Главная Обратная связь

Дисциплины:

Архитектура (936)
Биология (6393)
География (744)
История (25)
Компьютеры (1497)
Кулинария (2184)
Культура (3938)
Литература (5778)
Математика (5918)
Медицина (9278)
Механика (2776)
Образование (13883)
Политика (26404)
Правоведение (321)
Психология (56518)
Религия (1833)
Социология (23400)
Спорт (2350)
Строительство (17942)
Технология (5741)
Транспорт (14634)
Физика (1043)
Философия (440)
Финансы (17336)
Химия (4931)
Экология (6055)
Экономика (9200)
Электроника (7621)


 

 

 

 



MƏCNUNUN DAYISI SƏLİM AMİRİNİN



MƏCNUNU GÖRMƏYƏ GƏLMƏSİ

 

Bəli, söz sərrafı o vaxtdan bəri

Düzmüş söz sapına bu inciləri:

Məcnunun aqil bir dayısı vardı,

Aşiqin halını yaxşı duyardı.

Hünər sahibiydi o halalzada,

Dadmışdı yaxşını, pisi dünyada.

Ona deyirdilər Səlim Amiri,

Samiri kimiydi ağlı, tədbiri.

Yaralı Məcnunun oydu məlhəmi,

Başından getməzdi aşiqin qəmi.

Hər ay əl tutardı yazıq Məcnuna,

Yemək də, paltar da verərdi ona.

Bir gün o qəribin dalınca yenə

Düşdü səhraların dərinliyinə.

Qovdu çöldən-çölə öz dəvəsini,

Dağ-daşı dolandı dəli div kimi.

Gördü ki, tayfadan, zəncirdən kənar,

Bir dağın dibində o tutmuş qərar.

İki-üç vəhşi də bürümüş onu,

Gəlib gedənlərin kəsmiş yolunu.

Qorxdu vəhşilərdən yorğun müsafir,

Uzaqdan-uzağa salam verdi bir.

Məcnun o salamı eşidən zaman:

\"De, kimsən, nəçisən?\" soruşdu ondan.

O sa cavab verdi: \"Amiriyəm mən,

Yumruqlar yemişəm pis zəmanədən.

Sənin öz dayınam, dərk elə, bala,

Üzün möhtac deyil qara bir xala.

Sən də həbəşilər kimisən bu gün,

Üzün xal olmuşdur sənin büsbütün\".

Məcnun tanıyaraq, dedi: \"Yaxın gəl\".

Onunla diz-dizə oturub, əvvəl

Olandan, keçəndən xəbərlər tutdu,

Söhbət şirin keçdi, dərdi unutdu.

Səlim qəbristanda kəfənsiz qalan

O çılpaq aşiqi gördüyü zaman

Bir əyin paltarı aldı yükündən,

Məcnuna verərək söylədi: \"Bil sən,

Bu paltar halaldır, gey indən belə,

Halalzadə kimi davran mənimlə\".

\"Yox, mənim canımdan paltar uzaqdır,

Geyinsəm bədənim od tutacaqdır.

Zənn et ki, libasa mən meyil saldım,

Sonrasa cıraraq, yenə lüt qaldım\".

Səlim çox əlləşdi orda, müxtəsər,

Paltarı geydirdi ona bir təhər.

Sonra heybəsini açıb tökərək,

Gətirdi Məcnuna ət ilə çörək.

Nə qədər dil töküb yalvardısa da,

Məcnun bir tikə də yemədi əsla.

Yeməzdi, içməzdi Məcnun bir kərə,

Nə tapsa verərdi o vəhşilərə.

Səlim soruşdu ki: \"Ey bağrı qan, sən

Danış, gecə-gündüz bəs nə yeyirsən?

Adam ki, yeməklə, içməklə yaşar,

Danış, adamsansa, nə xörəyin var?\"

Dedi ki: \"Ey adı qəlbim tək Səlim,

Hər sözü, söhbəti, salamı həlim,

Könlümü doyuran yeməklər deyil,

Səhər çağlarının nəsimidir bil.

Budur, ac qalmaqdan canım sönmüşdür,

Yemək qüdrətim də heçə dönmüşdür.

Yarın qoqusunu gətirən külək

Mənə həm su olur, həm də ki, çörək.

Hər gecə daşların üzərindəyəm,

Ağ gün görməmişəm bu yerdə bir dəm.

Aclıqdan saralıb lap keçinirkən,

Ağacdan kitirgə qoparıram mən,

Gah da göz tikirəm ota, ələfə,

O da həftədə yox, ayda bir dəfə.

Yeməkdən əlimi üzmüşəm müdam,

Yemək qayğısından tamam azadam.

Boğazdan getməyir yediyim mənim,

Udanda, inciyir bütün bədənim.

Bu arıq canımla keçinirəm ac,

Canımda yeməyə yoxdur ehtiyac...

Lakin, buraxmaram ruzini əldən,

Yeyənlər tapılar, yeməsəm də mən.

Bir nemət yeyəndə aslanla maral,

Onlar çeynədikcə doyuram dərhal\".

Səlim anladı ki, o mərd, o qoçaq

Çörəksiz, ot ilə dolanır ancaq.

Gülmədi aşiqin o xörəyinə,

Dəyib toxunmadı onun qəlbinə.

Dedi ki: - Dünyada yemək üzündən

Çox quşlar tələyə düşmüşdür, bilsən.

Nə qədər dən dərdi çəksə bir insan,

Onunçün o qədər dərd verər zaman.

Kim qənaət etsə ota, sənin tək,

O öz aləminin şahıdır, gerçək.

 

HEKAYƏ

 

Bir gün adlı-sanlı şahlardan biri

Gəzib dolaşırdı uzaq bir yeri.

Bir zahid evinə yetmişdi o şah,

Zahid o dünyaya tutmuşdu pənah...

Şah heyrət etdi ki, nə üçün, nədən

Xərabə olmuşdur zahidə məskən?

Şah sual etdi ki: \"Deyin mənə bir,

Bu kişi yol üstdə durub neyləyir?

Nə yeyir, nə içir, sənəti nədir?

Kimdir, haralıdır, şöhrəti nədir?

Dedilər: \"Bir məşhur zahiddir, ancaq,

Ömr edir yuxudan, eməkdən uzaq

Qatlaşır zillətə, zəhmətə bir-bir

Bütün insanlardan uzaq çəkilir\"

Şah, onun halından olcaq xəbərdar,

Zahidin yanına at çapırtdılar

Qapıçı getdi ki, xəbər yetirsin,

Şahın hüzuruna onu gətirsin.

Dedi: \"Ey dünyadan əlini üzən

Niçin xoşlanırsan bu xərabədən?

Burda nə yoldaşın, nə yeməyin var

Niçin mağarada tutmusan qərar?\"

Ceyran ovlağından dərilib gələn

Bir çəngə quru ot götürüb həmən,

Zahid cavab verdi: \"Budur xörəyim,

Bundan qüvvət alır mənim ürəyim\".

Qapıçı şah kimi süzdü gözünü:

\"Bəlaya salmısan - dedi, - özünü.

Yazıq, bizim şaha xidmət eyləsən,

Bir də ot yeməzsən bu çöllərdə sən\".

Zahid cavab verdi: \"Sözün əbəsdir,

Bu ot bir gülqənddir, mənə bu bəsdir.

Bu otun sirrini bilsən, ey insan,

Şahın qulluğundan azad olarsan\".

Onu dinlədikcə şah, birdən-birə

Qızışıb atından sıçradı yerə.

Döşəndi zahidin önünə xaqan,

Öpdü o müqəddəs ayaqlarından.

\"Azadlıq əzizdir, - dedi, - daima,

Budur sözlərində gizlənən məna\".

Məcnun bu nağıldan sevinib durdu,

Açıq bir ürəklə şadkam oturdu.

Azacıq dostlara könül verərək,

Hamının halını soruşdu tək-tək.

Aşiqi ağlamaq tutdu o zaman,

Sorub əhval tutdu öz anasından:

\"Necədir qanadı qırılmış o quş?

O da mı ayrılıq dustağı olmuş?

Yanında qaradır üzüm əzəldən,

Qara bir quluyam öz anamın mən.

Söylə, o, sağdırmı, necədir bu dəm?

Üzünü görməyi arzu edirəm\".

Səlim hiss etdi ki, o qəlbi qırıq,

Ana həsrətilə can verir artıq.

Onun gövhərini boyadı qana,

Evdən anasını gətirdi ona.

Ana öz oğluna boylandı bir az,

Elə bil qəlbini doğradı almaz.

Gördü ki, qızıl gül solub saralmış,

Aynanın üzünü sarı pas almış.

Bir vaxt əlif kimi duran qaməti

Nun kimi bükmüşdür eşqin möhnəti.

Onu görən kimi titrədi həmən,

Dondu əl-ayağı onun qəmindən.

Gah göz yaşlarıyla yudu üzünü,

Gah yolub saçını, döydü özünü.

Sonra sığalladı onun canını,

Öpüb qucaqladı can dərmanını.

Canına əl çəkib, yazıq ağladı,

Oğul yarasını ana bağladı.

Tozlanmış başını yuyub islatdı,

Yorğun ayağından tikan çıxartdı.

Məhəbbət üzündən zavallı ana

Əlindən gələni göstərdi ona.

Dedi ki: \"Can bala, bu nədir, de bir?

Oyunsa, oyunun yeri deyildir.

Əcəl qılıncını çəkdiyi anda

Yenə də sərxoşsan sən biyabanda.

Atan şikayətli getdi əlindən,

Məni də ölmüş bil yaxınlarda sən...

Qalx, evinə qayıt, bir anla bunu,

Sahibsiz buraxma gəl öz yurdunu.

Hətta bu gördüyün quşlar, vəhşilər

Çıxır yuvasından axşama qədər.

Elə ki, axşamın üzü görünür,

Hər quş yuvasına üz tutub dönür.

Xalqdan nə vaxtadək gizlənəcəksən?

Çöllərdə yuxusuz ömr edəcəksən?

Uzat ayağını öz evində gəl,

Bir-iki gün sonra gələcək əcəl.

Yetər, çöldə qalıb, dünyanı atmaq,

Qarışqa, ilanla baş-başa yatmaq.

Fərz et ki, canını ilanlar çalmış,

Qarışqa başında yurd-yuva salmış.

Can çınğıl deyildir, bir ayağa dur,

Canına qəsd etmə, gəl sakit otur.

Qəm yeyib, qəlbini çox incitmə bir,

Ürəyin daş deyil, canın da dəmir\".

Məcnun anasının nalələrindən

Yandı alov kimi qızışdı birdən.

\"Başımın tacıdır ayağın sənin,

Incimi bəsləmiş sənin sədəfin.

Sənin toxumunun məğziyəm, ana,

Ayaq torpağın da cənnətdir mana.

Min möhnət çəkmişəm bu sövdada mən,

Bu dəfə keçmişdir işim çarədən.

Ağlıma nə yol var, nə də çarə var,

Bil ki, mən deyiləm burda günahkar.

İşim bəd gətirdi, yesəm də min qəm,

İnan ki, baisi özüm deyiləm.

Bu bəlalı sövda, bəlalı hicran

Özümdən asılı deyildir, inan.

Ana, olacağın çarəsi varmı?

Peşiman olmaqdan fayda olarmı?

Ah, ana, can atıb deyirəm ki, mən.

Mənim bu can quşum çıxsın qəfəsdən.

Gəl bir də danışma bu məsələni,

Ikinci qəfəsə salarsan məni.

Evə getməyimdən gəl danışma, ah,

Evdə ölməyim də olar bir günah.

De, kimə lazımdır evdə ölməyim?

Xoşdur bu səhrada ömür sürməyim.

Vəhşilər yanında nəğmələr demək,

Evdə qəm yeməkdən xoş olsun gərək.

Fərz et ki, mən kimi zəif bir bədən

Evə qayıtmış da, getmiş yenidən...

Deyirsən xanəni tərk etmək olmaz,

Yox, mənim bu nərdim xanəyə sığmaz.

Evə özün qayıt, sözlərimə bax,

Məni öz dərdimlə gəl rahat burax\".

Deyib, kölgə kimi sərildi nalan,

Öpdü anasının ayaqlarından.

Yerə saldığından ana sözünü,

Onun ayağına sürtdü üzünü.

Məcnun vidalaşıb qaldı çöllərdə,

Anası qayıtdı, dözmədi dərdə.

Ömrünü tapşırdı o, ruzigara,

O da üz döndərdi soyuq məzara.

Köçür bu dünyadan nə qədər canlar,

Budurmu dünyadan bizə etibar?

Yoxdur bu dünyanın vəfası inan,

Heç kəsə dost deyil başdan binadan.

Vəfasız ruzigar bilməm nədəndir,

Əkinçilər kimi toxum səpəndir?

Əvvəl səpər yerə can toxumunu,

Əkin yetişdimi, tez biçər onu.

Hər gecə yandırar yeni bir çırağ,

Çəkər sinəsinə tüstüdən bir dağ.

Sonra da yel üflər ona hər səhər,

Özü yaqdığını özü söndürər.

Qəlbə dağlar çəkən tilsimli fələk

Bizlə çıraq kimi oynayır, gerçək.

Fələk düyünləsə hər bir ayağı,

Hayana getsə də açılmaz bağı.

Dörd atdan piyada qalsan sən, əgər,

Bu düyün o zaman açıla bilər[104].

Ol canın sapı tək düyünsüz, amma,

Qızdırma sapı tək düyünlü olma.

\"Ud\" düyün vurmaqda məşhur olsa da,

Sən düyün açmaqda müşk ol dünyada.

 



Просмотров 468

Эта страница нарушает авторские права




allrefrs.su - 2024 год. Все права принадлежат их авторам!