Главная Обратная связь

Дисциплины:

Архитектура (936)
Биология (6393)
География (744)
История (25)
Компьютеры (1497)
Кулинария (2184)
Культура (3938)
Литература (5778)
Математика (5918)
Медицина (9278)
Механика (2776)
Образование (13883)
Политика (26404)
Правоведение (321)
Психология (56518)
Религия (1833)
Социология (23400)
Спорт (2350)
Строительство (17942)
Технология (5741)
Транспорт (14634)
Физика (1043)
Философия (440)
Финансы (17336)
Химия (4931)
Экология (6055)
Экономика (9200)
Электроника (7621)


 

 

 

 



QARININ MƏCNUNU LEYLİNİN QAPISINA



APARMASI

 

O göylər pərisi günəş yananda,

Səhər pərdəsindən baş qaldıranda

Hər baxış bəzənib durdu bağ kimi,

Hər göz də parladı, bir çıraq kimi.

Məcnun da qaçırdı qarğa kimi tək,

Bir şam axtarırdı pərvanələr tək.

Basıb köç yolunda tikanlıqları,

Qaçırdı cananın yurduna sarı...

Canan qoqusunu havadan duydu,

Bir anlıq əlini köksünə qoydu.

Elə bil, canlandı ölmüş bir bədən,

Dayanmış bir ürək çarpdı yenidən.

Uzaqdan bir qarı göründü bu dəm,

Yanınca gəlirdi bir talei kəm.

Zəncir vurulmuşdu o divanəyə,

O da şadlanırdı, xoşbəxtəm deyə...

Qarı çox sürətlə addım atırdı,

Boynu zəncirlini çəkib dartırdı.

Məcnun o əsiri gördüyü zaman

Qarıya and verib dedi: \"Bir dayan,

Kimdir yanındakı bu zəncirli kəs?

Neçin zəncirlidir bu divanə şəxs?\"

Qadın cavab verdi: \"Düzünü desəm,

Divanə deyildir, bu talei kəm,

Mən dulam, bu da bir kasıb insandır,

Bunun da, mənim də günümüz qandır.

Ah, bizi salmışdır yoxsulluq əldən,

Bunu zəncirlərə bağladım ki, mən

Əsir sifətində gəzdirim barı,

Gəzib dolandırım bu obaları,

Gəzək şəhər-şəhər, həm ölkə-ölkə,

Bir ovuc yem tapam evimə, bəlkə.

Bundan əlimizə düşənləri biz

İkicə hissəyə bölək tər-təmiz.

Bir toz da qalmasın haman ruzidən,

Nə tapsaq, bölüşək biz onları tən\".

Məcnun, qol-qanadı sınmışlar kimi,

Yıxıldı qarının ayağına ki:

\"Aç onun boynundan o zənciri sən,

Gəl mənim boynuma bağla əlinlən.

O divanə deyil, divanə mənəm,

Çünki mən layiqəm zəncirə bu dəm.

Hayana istəsən, al apar məni,

Üzü qaralıqla gəzdir ölkəni.

Bu işdən əlinə nə düşsə hər gün,

Yalnız sənin olsun onlar büsbütün\".

Qadın bu şikarı görüncə həmən,

Nə qədər şad oldu bu təsadüfdən.

Atıb yoldaşını, çox razı qaldı,

Zənciri Məcnunun boynuna saldı.

Qadın zəncirlədi yazıq Məcnunu,

Boynuna ip salıb apardı onu.

Gəzdirdi aşiqi o diyar-diyar,

Bir yerdə dayanıb tutmadı qərar.

El yazıq aşiqi görüncə darda,

Gülənlər də oldu, ağlayanlar da.

Qafillər Məcnuna baxıb gülürdü,

Aqillər gözündən yaş tökülürdü.

Ayağında buxov, boynunda zəncir

Məcnun tənələrə dözürdü bir-bir.

Bir çadır yanına yetişdi birdən,

Od, alov parladı nəğmələrindən.

O \"Leyli\" dedikcə, daşlar yeyirdi,

Daş altda rəqs edib canan deyirdi.

Qadın yedəyində çəkdi Məcnunu,

Leyli qapısına gətirdi onu.

Çəmənin nəsimi ona dəyəndə

Dayandı sərv tək yaşıl çəməndə.

Aşiq o çəməndə ağladı zar-zar,

Sanki ilk baharda yağdı buludlar.

O, yerə baş döyüb deyirdi: \"Canan,

Özündən ayrıyam, dərdinlə həmcan.

Zəncirdən, quyudan qaçdığım üçün

Yanında təqsirkar olmuşam bu gün.

Indisə zəncirdə sızlayır bədən,

Verdiyin cəzaya şadam ürəkdən.

Yanında çox oldu mənim günahım,

Üzürsüz gəlmişəm, ey qibləgahım.

Bil ki, hakimimsən, məhkumam sənə,

Öz bildiyin kimi cəza ver mənə.

Qılınc vurmağıma baxma, ey sənəm,

Sənin hüzurunda yenə əsirəm.

Atımı sürdümsə siz tərəfə mən,

Min yara almışam mən öz zərbəmdən.

Ayağım etdisə dünən bir günah.

Bu gün baş qoymuşam ayağına, ah!

Sizə ox atdısa bu sınmış əlim,

İndi zəncirlidir o da, gözəlim.

O zaman bir günah etdimsə əgər,

Bəsdir bu çəkdiyim ağır cəzalər.

Qıyma ki, bu cürə zəlil olum mən,

Bir dəfə canımı çıxar bədəndən.

Səndən özgəsinə meyl etsə ürək,

Gəl, məni xaç kimi çarmıxlara çək.

Ey vəfasızlığı vəfadan parlaq,

Xətadır yanında xətasız olmaq.

Qarşında xətasız dayanıb bu dəm,

Özümü xətaya düçar edirəm.

Bəlkə vəfa görəm bu yolla səndən,

Ya da atdığın ox keçə sinəmdən.

Nə qədər ki sağam salamımı sən

Alıb bir başıma əl çəkməyirsən.

Razıyam, gəl öldür məni, ey mələk,

Öldür ki, başıma əlin dəyəcək.

Bir qılınc endir ki, başıma, canan

Mən olum qapında kəsilən qurban.

Mən İsmayıl kimi saxlaram ədəb,

İncisəm, qoy olum İsmayılməzhəb[88].

Şam kimi alışıb yanır bədənim,

Qorxmaram başımı qoparsan mənim.

Bir şamın başını qoparanda biz,

O, baş ağrısından xoş olar şəksiz.

Ayağın altında can verib ölsəm,

Sənsiz yaşamaqdan bu xoşdur, nə qəm.

Madam ki bağlıdır yanına yolum,

İşim ah olacaq, qurbanın olum!

Başım ayrılmayır qəmdən, qüssədən,

Səninsə başını ağrıtmayım mən.

Istəsən başından dərd uzaq olsun,

Dərd mənəm, qoy ölüm, başın sağ olsun\".

Deyərək, ox kimi qalxdı yerindən,

Tutub parçaladı zənciri birdən.

Qəmlərdən şadlanan o bəxti qara

Dağ vəhşisi kimi qaçdı dağlara.

Nəcdə çatan kimi inləyib durdu,

Özünə ox kimi sillələr vurdu.

Ondan soraq alıb getdi qohumlar

Görünməmiş bir hal gördülər onlar.

Atası, anası ağlayıb qəlbən,

Artıq əl üzdülər o divanədən.

Heç kəsə yovuşmaz görüb Məcnunu,

Yalnız özbaşına qoydular onu.

Gördülər yamandır onun bu halı,

Leylini axtarır darğın xəyalı.

Yanında başqa bir söz danışsalar,

Özünü döyərək tutmazdı qərar...

 

BN-SƏLAMIN DASTANI

 

Məna dənizinin qəvvası insan

Səpmiş bu şəkəri dodaqlarından:

Nofəlin qələbə çaldığı gündə

Şadlandı Leylinin qəlbi köksündə.

Qəlbə işıq saçan o gözəl nigar

Dedi: \"Sevin, Leyli, qalib çıxdı yar...\"

Bu zaman atası gəldi vüqarla,

Güldü bığ altından o, iftixarla,

Öz əmmaməsini kəc qoyub haman,

Dil açıb dəm vurdu dilbazlığından:

\"Bu gün hiylə töküb tor quraraq mən

Qurtardım yaxamı o divanədən.

Verdim cavabını dönməz bir üzlə,

Onu suya verdim quruca sözlə.

Bu tanrı vergisi dilimə görə

O allah qarğamış Nofəl bilmərrə

Əl çəkdi fikrindən, o xam xəyaldan,

Öz tamah dişini çəkdi visaldan.

Allaha şükür ki, qurtardıq ondan,

Onun da payını versin yaradan\".

Leyli eşitdikcə bu hekayəti

Gözündə çağladı can şikayəti...

Çadırda gizləndi o dərdli pəri,

Qan sıxıb, qan tökdü ağlar gözləri.

Gözlərindən axan o qanlı yaşlar

Keçdiyi yollarda qoymadı qubar.

Bilincə itmişdir yenə o baxtsız,

Əlini, qolunu dişləyirdi qız.

Saf qan axıdırdı gözündən mələk,

Bu sudan özünə zinət verərək.

Nərgislə suvardı qız ərğəvanı[89],

Hovuza batırdı o, xeyzəranı.

Onun nə hal duyan bir kəsi vardı,

Nə bir dost dərdinə çarə tapardı.

Qapını, bacanı bağlayıb möhkəm,

Dustaq ilan kimi yaşardı sənəm.

Yalnız, qapısından əsən küləklər

Ətrindən hər yana verirdi xəbər.

Adlı adamlar da evlənək deyə,

Elçi göndərirdi hər gün Leyliyə.

Hamısı dəm vurub öz dövlətindən,

Ər olmaq istərdi ona hər yetən.

O dürrün dalınca hey mahal-mahal

Düşmüşdü ortaya minlərlə dəllal.

Birinin o bala iştahı vardı,

Başqası o taxta əl uzadardı.

Atası qızını tutub ürəkdə,

Onu inci kimi saxlardı bərkdə.

Kamala yetişmiş o gümüşbədən

Şüşəni gözlərdi daşdan, küləkdən.

Yüz min ehtiyatla yeyirdi dildar,

Qəlbini gizlincə, şərabı aşkar.

Şam kimi gülərək, qızarsa da qız,

Bu gülüş altında yanardı yalnız

Gül kimi iki lay kəmərli müdam

Ayağında nizə, əllərində şam.

Bütün möhnətlərə o dözə-dözə,

Çəkdiyi ağrını vurmazdı üzə.

Ulduzlar içində bir ay durmuşdu,

Çadrına yüz Zöhrə halqa vurmuşdu.

 

LEYLİNİN İBN-SƏLAMA VERİLMƏSİ

 

Bir xəbər tutunca tez Ibn-Səlam

Tələsdi vədəyə versin sərəncam.

Şahlıq cəlalilə, dəbdəbəsilə

Keçirmək istədi Leylini ələ.

Çoxlu xəzinəylə elçi gəldilər.

Xalvarla qənd gəldi, batmanla ənbər.

Nafə müşkü ilə mədən ləlləri

Bəzədi büsbütün qumlu çölləri.

Geyinsin, bəzənsin deyə o dilbər,

İpəklə yükləndi gələn dəvələr.

Atlardan \"ərəbi\", \"bəxti\", \"təkavər\"[90]

Gətirdi ağıla sığmayan qədər

İnsan döyüşdürən qızıllar ki, var,

Qum kimi dağıdıb səpirdi onlar.

Qızılı qum kimi səpdikcə yenə,

Sanki qum tökürdü düşmən gözünə.

Nəydi o səxavət, nəydi o rəftar!

O böyük calala heyran qaldılar.

İki gün dincəldi o yol yorğunu,

Elçini çağırıb öyrətdi onu.

Elçinin cadulu bir dili vardı,

Daşı xəcalətdən yumuşaldardı.

Sözü Isa kimi can təzələrdi,

Ölülər yenidən dilə gələrdi.

Alıb Rum elindən, Çindən, Məkkədən,

Peşkəşlər gətirdi nadir şeylərdən.

Elçi xəzinəylə düşdü yollara,

Hamsını çatdırdı xəzinədara.

Öz şirin dilinin açarı ilə

Gizlin xəzinəni o açdı belə:

- Aslan ürəklidir bizim qəhrəman,

Ərəbin fəxridir, şənidir, inan.

Nəsəb sahibidir, adlı-sanlıdır,

Böyükdür, nəcibdir o çox şanlıdır.

Siz qan istəsəniz, qum kimi tökər.

Davadan-dalaşdan azad olaraq,

Onunla səadət taparsan ancaq.

Elçi bu sözləri dediyi zaman

Qızcığın atası qalmışdı heyran.

Sonra, məsələnin əslinə yetdi,

Qəbul etdiyini etiraf etdi,

Bu işi qızına o rəva gördü

Ayı əjdəhanın ağzına verdi.

Sabah günəş doğub şölə salanda,

Cəmşidin camını ələ alanda

Bəylik xələtini rus oğlu aldı,

Ərəb damadının çiyninə saldı

Gəlinin atası çıxdı eşiyə,

Çadırı bəzədi, bayramdır deyə.

O, qonaq çağırdı Ibn-Səlamı,

Şadlıq məclisində əyləşdi hamı.

O, keyf məclisini sevinclə qurdu,

Ona layiq olan bir zinət vurdu.

Ərəb qaydasınca onlar bir yerdə

Öncə sınan əhdi bağladı bir də.

Göylərə sovurdu pul tufanını

Süd həqqinə girov dedi canını.

Qızın otağında onlar bu səhər

Tünglərə nə qədər şəkər tökdülər.

O kiçik ağızlı, qaragün sənəm

Ətir yandırırdı ud kimi o dəm.

Ətir dağıdırdı ah çəkən qəlbi,

Göz yaşı tökürdü gülablar kimi.

Ləli od verirdi, bulağı da su[91],

O, ənlik qayırır, gülab yayır bu.

Yarı çatmışdısa bu gün murada,

Muradsız qalmışdı özü dünyada.

Ağıza çatarkən düşüb sındı cam,

Qoğalı bişmişkən dönüb oldu xam.

Qaydadır, ayağa batar hər tikan,

Od ağız yandırar ağıza qoysan.

Kim ki, müxalifət göstərə bir az,

Heç kimin əmrinə o qulaq asmaz.

Öz qəbiləsinə asi olan şəxs

Onunla bir yerdə yaşaya bilməz.

Barmağın birini çalarsa ilan,

Barmaq kəsilməsə zəhərlənər can.

Təbə can dərmanı olmuş məhəbbət,

Ölümə səbəbdir hər müxəlifət.

Ruhu şənləndirən Leyli ki, vardı,

Ixtilaf üzündən canlar alardı.

Şahlıq çırağından alışıb yanan,

Çıraqla gəzirdi onu hər zaman.

 

LEYLİNİN İBN-SƏLAMIN EViNƏ KÖÇMƏSİ

 

Günəş səhər-səhər yuxudan durdu,

Çadrını göy rəngli gülşəndə qurdu.

Gecə səyyarəsi alışıb yandı,

Nil rəngli Dəcləyə tərəf yollandı.

Sevincək yerindən sıçradı damad,

Kəcavə bəzədi ürəyi çox şad.

Elə ki, əyləşdi kəcavədə qız,

Onu çox hörmətlə aparıb yalnız,

Taxtını, tacını tapşırdı ona,

Dedi, hakim olsun bu gözəl sona.

Keçdi iki-üç gün, həya üzündən

O mumu səbr ilə yumşaltdı, bilsən.

Xurma ağacına bir gün əl atdı,

Xurmalı budağa o əl uzatdı.

Lakin, o, Leylidən bir zərbə aldı,

Ağrıdan sustalıb yerində qaldı.

Qızın silləsindən o birdən-birə,

Cansız ölü kimi sərildi yerə.

Qız dedi: \"Bir daha belə iş görsən,

Təqsiri məndə yox, özündə gör sən.

Mənim surətimi qurub bəzəyən

Böyük sənətkara and içirəm mən,

Qanımı töksə də sənin inadın,

Hasil olmayacaq məndən muradın\".

Bu and təsir etdi Ibn-Səlama,

O da razılaşdı quru salama.

Bildi ki, sevməyir onu bu nigar,

Qəlbinin bambaşqa bir çırağı var.

Lakin o məğrurluq üzündən yenə,

Yox deyə bilmirdi öz ürəyinə.

On dörd günlük o ay, o nazik bədən

Bunu da salmışdı eşqiylə əldən.

Dedi: \"Mən ki, düşdüm onun eşqinə,

Uzaqdan da görsəm, bu bəsdir mənə.

Quru bir baxışla şadlansam da mən,

Bu xoşdur, ömürlük yad düşməyimdən.

Dedi ki: - Qarşında çoxdur günahım,

Keç bu təqsirimdən, ey qibləgahım.

Quru tamaşana razıyam, inan,

Namərdəm çəkilsəm bu iqrarımdan\".

O da ömr elədi, dözdü bu dərdə,

Başqa təmənnası olmadı bir də.

Həsrət içindəydi o bağ bəzəyi,

Yollarda qalmışdı gözü, ürəyi.

Bəlkə, xoş xəbərlə əsən bir külək

Məcnundan ona bir toz gətirəcək.

Ağlaya-ağlaya döyüb köksünə,

Çadırdan çıxardı yollar üstünə.

Bülbüldən yaralı bir səsi vardı,

O, sərxoşlar kimi addım atardı.

\"Aşiqim hardadır\" söylədikcə qız,

Öz incik ruhuyla yaşardı yalnız.

Nə səbri qalmışdı, nə də qərarı,

Dərddən axıtdıqca o göz yaşları,

Onun gizli sirri düşdü dillərə,

Eşqi günəş kimi güldü ellərə,

Üzülməz qəmlərin sarsıntısından

Ər, ata qorxusu qalxmış ortadan.

Sövda ki, soxulur insan ruhuna,

Ər, ata qorxusu neyləyər ona?

 

LEYLİNİN ƏRƏ GETMƏSİNDƏN

MƏCNUNUN XƏBƏR TUTMASI

 

Bağdad ellərinin söz yaradanı

Belə nəql eyləyir bizim dastanı:

Boyun zəncirini qırmış o dəli,

Yenicə ay görmüş başı zədəli[92],

Bağrı kabab olmuş, sərxoş xəyallı,

O xaraba kəndli, viran mahallı

Gəzirdi çölləri gözlərində qəm,

Dərd idi, ah idi qəlbinə həmdəm.

Yarından bir qoqu gətirsəydi yel,

Gülərdi yaz kimi ürəyi tel-tel.

Cananın can verən xoş qoqusundan

Ənbərə çalardı rəngi hər zaman.

Ruhu əyləndirən o xoş ənbərdən

Zövq alıb təsəlli tapardı hərdən.

Müğilan[93] dibində o bəxti qara

Zəlil tək düşmüşdü yaş torpaqlara.

Xəyalı çaşaraq düşmüşdü əldən,

O seçə bilmirdi tikanı güldən.

Bu vaxt dəvə üstə bir nəfər insan

Keçdi gürzə kimi onun yanından.

O bədbəxt əsiri görüncə yolçu,

Dəvəni saxladı, dedi: \"Nədir bu?\"

Bağırdı bu zaman o bir nər kimi,

Səsləndi ətrafa qafillər kimi:

\"Sən, ey bu varlıqdan xəbərsiz olan,

Bütpərəstlər kimi yaşayan insan,

Yazıqsan, o bütdən daha üz döndər,

Bütlərdə tapmazsan vəfadan əsər.

Bu yolda bir işıq yanmayacaqdır,

Yox bil o yarı ki, gözdən uzaqdır.

Bu işdən işsizlik özü əfzəldir,

O yardan yarsızlıq daha gözəldir.

Ona öz könlünü tapşıranda sən

Bilməzdin olacaq o sənə düşmən.

Düşmən sevgilindir, çıxdı vəfasız,

Dostluq peymanını sındırdı o qız.

Səni xırman kimi o verdi yelə,

Səni yad, etməyir bir zərrə belə.

Onu bir cavana ərə verdilər,

Indi gəlin oldu sən sevən dilbər.

Bir də öz ərini o rədd etmədi,

Ondan baş götürüb uzaq getmədi.

O indi keyf çəkir nəşə bağında,

Hər gecə dəmlənir ər qucağında.

Öpüşmək olmuşdur peşəsi artıq,

Sən onun dərdini çəkirsən, yazıq.

O, gözdən uzaqdır, könüldən iraq,

Sənəyi daşa çırp, o qızı burax.

O səni salmayır illərcə yada,

Gəl onu bir dəfə unut dünyada.

Qadın bir deyildir, minlər ilə var,

Lakin öz əhdini tez pozur onlar.

Əhdi-vəfa sözü yazıldığı dəm

Qadınlar adına çəkildi qələm.

Qadın, doğrudan da, səni çox sevər

Səndən yaxşısını tapana qədər.

Başqa birisinə olunca həmdəm,

Səni görmək belə istəməz bir dəm.

Qadında kişidən çoxdur ehtiras,

Ölsə də dünyada muradsız qalmaz.

Qadın düz oynamaz heç bir oyunu,

Çətindir hiylədən ayırmaq onu.

Qadınlar dərdini çox çəkdi insan,

Vəfa görünmədi heç bir qadından.

Bir kişi qadına bağlansa, inan,

Vəfasız bir qadın yaxşıdır ondan.

Qadın əyləncədir, saxtadır, qardaş,

Zahiri sülh olur, batini savaş.

Aləmə bəladır düşmən olsa o,

Ölümdür qan üçün onun dostluğu.

Bir işi gör, desən, əlini vurmaz,

Onu görmə, desən, kənarda durmaz.

Sən dərdlənən zaman sevinib gülər,

Sən şadlanan zaman o dərddən ölər.

Qadınların işi belədir, aşkar,

Pis arvadın uzun macərası var\".

Bəd heybət ərəbin lağ-lağ sözündən

Məcnunun sinəsi od tutdu həmən.

Yenə ahlar çəkdi o birdən-birə,

Düşdü üzü qoylu quş kimi yerə.

O qədər döydü ki, başını daşa,

Qızardı gül kimi daş başdan-başa.

Libas parçalanmış, can parçalanmış,

Yıxıldı daşlığa o bağrı yanmış.

O əfsun oxuyan şaşırdı birdən,

Peşiman olmuşdu dediklərindən.

Dağdan çox uzağa getməmiş, yolçu

Gördü ki, təzədən huşa gəldi bu.

Dönüb min üzr ilə gəldi iləri,

Dedi: \"Nahaq dedim mən bu sözləri.

Bir sözdü, uydurub dedim yalandan,

Gəl məni əfv elə, yanılar insan.

Bir zarafatımla incitdim səni,

Canımı verərəm, əfv etsən məni.

Pərdə dalındadır o canan indi,

Qırıqdır sən kimi onun da qəlbi.

Onunla öz tayı, öz əri belə,

Bir gecə baş-başa yatmamış hələ.

O qıza başqası kəsmişsə nigah,

Səndən üzməmişdir öz əlini, ah.

Yoxdur səndən özgə muradı, kamı,

Bir sənsən dünyada onun adamı,

Dəqiqə başına o gözəl canan

Səni xatırlayır, yad edir, inan.

Bir ildən artıqdır gəlin gedəli,

Möhrünü saxlayır vəfalı əli.

Min il keçsə belə, yenə də sənsiz

O qızdan bar yemək çətindir, şəksiz\".

Yalançı yalanı dedikcə gerçək,

O iki üzlünü Məcnun görərək,

Azaldı qüssəsi, dərdi bir qədər,

Dözdü ağrılara canı bir təhər.

Başına vurduğu zərbədən yazıq

Qanadsız quş kimi olmuşdu artıq.

Ləl axırdı onun yaşlı gözündən,

Vəfa axtarırdı hər beyti, bilsən

İşinin nə sehri, nə sonu vardı,

Nə yarı bu dərddən xəbər tutardı.

 

LEYLİNİN XƏYALINA MƏCNUN ŞİKAYƏT ETMƏSİ

 

Belə bəzənmişdi o, nazik bədən,

Bu bəzəklə çıxdı o, kəcavədən:

Hörmətcil kişinin evindəki yar,

Min nəqqaş gözünü kor qoyan nigar

Ərinə bağlanıb qalsa da üzdən,

Dost deyib ağlardı könüldən, gözdən.

Məcnun bu işlərdən tutunca xəbər,

Dağıtdı qəlbini yeni qüssələr.

Pak düşüncələri artdıqca onun,

Birə min olmuşdu dərdi Məcnunun.

Qanadsız quş kimi sürünürdü, bax,

Quruca nəfəsi qalmışdı ancaq.

Axtarırdı yazıq, həyat suyunu,

Daima dörd gözlə gəzirdi onu.

O, canan yurduna üz tutub gəldi,

Həsrətdən tük kimi canı incəldi.

Küləklə söylədi dərdini ona:

\"Sən, ey öz əriylə keyf çəkən sona,

Hanı o əhd edib oturduğumuz,

Bir deyib, bir gülüb, bir durduğumuz?

Hanı vəd etdiyin o şirin visal?

Sinəmə baş qoyan səndin, ya xəyal?

Hanı bu dostluqda vəfa görməyin?

Nə oldu vəfaya umud verməyin?

Bütün peymanları tərk edərək sən

Günahsız üzünü gizlədin məndən.

Tutaq, könül yoxdur vəfaya səndə,

Bəs noldu dostluğa verdiyin vədə?

Mən sənin yolunda keçərkən candan,

Sən quru vədələr verirsən, canan.

Eşqiyin yolunda can qoymuşam mən,

Özgənin eşqinə söz vermisən sən.

Bu qədər əhdini basarmı insan?

Qaçarmı dostunu xatırlamaqdan?

Görünür çox şadsan sən təzə yardan,

Köhnəni yadına salmırsan bir an.

Özgənin boynuna sarılsan belə,

Bari axtar bizi quru dil ilə.

Sənin bağın üçün gəncliyim getdi,

Hayıf ki, bağbanlıq əməyim itdi.

Bağda əmək qoydu göyərçin, ey yar,

Meyvə yetişəndə yedi qarğalar.

Ah, o lətif xurman, o şirin xurman

Məndən özgəsinə tikandır, tikan.

Ahım dağlar yıxan bir sərt küləkdir,

Barını yadlara verməyəcəkdir.

Əvvəlcə yar dedin sən mənə, ey qız,

Sonra zəlil kimi buraxdın yalnız.

Mən sənə yar deyib, könül verirkən,

Bilməzdim vəfasız olduğunu mən.

And içib, əhd edib məni aldatdın,

Dedin, sevgilinəm, unudub atdın,

Anda bax, nə qədər düz imiş andın!

Əhdə bax, sən özün o əhdi dandın.

Qeyrə könül verib həmdəm oldun sən,

Neçin utanmadın mənim gözümdən.

Yaşayan bir sənlə mən deyilik tək,

Zülmü ədalətə bərabər edək.

Başqa ariflər də yaşayır, bilsən,

Onlar gözəl seçir yaxşını pisdən.

Bilirlər nə qədər dərdim, qəmim var,

Mən sənə neylədim, sən mənə, ey yar?

Tutaq ki, bağlanmış gözlərim bir an,

Səni ki, başqası görür kənardan.

Əhd üçün bir vəfa gəzsələr əgər,

Sənə bir vəfasız ad verəcəklər.

Əhdini sındıran yaxşı adlanmaz,

Sən əhdi qırmaqdan gəl saqın bir az.

Gülzarın əhdini gül qırdı, canan,

Tikanla doldurdu bağrını zaman.

Şərab xalq üzündə həya qoymadı,

Onunçun həyasız söyləndi adı.

Gecə qırmasaydı ayın camını,

Qaranlıq almazdı onun damını.

Sənə nə ürəklə umud bağlayım,

Nə üzlə arxanca gülüb ağlayım?

Mən ömrü əhdimlə vermişəm başa,

Sənsə vurub çarpdın əhdini daşa.

Sən açmasan belə, könlümü birdən,

Mən səni unudan, atan deyiləm.

Əzabın başımdan aşsa da, gülüm,

Incisəm, gözümü qapasın ölüm.

Qəlbimə o qədər qəm verdin ki, sən,

Şüur da, həya da çıxır bədəndən.

Sənə dost deməyə məndə nə üz var,

Nə dilim vəfasız sözünə qıyar.

Acizəm o sənin xam sifətindən,

Bir də nə ad verim o surətə mən.

Verdiyin hər zülmə dözsə də bədən.

Canımın, ruhumun qidası sənsən.

Bu zülmün ömrümü alsa da dərhal,

Üzr istər səndəki o gözəl camal.

O camal qırsa da eli, obanı,

Halaldır o hüsnə hamının qanı.

Sən günəş üzlüsən, mənsə bir çıraq,

Qarşında sönməyim şərəf olacaq.

Ay şəkər olsa da, sən elə mahsan,

Vəzirin ikidir, bir özün şahsan.

Ipəkdə bir gülsən, xəzdə laləsən,

Üzüm şirəsindən çox ləzzətlisən.

Hüsnünə odun da rəqabəti var,

Baxdıqca onun da ağzı sulanar.

Gül, çiçək məsgəni olsa da hər bağ,

Camalın olmuşdur gülşənə çıraq.

Şahlığın geyimi atlassa əgər,

Yanağın yanında samana bənzər.

Qaşların incədir, oxşar xəyala,

Bayram axşamında bənzər hilala.

O qızıl gülüyün yanında, ey yar,

Ud, səndəl ağacı söyüdə oxşar.

Üzüyün müşk rəngli gözəl sultanı

Tutmuş Çin eliylə Həbəşistanı.

Nə olar, özün də o cəmala bax,

Nə qədər çətindir ondan ayrılmaq.

Canımı başına qurban demişəm,

Başqa bir tədbirim yoxdur, ey sənəm.

Cəfanı, zülmünü bunca çəkərək,

Vəfa umuduyla yaşayır ürək.

Səbr etməliyəm ki, bir görüm sonra

Ömür cilovunu çəkəcək hara...\"

 

ATASININ MƏCNUNUN GÖRÜŞÜNƏ GETMƏSİ

 

Fars nəslindən olan şirin dil dehqan

Belə xəbər verir ərəb halından:

Oğlunu itirmiş o yəqub qoca

Gözəl Yusifindən ayrı qalınca,

Məcnunun halını gördü pərişan,

Kəsdi umudunu ondan bir zaman.

Ah çəkib gözüylə odlar görürdü,

Yenə də umudla ömür sürürdü.

Onun gəzmədiyi çarə qalmadı,

Zənci yuyunmaqla çinli olmadı[94].

Nə qədər dağıtdı yenə simü zər,

Bəxti yetirmədi ona bir nəzər.

Kəsdi umudunu dərdli oğlundan,

Bir də gözləmədi sağalmaq ondan.

Bir küncə qısılıb qaldı o baxtsız,

Bircə dörd künclünü gözlədi yalnız[95].

Qocalıq, zəiflik, bir də bədbaxtlıq,

Ona köç yolunu göstərdi artıq.

Dünyanın dərdindən o gəldi təngə,

Sıxılmış boğazı bənzədi çəngə.

Qorxdu ki, öldürsün bu əcəl onu,

Gəlib yadlar alsın onun yurdunu.

Xəstə tək əlinə bir əsa aldı,

Iki nəfər cavan yanına saldı.

Allah işıqladar, deyib, yolunu,

Yenə də gəzməyə çıxdı oğlunu.

Dağ ilə səhranı gəzib bir zaman,

Çölləri, qumları saldı ayaqdan.

Umudla əl açıb xeyli gəzdilər,

Heç yerdə tapmadı oğlundan əsər.

Nəhayət bir nəfər xəbər verdi ki,

Əzab evindədir sizin o itgi.

O bir yerdədir ki, xərabəzardır,

Baxdıqca qorxuncdur, sanki məzardır.

Qara bulud kimi o çirkin diyar

Neft kimi alışıb, tutuşub yanar.

Yenə yola düşdü zavallı qoca,

Bütün günü gəzdi yollar boyunca.

O bəxtsiz oğlunu görəndə birdən,

Oynadı qocanın qəlbi yerindən.

Məcnunda yox idi həyatdan əsər,

Varlığı dəriydi, bir də sümüklər.

Varlıq dünyasından düşmüşdü qaçaq,

Sövda yolundan da gəzirdi uzaq.

Xəyaldan asılmış çöpə bənzərdi,

Ölümdən qurtarmış bir tük qədərdi.

Yer üstdə it kimi çabalasa da,

Yer altdakindən də heçdi dünyada.

Qaynaqdan düşmüşdü həyat qazanı,

Ayaqdan düşmüşdü, huşsuzdu canı.

Yarılmış başından düşmüşdü papaq,

Yerdə ilan kimi hey qıvrılaraq,

Əl boyda dərini o tərki-vətən

Fitə tək tutmuşdu öz göbəyindən.

Ata sığalladı onun başını,

Saxlaya bilmədi öz göz yaşını.

Axıtdı sel kimi ciyər qanını,

Uçurdu könlünün xanımanını...

Açıldı Məcnunun bu dəm gözləri,

Qəlbə munis gördü o bir nəfəri.

Baxdı atasına o bəxti qara,

Lakin tanımayıb qaçdı kənara.

Bir adam özünü unutsa əgər,

Başqa bir insanı tanıyar məgər?

Dedi: \"Sən nəçisən, de görüm kimsən?

Gəldiyin yollara qurban olum mən\".

\"Mən sənin atanam, ey ciyər param,

Nə vaxtdır, bir səni mən axtarıram\".

Məcnun atasını tanıdı bu an.

Düşüb ayağına ağladı al qan.

Ata qucaqladı yazıq oğlunu,

O bunu öpürdü, bu isə onu.

Ah, tuta bilməyib bir yerdə qərar,

Min novhə çəkərək çox ağlaşdılar.

Atanın göz yaşı çay kimi axdı,

Sonra boy uzunu oğluna baxdı.

Gördü, ölü kimi o çıl-çılpaqdır.

Başı papaqsızdır, yalın ayaqdır.

Bir xələt götürüb öz heybəsindən,

Geydirdi oğluna, örtüldü bədən.

Başmaq da, papaq da verdi, müxtəsər,

Bəzədi təpədən dırnağa qədər.

Sonra da atalıq nəsihətiylə,

Ona öyüd verdi öz adətiylə.

Dedi ki: \"Ey ruhum, bu yuxudan qalx,

Cüt atlı zəmanə tələsir, bir bax.

Bu yolun hər otu qılıncdır, oğlum,

Gəl, çəkin bu yoldan, qurbanın olum.

Yediyin zərbələr çox asan deyil,

Tutaq ki, sən dözdün bir ay, ya bir il.

Yenə ox atacaq rəhmsiz fələk,

O, sənin qanını açıq tökəcək.

Tutaq bir neçə gün yenə dözdün sən,

Lakin bu yerlərdə can verib ölsən,

Canavardan tutmuş pələngə qədər

Sənin bədəninlə doyar vəhşilər.

Qürbətdə ölmə gəl, nə varmış bunda?

It olmaq yaxşıdır ana yurdunda.

Baş götürüb qaçdın vəhşi çöllərə,

Qocaldın, çatmadı əlin bir yerə.

Əzablar çəkməyin mənası varmı?

Daima zillətə dözmək olarmı?

O sular yatağı çaylağa bir bax,

Seldən xarab olmuş gördüyün çaylaq.

O sellər axıdan dağa qıl nəzər,

Onu da zəlzələ dağıdıb tökər.

Bu zillət, bu əzab pəncəsində sən

Dəmirdən də olsan çürüyəcəksən.

Getdi ömrüm-günüm sənin dərdinlə,

Ram olub bir zaman atanı dinlə.

Baş getdi, cilovun bərkdir, ey insan,

Alışdı ürəyim, sən yenə xamsan.

Çöldə ləhləməkdən bir dəfə əl çək,

Vəhşilər yanında kim at sürəcək?

Divlər yatağına gəl olma məhrəm,

Qaçma zəmanədən, ey talei kəm.

Başından bir dağıt bu qayğıları,

Özünü xəyalla gəl aldat, barı.

Bir arzuyla yaşa, o, puç olsa da,

Arzuyla şadlanar aqil dünyada.

Yalan da, doğru da olsa hər dilək,

Bari, bir nəfəsə bəzəkdir, bəzək.

Əvvəl sən rahatca nəfəs al ki, bir,

Sonrakı nəfəsin gör necə gəlir.

Səadət qapını açmasa bu gün,

Kəsmə umudunu ondan büsbütün.

Çoxları buğdanı saxlanc etdilər,

Qazanc görmədilər bir arpa qədər.

Ömrün ixtiyarı öz əlindəykən,

Işini gör, qurtar hamıdan erkən.

Sabah cilovunu tutanda əcəl

Bir də üzr istəmə bu dünyadan gəl.

Dediyin şərbəti verməzlər sana,

Bil ki, yaratdığın düşər payına.

Qadın nə toxusa əyninə keçər,

Kişi əkdiyini toplayıb biçər.

Bu gün bir üzərlik yandır ki, sən də

Duyasan iyini bəlkə öləndə.

Ölüm dəhşətini qabaqca sına,

Axırda dözəsən hər ağrısına.

Ölümü kim duysa ölümdən qabaq,

Ölüm pəncəsindən xilas olacaq.

Baş vaxtından əvvəl ucalsa əgər,

Özü təpəsinə sillə endirər.

Səfər xəyalilə gülən bir dodaq

Öz bişirdiyindən pay aparacaq.

Adamsız qalmışdır meydanın, bir dur,

Yetər divanəlik gəl sakit otur.

Hər kəsin bir könül həmdəmi olar,

Hər çəkilən dərdin bir sonu da var.

Söz yox ki, ucadır insanlıq səndə,

Lakin it də yaşar, ölər vətəndə.

Əgər insansansa, insanlığı sev.

Bir div olsan belə, anla ki, hər dev

Bir insan şəklində görünmək istər,

Divdənsə dərs alıb adamlıq göstər.

Ah, oğul, insansan, şərəflisən sən,

Özünü divlərə taymı edirsən?

Azdır yoldaşlığım bu yolda sənə.

Canım yedəyindən gen qaçma yenə.

Gəl mənə yoldaş ol, həmcinsin mənəm,

Bari, təsəlli ver qəlbimə bir dəm.

Bu gecə sən məndən üz döndərsən, ah!

Bil ki, gec olacaq axtarsan sabah.

Sözlərim gəlirsə qəlbinə ağır,

Bu da, bil, fələyin qəzasındandır.

Qaçma, yaxına gəl, iş gör əlinlə,

Zamanın hökmünü bir yaxşı dinlə.

Mən ömrü bitirdim, sən şad ol yazıq,

Şərabı sən iç ki, mən məstəm artıq.

Ölürəm, ömrümü çatdırdım başa,

Qəm öldürdü məni, sənsə şad yaşa.

Inan ki, göylərə sovruldu külüm,

Günəşim saralır, yaxındır ölüm.

Günəş axşam oldu, hardasan səhər

Oğlum, mən ölürəm, bir kömək göstər.

Oğul, gəl, atayın pis gününə çat,

Gəl, canı çıxmamış ona əl uzat.

Mən əldən, ayaqdan düşməzdən əvvəl

Sönmüş ocağımı qızdırmağa gəl.

Yerimdən qoparsa məni ruzigar,

Gəl mənim yerimdə özün tut qərar.

Qoy ölüm əmrilə canımı alsın,

Bari, bir oğulsa yurdumda qalsın.

Ölüm səfərinə çıxsa bədənim,

Bilim ki, yerimdə adam var mənim.

Ölüm yasdığımda baxmasan mənə,

Nə dosta xoş gələr, nə də düşmənə.

Kənardan-kənara çıxar bir nəfər,

Mənim yığdığımı qapıb qəsb edər.

Rəvamı dünyada mən talei kəm,

Oğlum ola-ola kimsəsiz öləm?

Artıq çalınmışdır köç təblim, inan,

Indi köç yoluna hazırlaşır can.

Qorxuram, köçməyə tələsiyəm mən,

Köçümü tərpədəm sən gəlməmişkən.

Məzarım üstünə sən baş qoyasan,

O vaxt ağlayasan, bərk ağlayasan.

Tüstüyə dönsə də o gün nəfəsin,

Mənə nə faydası o ağlar səsin?

Qəmindən dünyalar yansa da, düzü,

Bir də gülməyəcək bəxtimin üzü\".

 



Просмотров 489

Эта страница нарушает авторские права




allrefrs.su - 2024 год. Все права принадлежат их авторам!