üz qoydu gözləri nəmli.

Yalvardı Nofələ: \"Ey böyük insan,

Güvənir tacına bu Ərəbistan.

Dərdli bir qocayam, ürəyimdə qəm,

Səndən uzaq olsun, yaman gündəyəm.

Qorxaraq ərəbin tənələrindən,

Əcəm ləqəbini gəzdirirəm mən.

Başımın dərdinə, sövdasına bax,

Bəxtimdən görürəm mən bunu ancaq,

Xəcalət çəkirəm bu günahımdan,

Civə tək ərimək istərdim, inan.

Qızımı qarşına gətirsəm də, bil,

Quluna versəm də, əskiklik deyil.

Yenə fəxr edərəm, gəl inan ki, sən,

Boyun qaçırmaram sənin hökmündən.

Çöldə od yandırıb ocaq da çatsan,

Qızımı ud kimi oda da atsan,

Ya quyu dibinə tullasan onu.

Ya da qılınc çəkib vursan boynunu,

Bil ki, ağ olmaram üzünə yenə,

Can-başla hazıram hər bir əmrinə.

Baharda bir təzə gül olsam da mən,

Boyun qaçırmaram sənin əmrindən.

Ancaq, o dəliyə layiq deyil qız,

Dəliyə bir zəncir yaraşır yalnız.

Ay üzlü bir qıza sərsəm yararmı?

Çör-çöpün yanında od qalanarmı?

O, gicdir, mərd deyil, yoxdur sənəti,

Nə dünyası vardır, nə axirəti.

Dağları, daşları gəzir o sərsəm,

Inan, divanədir, dəlidir desəm.

Pis-pis adamlarla oturub durur,

Mənim adıma da min ləkə vurur.

Mərdə təmiz bir ad candan əfzəldir,

Ləkəli qalmaqdan ölüm gözəldir.

Ərəb torpağında küləklər belə

Qızımı salmışdır ağıza, dilə.

Leylinin adını o, dilə saldı,

Balam bu dünyadan min töhmət aldı.

Məcnuna tapşırsan cilovumu sən,

Mənə güləcəkdir hər yoldan ötən.

Bir nəhəng ağzında qəhr olub ölmək

Alçaq bir ömürdən xoş olsun gərək.

Bədnam olmağımı qoyma, amandır!

Qiyamət günü var... o, imtahandır.

Indi bu naləmə, dərdimə çatsan,

Dünyada xoşbəxt ol, sevin hər zaman.

Yoxsa, and içirəm bir allaha mən,

Əlimi çəkərəm ətəklərindən,

Ay üzlü balamın vurub boynunu,

Itin qabağına ataram onu.

Taki bu qeyrəti çəkməyim bir də,

Ölüb, öldürməyim durduğum yerdə.

Qoy mənə yer üzü lənətlər desin,

Qızımı divdənsə köpəklər yesin.

Insanı dinləsə azğın bir quduz,

Onun məlhəmi var, keçər, qorxusuz.

Lakin dil yarası ürəkdən getməz,

Ona min məlhəm də bir əsər etməz\".

Nofəl dinlədikcə rəngi saraldı,

Söz tapa bilməyib cavabsız qaldı.

Qoca danışdıqca açıq, mərdana,

Nofəl yumşalaraq: \"Qalx-dedi ona.

Bu gün bir sərkərdə olsam belə mən

Xoşluqla istərdim qızını səndən.

Indi ki, vermirsən, canın sağ olsun,

Mən zalım deyiləm, üzün ağ olsun.

Quru bir çörəklə, şor bir halvadan

Pisdir zorla gələn bir arvad, inan.

Dualar ardınca dolaşıram mən,

Belə cəfalardan bezaram, bilsən\".

Nofələ dil açdı yaxın adamlar,

Dedilər: \"Qocanın nə günahı var?

Məcnun xoş gəlməsin gözünə sənin,

Mənliyi alçaqdır o divanənin.

Bir qadın doğrudan sevsə də onu,

Fəlakət törədər bu eşqin sonu.

Havalı yaşayan sərsəm bir insan.

Nə xeyrə, nə şərə yarayar, inan.

Ona neyləsən də ağıla gəlməz,

Yoxdur iradəsi, durub dincəlməz.

Dünən biz onunçun döyüşən zaman

Qələbə istərdi düşmənə hər an.

Oxlara gərmişdik biz sinəmizi,

O da oxlayırdı bir yandan bizi.

Bu iş ağıllının işi deyildir,

Ona ağlamaq da, gülmək də birdir.

Bu gün yetirsək də canana onu,

Açıq görünür ki, matəmdir sonu.

Düz ölçüb biçməsən bu işi, ey mərd,

Biz zərər çəkirik, siz də xəcalət.

Adımız, sanımız bizə əfzəldir,

Bu işdən əl çəkmək daha gözəldir\".

Nofəlin qəzəbi soyuyub söndü,

Qoşuna əmr edib, geriyə döndü.

Məcnun yaralandı bu bəd xəbərdən,

Min tikan sancıldı qəlbinə birdən.

\"Ah, - dedi, - çatmışdı visal üçün vaxt,

Öldü, oyanmadı, oyanmadı baxt.

Bəxtimin vəfası olsaydı mana,

Özüm tək olardı dostum mərdana\".

Gözündə yaş seli, qəlbində vulkan,

Nofəlin yanına gəldi pərişan.

Dedi: \"Ey dostluğa qadirəm deyən,

Söz verib, sonradan sözünü yeyən,

Mənim ki, üzümə gülürdü səhər,

Rəvamı qəlbimdə sönsün ümidlər.

Nə üçün buraxdın ovumu əldən,

Biz ki, əl vermişdik, unutdunmu sən?

Susuzdum, apardın sən \"Fərat\" deyə,

İçməmiş odlara tapşırdın niyə?

Şəkərdən bir şirin şərbət qayırdın,

Ondan da içməmiş məni ayırdın.

Qarşıma açdınsa şirin süfrəni,

Sonra milçək kimi qovladın məni.

İpin ki, ucunda bu düyün vardı,

Ona dəyməsəydin yaxşı olardı\".

Deyib bu sözləri getdi çaparaq,

Atının nalından odlar qoparaq.

Ona çox dedilər, çox yalvardılar

Ki: \"Sənə bundan da yaxşı bir nigar -

Hörmətli, hünərli, dövlətli, mallı,

Bir gümüş sinəli; günəş camallı,

Işinə yarayan bir qız taparıq,

Bu yeri axtarıb soraqlaşarıq,

Ta işin onunla tamam düzəlsin,

Dövlət də qapına qayıdıb gəlsin\".

Çox umud verdilər aşiqə bir-bir,

Könlünün düyümü açılmadı bir.

O çıxdı ortadan iz azdıraraq,

Qəlbi bulud kimi tutuldu ancaq.

Göz yaşı tökürdü o qəlbi xəstə,

O tiryək səpirdi zəhərin üstə..

Artıq öz mülkünə qayıtdı Nofəl,

Yetişcək yurduna hər şeydən əvvəl

Çağırtdı o cəfa görmüş Məcnunu

Ki, ürək verərək dincəltsin onu.

Axtaran çox oldu, tapan olmadı,

Artıq siyahidən silindi adı.

Bildilər, nə imiş bu səssiz gediş,

Onun tənəsinə səbəb nə imiş...

 

MƏCNUNUN AHULARI AZAD ETMƏSİ

 

Dinləyin bu ötən, sədəfli sazı,

Görün nələr deyir onun avazı:

Murada çatmamış o yaralı quş,

Qəlbi intizara, dərdə tutulmuş,

Nofəldən ayrılıb çapdı atını,

At açdı çöllərdə yel qanadını.

Nofəl, o əhdinə çıxdı vəfasız,

Məcnun oxuyurdu səhrada yalqız.

Hər kiçik təpəyə üz tutub bəzən,

Şikayət eylərdi öz taleindən.

Göz yaşı tökərək o yürüyürdü,

Uzaqdan qurulu bir tələ gördü.

Tələyə düşmüşdü bir-neçə ceyran,

Yazıqlar bağlıydı əldən ayaqdan.

Qəsdinə durmuşdu ovçu onların,

Qanını tökməyə o ceyranların.

Məcnun səyirtdi ki, yetsin köməyə,

Ovçu da dayandı: \"Gələn var\" deyə.

Dedi: \"Tələ üstə çıxmışam birdən,

Adət qonağıyam, özün bilirsən.

Ahular başından götür tələni,

Onları azad et, sevindir məni.

Yazıq heyvanlara nə qəsdin vardır?

Onlar həyat üçün yaranmışlardır.

Gözləri göyçəkdir, baxışları şad.

Onlar da əzəldən yaranmış azad.

Necə qıyırsan ki, bir həmlədə sən

İki-üç qan töküb nəfəs kəsəsən.

Qurd olsa bir adam zatında əgər,

Bu qurd o ceyranın qanını tökər.

Yar gözü kimidir ahunun gözü,

İlk bahar gününə bənzəyir üzü.

Yar gözü eşqinə rəhm et ceyrana,

Bahar xatirinə gəl qıyma ona.

Boynunu vurma gəl, bivəfa deyil,

O şümal gərdənə ip rəva deyil.

O xallı boynundan gəl indi vaz keç,

Ona polad qılınc yaraşırmı heç?

O qara gözlərin sürməsi də var,

Rəvamı torpaqla örtülə onlar?

Gümüş həsəd çəkir o saf sinəyə,

Yanıb kabab olsun, kül olsun niyə?

Nazla bəslənmişdir şümal sağrılar.

Danış, layiqmidir ona ağrılar?

Ahu göbəyindən mişk alınar, bil,

Qanını tökməyin insafdan deyil.

O zərif ayaqlar bir xeyzərandır,

Onları incitmə, qıyma, amandır!

Yükə qatlaşmamış o incə kürək,

Yerə vursan onu o inciyəcək\".

Ovçu bu öyüdü dinləyib daldı,

Donaraq barmağı ağzında qaldı.

Dedi: \"Yoxsulluğa düşməsəydim mən,

Boyun qaçırmazdım bu sözlərindən.

Iki ay içində şikarım budur,

Külfətim bir buna göz tikib durur.

Ehtiyac içində qalan bir ovçu

Ovunu öldürsə olarmı suçu?

İstəsən, onların gəl qeydinə qal,

Onların canını məndən satın al\".

Məcnun dinləyərək yoxsul ovçunu,

Atından tez düşüb çağırdı onu.

Ovçuya verərkən ceyran atını,

Açdı ceyranların qol-qanadını.

Ovçu tez minərək atı yol aldı,

Məcnun ceyranlarla səhrada qaldı.

Mərhəmətlə deyil, sevgiylə qəlbən

Öpdü ceyranların qara gözündən.

Bu yar gözü deyil, ona oxşardı,

O qara gözlərdən bir yadigardı.

Onlara mərhəmət diləyib haqdan,

Açıb xilas etdi qanlı duzaqdan.

Özü də çöllərdə fəryad çəkərək,

Ahular dalınca yüyürürdü tək.

Düşməni yoxsa da, silahı vardı,

Gül tək silahından yara alardı.

O isti qumların odlu qoynunda

Qazan tək qaynayıb coşurdu o da.

Havalar qızırdı çəkdiyi ahdan,

Əynini cırırdı çöldə hər tikan.

Gecənin üzünə zülmət gələndə,

Ayın pərdəsində gün gizlənəndə

Məcnun nalələrdən cana gəlmişdi,

İpək teli kimi çox incəlmişdi.

Yarın saçları tək qaraydı gecə,

Yol aşiq canı tək olmuşdu incə.

Məcnun ilan vurmuş kərtənkələ tək,

Yanıb qovrulurdu mağarada tək.

Yerdə qıvrılırdı bir ilan kimi,

Odlara qalanmış bir tikan kimi.

Sübhə dək gözləri yuxusuz qaldı.

Ömrü gecə kimi ahla qaraldı.

 

MƏCNUNUN MARALI AZAD ETMƏSİ

 

Çəkdi bayrağını gülüzlü səhər,

Yenə al şəfəqə boyandı göylər.

Bax, Çinin aynası parladı Çindən,

Həbəşin qaşları çatıldı birdən[84].

Paslı ayna kimi ürəyi tutqun,

Xəyal aynasını gəzdirən Məcnun

Oddan tüstü kimi qalxdı bu zaman,

Ənbər saçılırdı gül varlığından.

O, aşiq qəlbiylə dalıb xəyalə,

Gedirdi dilində şerlə nalə.

Pərişan gözləri yol süpürürdü,

Könlündən keçəni allah görürdü...

O birdən yetişdi şikar yerinə,

Qurulmuş tələyə rast gəldi yenə.

Gördü ki, tələyə düşmüş bir maral,

Boynunda zəncir var, alnında zaval.

Ovçu o gülüzlü maralı görcək,

Ona hücum çəkir qızmış aslan tək.

Istədi axıtsın günahsız bir qan,

Nə çıxar günahsız tökülən qandan?

Məcnun tez ovçunun yanına qaçdı,

Ona neştər kimi dilini açdı:

\"Ey zalım iti tək yazığı tutan,

Aç qurduğun toru, zülmündən utan.

Qoy, bu tora düşmüş zavallı əsir

Gəzib, bir-iki gün şad yaşasın bir.

Gəl onu sən salma tor havasına,

Getsin öz tayıyla öz yuvasına.

Onu sevgilisi tapmasa əgər,

Bu gecə arxanca nə sözlər deyər?

Deyər: - Səni məndən alan ovçular

Ayrılıq dərdinə olsunlar düçar.

Qoy səni ovlayan mən günə düşsün,

O da yar gözündən sürgünə düşsün. -

Dərd duya bilirsə səndəki ürək,

Öz tamah dişini bu ovdan gəl çək.

Neylərdin qəfəsdə özün qalsaydın,

Maral ovçu olub, sən ov olsaydın?

Söylə taleinə şükr edirmisən

Ki, ov maral olmuş, ovçusu da sən?\"

Ovçu nəsihəti dinləyib bu dəm

Dedi ki: \"Bu qandan mən əl çəkirəm,

Vurmaram maralın buruq boynunu,

Ancaq, havayı da vermərəm onu.

Bu ovla dolanıb yaşayıram mən,

Satın al maralı məndən istəsən\".

Alıb silahını, sazını Məcnun

Ovçuya uzadıb dedi: - Buyurun.

Ovçu silahı da, sazı da aldı,

Maral azad oldu, salamat qaldı.

Ata öz oğlunu əzizləyən tək,

Məcnun da maralı əzizləyərək,

Tutub sığalladı o dildarını,

Bağladı heyvanın yaralarını.

Onun gövdəsini çox tumarladı,

Maraldan daha tez özü ağladı.

Dedi: \"Həsrət çəkən dağlar maralı,

Səndəmi tayından düşdün aralı?

Ey çöl qoşununun gözəl sarbanı,

Dağlar döşündəki çadırın hanı?

Xoş ətrin canandan gətirir xəbər,

Gözün sevgilimin gözünə bənzər.

Bu tordan ayağın qoy azad olsun,

Yetiş öz tayına, o da şad olsun.

Səndən iraq olsun düşmənin fəndi,

Boynuna keçməsin şahlar kəməndi.

Dişlərin keçməsin qızıl qapağa,

Yaraşır səndəki sədəf dodağa.

Oxların yayına yarıyan dərin

Öz paltarın olsa yaxşıdır sənin.

Zəhri əritsə də isti göz yaşın,

Axmasın üstünə torpağın, daşın.

Sən ey mərd sinəli, ucaboy maral,

Mən qəlbi yanmışın halına bir qal.

Bilirəm genişdir gəzdiyin hasar,

Hasardakı aydan bir xəbərin var.

Otladığın zaman o tərəfdə sən

Yara əhvalımı açıb deyərsən:

Düşmən qaxıncına qurban olan yar,

Əmrinə hazıram, nə istəyin var?

Biz ayrı düşəli əziyyətdəsən,

Sən də mənim kimi bu möhnətdəsən.

Bir qoca dost da yox imdada yetsin,

Bir ox da yoxdur ki, hədəfə getsin.

Ah! Sənin qoqunu verməsə külək,

Onun da adını çəkməyir ürək.

Xəyal da anmasa, duymasa səni,

Yoxdur varlığımda onun məskəni\".

Məcnun ağlayaraq bu qəribliyə,

Dərdini bir deyil, yüz deyə-deyə,

Yazıq maralcığın açdı torunu,

Gözlərindən öpüb buraxdı onu.

Qaçdı səhralara tor görmüş maral,

Məcnun öz yoluna başladı dərhal.

Gecənin yolçusu yetişdi haman

Bir Yusif camalı aldı quyudan[85].

Ulduzlar içində o parladı tək,

Göy Misri Nil kimi coşmuşdu, gerçək[86].

Gözü dağlı çölü mil-mil gəzərdi,

Nil rəngində axan Nilə bənzərdi.

Nə suya quş kimi dimdik vurardı,

Nə də ilan kimi dil çıxarardı.

Qıvrılıb qəlbindən vurulmuş kimi,

Ötməzdi qanadı sınmış quş kimi.

Alışıb yanardı beyni, damağı,

Sanki əriyirdi bir piltə yağı.

Şam kimi sönsə də o birdən-birə,

Yenə də qoymazdı yanını yerə.

 

MƏCNUNUN QARĞA İLƏ SÖHBƏTİ

 

Açdı gözlərini yuxudan səhər,

Sarı köynək geydi o mavi göylər.

Güldü o sarı gül, o göylər qızı,

Dünya başdan-başa geydi qırmızı.

Məcnun xəzan görmüş gül kimiydi, ah!

Gözündə ağlardı gülüzlü sabah.

Bu sonsuz sulara od düşən zaman

O da gəmisini çəkirdi sudan.

Günəşdə yandıqca əli, ayağı,

Nəfəsdən düşmüşdü günorta çağı.

Çılpaq qaldığından o, kölgələr tək

Oturdu bir ağac kölgəsində tək.

O hündür ağacın kölgəsində, bax,

Sular axışırdı şırıldayaraq.

Göy kimi, girdə bir hovuz ki, vardı,

Suyu kövsər kimi parıldayardı.

Onun dövrəsini almışdı otlar,

Yaşıl geyinmişdi o yerdə bahar.

Ciyəri istidən kababa dönən

O sudan doyunca içərək həmən,

Kar kimi, lal kimi dinib danışmaz,

Ayaq saxlayaraq dincəldi bir az.

O yaşıl çəmənə heyran qalmışdı,

O gözəl ağacı seyrə dalmışdı.

Budaqda qaraca bir qarğa vardı,

Gözü çıraq kimi işıq salardı;

Gözəllər saçı tək qaraydı rəngi,

Baxdıqca oxşardı qəlbi, ürəyi.

Saleh bir quş idi o yazıq qarğa,

Salehilər kimi geymişdi qara[87]

Sakitcə durmuşdu budaqda o quş,

Sanki mina üstə şəvə oturmuş.

Məcnun fikrə getdi görəndə onu,

Duydu qəlblərinin bir olduğunu.

\"Sən, ey yas libaslı, aç, söylə barı,

Nədir əynindəki bu yas paltarı?

Nədəndir, gecənin rəngi var səndə?

Qara günlərəmi düşmüsən sən də?

Qəmə mən yanıram, alışansa sən,

Mənim əvəzimdə qara geymisən.

Ürəyin yanıqlı deyilsə bu dəm

Nədən qaralmısan, ey dərdli həmdəm?

Sinən yanmamışsa, zavallı qarğa,

Sinəsi dağlıdan qaçma uzağa.

Zənci rəngi yağır sənin rəngindən,

Bəlkə də, soyğunçu hindu kimisən.

Bəlkə də, mən şaham, sən mənə çətir,

De, nədən qarasan? Açıq söylə bir.

Canana rast gəlsən, ərz elə ki, mən

Onun həsrətiylə düşmüşəm əldən.

Mənim dadıma çat, yetiş amandır,

Dadıma yetməsən halım yamandır.

Demişdin, əlindən tutaram bir dəm,

Qorxuram bu həsrət gözümdə öləm.

Bir göz kor olarsa, ey nazlı nigar,

Tutiya verməyin nə mənası var.

Canavar quzunu aparsa əgər,

Çobanın hay-küyü nə fayda verər.

Sel ki, bir binanı dibdən uçurar,

Poladdan olsa da neyləsin divar.

Bir əkin yerini vursa quraqlıq,

Yağışın mənası qalarmı artıq?

Məcnun dil oxunu atır uzağa,

Budaqdan-budağa uçurdu qarğa.

Məcnun danışdıqca coşub daşırdı,

Qarğa da uçmağa hazırlaşırdı.

O söhbət açdısa əfsanələrdən,

Qarğa dərdlə uçdu durduğu yerdən.

Gecə qarğa kimi geyindi qara,

Yarasa göz açdı qaranlıqlara.

Göydə çıraq kimi yandı ulduzlar,

Qarğa gözü kimi parladı par-par.

Məcnun çıraq kimi söndü, qaraldı,

Sanki gözlərini qarğa apardı.

Yanan bir şam-kimi o sinə dəftər

Göz yaşı tökürdü səhərə qədər.

 



Просмотров 479

Эта страница нарушает авторские права




allrefrs.su - 2024 год. Все права принадлежат их авторам!