Главная Обратная связь

Дисциплины:

Архитектура (936)
Биология (6393)
География (744)
История (25)
Компьютеры (1497)
Кулинария (2184)
Культура (3938)
Литература (5778)
Математика (5918)
Медицина (9278)
Механика (2776)
Образование (13883)
Политика (26404)
Правоведение (321)
Психология (56518)
Религия (1833)
Социология (23400)
Спорт (2350)
Строительство (17942)
Технология (5741)
Транспорт (14634)
Физика (1043)
Философия (440)
Финансы (17336)
Химия (4931)
Экология (6055)
Экономика (9200)
Электроника (7621)


 

 

 

 



ANASININ ÖLÜMÜNDƏN



MƏCNUNUN XƏBƏR TUTMASI

 

Çərxin şəhsüvarı atlandı birdən,

Meydanı zəbt etdi həriflərindən.

Günəş ki, dünyadan bir qorxu duydu,

Şərab şüşəsini tağ üstə qoydu.

Sübhün üsyanından göylər söküldü.

Şüşə parçalandı şərab töküldü.

Məcnun dil verərək qəsidəsinə,

Yalnızlıq təblini çalırdı yenə.

Gecəli-gündüzlü nə vaxtdan bəri,

Dilindən düşməzdi qəsidələri.

Xəbəri yoxdu ki, anası yazıq,

Dünyadan yığışıb köçmüşdür artıq.

Səlimin qəlbindən ahlar yüksəldi,

O, qəmgin aşiqin yanına gəldi.

Paltar, yemək verdi çox ehtiyatla,

Sonra da dil açdı ona fəryadla:

\"O bəlalər görmüş zavallı qarı

Ölüb tərk elədi bu ruzigarı.

O da öz köçünü sürdü dünyadan,

Öldü atan kimi səndən nigaran\".

Məcnun bu matəmi eşidib durdu,

Ah çəkib, of deyib, başına vurdu.

Səhər çəngi kimi inlədi səsi,

Qırıldı daşlarda könül şüşəsi.

Ata-anasını anaraq yenə,

Üz tutdu onların qoşa qəbrinə.

Fəryadlar qoparıb diz üstə çökdü,

Hər iki məzara göz yaşı tökdü.

Gah buna, gah ona üz sürtdü, ancaq,

Ölmüşə dərmandan kar olmayacaq.

Qohumlar tutunca səsindən xəbər,

Qaçıb qəbilədən bir-bir gəldilər.

Məcnunu torpağa düşmüş gördülər,

Canında az idi həyatdan əsər.

Onun ayağına yığılıb həmən,

Qanlı yaş tökdülər onlar gözündən.

Ayılsın, deyərək, Məcnun bir təhər,

Ona gülab suyu çilərdi gözlər.

O hissiz aşiqsə ayılan zaman

Dualar etdilər ona hər yandan.

Evə aparmağa çox çalışdılar,

Dedilər, vətəndə tutsun o qərar.

Lakin, bir ah çəkdi o bəxti qara,

Yenə öz köçünü sürdü dağlara.

Ürəyi - dərd evi, ciyərləri - qan,

Çöllərdə gəzirdi yenə pərişan.

Ardınca düşmüşdü vəhşi heyvanlar,

Həmdəm olmamışdı ona insanlar.

Şərrində bir xeyir görmədiyindən,

Öz canamazını atdı kilsədən...

Ömür yol gedirdi, sanki bir şimşək,

Məcnun əl üzürdü ondan bulut tək.

Madam ki bu həyat baqi deyildir,

Min il də, bir an da yaşasan birdir.

Həyatda ölümün nişanəsi var,

Onun işvəsinə insanmı uyar?

Ey ölüm sirrindən qafil dolanan,

Ey bu həqiqətdən xəbərsiz insan,

Ölüm səfərinə yığışmadan sən

Çoxmu öz ömrünə güvənəcəksən?

Məgər dərk etməyir zəif düşüncən

Ki, sən bu dünyada nəçisən, nəsən?

Bu yer kütləsində zərrələr ki, var,

Müəyyən ölçüyə sahibdir onlar.

Ancaq, Qaf gövdəli dağ önündə, bil,

Onların qiyməti əlif də deyil.

Bu geniş tarlada, ey məğrur insan,

Sən kiçik bir budaq, yarpaq boydasan.

Başıyın üstəki fələyə bax sən,

Gör nə görünürsən ona nisbətən.

Bu geniş aləmə açsan gözünü,

Heç kimi görərsən burda özünü.

Sənin düşüncəndə bir həqiqət var,

Müəyyən ölçüdə tutmusan qərar.

Lakin bu dünyanın qarşısında, bil,

Sənin en-uzunun zərrə də deyil.

Alçaqlıq həddini aşdığın yerdə

Dünyada \"mən varam\" deməzsən bir də.

Torpağın qoynuna gəl sığın ancaq,

Qoy örtsün eybini o qara torpaq.

Iki-üç pas atmış mıxın var, bir bax,

Onu da zəkatla yığmısan ancaq.

Bir neçə qızıla güvənib dəm-dəm,

Deyirsən: \"Dünyanın ağası mənəm\".

Nə qədər möhtacsan dünya əhlinə,

Işin ahüvayla keçəcək yenə.

Ucalar dünyada başın, ey insan,

Qurtarsan dünyanın ehtiyacından!

Hələ də dünyada xalq minnətindən

Yaxanı qurtara bilməmisən sən.

Gəl, yad süfrəsindən it kimi əl çək,

Özgə süfrəsinə baxma pişik tək.

Məşəl tək əliyin müzdüylə dolan,

Şam kimi, sən də öz xəzinənlə yan.

Sən də Nizami tək aləmə tanın,

Sən də ağası ol şahın, sultanın.

 

LEYLİNİN MƏCNUNA SİFARİŞİ

 

Leyli qəfəsdəki o gözəl deyil,

Tikilən qələlər xanımıdır, bil.

Məcnundan gəldikcə acı xəbərlər,

Yeyirdi qəlbini min qəm, min kədər.

O da aşiqi tək olmuşdu diltəng,

Məhbəsdə qalmışdı can çəkişərək.

Düyünlü bir sapın halqasında qız

Zəncirsiz dustağa düşmüşdü yalqız.

Onun dörd yanında gözətçi vardı,

Dürrün ətəyini almaz qırardı.

Taki o bir gecə qaçmasın yenə

Bütpərəst əhlinin büt məbədinə.

Əri canfişanlıq edib Leyliyə,

Xoş üz göstərərdi, şad olsun deyə.

Leylinin qəlbisə tutqun, pərişan,

Soyuq qarşılardı onu hər zaman.

Süfrədə yox idi milçəkdən bir iz,

Gecə qararmışdı, ev gözətçisiz.

Leyli aşiqini anıb ürəkdən,

Qapıdan eşiyə sıçradı birdən.

Düşmənlər yolundan bir ağac kənar

Bir yol üzərində oturdu ağlar.

Istərdi bu yoldan keçən bir nəfər

Ona aşiqindən versin bir xəbər.

Bu dəmdə dərdlərə çarə göstərən

Bir ağ saçlı qoca göründü birdən.

Qoca Xızır kimi iti gedərdi,

Yol axtaranlara yol göstərərdi,

Soruşdu qocadan o dustaq nigar:

\"Fələyin işindən nə xəbərin var?

O vəhşət çölündə vəhşiyə həmdəm

Kimin xəyaliylə yaşayır bu dəm?\"

Qoca söylədi ki: \"Ayüzlüm, inan,

Sənsiz quyudadır Yusif hər zaman.

O tufanlı dəniz qoparmış haray,

Uca zirvəsini itirmiş o ay.

Car çəkir hicrana düşəndən bəri,

Səhralar qoynunda keçir günləri.

Hər iki addımda: \"Leyli can\" deyir,

Hər yerdə: \"Leyli gəl, gəl aman\" deyir.

Ürəyi hicranla sitəmlə dolu,

Bir Leyli yoludur Məcnunun yolu...\"

Leyli dinlədikcə bu sədaqəti,

Nalədən nal oldu sərv qaməti.

Qoşa nərgizləri ağladı birdən,

Əqiqlə sulandı o ağ yasəmən.

Leyli söylədi ki: \"Günahkar mənəm,

Bil, mənim qəmimdir o çəkdiyi qəm.

Mən də bu qüssədən deyiləm kənar,

Ancaq, dərd çəkməkdə bir fərqimiz var:

Məcnun dağ başında ah çəkir bu dəm,

Mən quyu dibində nalə çəkirəm\".

Sonra, qulağından bir neçə gövhər

Alaraq, qocaya verdi o dilbər.

Dedi: \"Bunları al, qayıt təzədən

Onunla yenə də həmnəfəs ol sən.

Onu uzaq yoldan yanıma gətir,

Doyunca seyr edim o aşiqi bir.

Sən onu götürüb gəldiyin zaman

Filan nişanəli yerdə saxlarsan.

Sonra da gəl mənə xəbər ver bunu,

Gizlincə seyr edəm, bəlkə, Məcnunu.

Görüm nə soyu var, nə rəngi vardır?

Görüm ki, nə qədər o vəfadardır?

Bəlkə də, söz qoşub dediklərindən

İki-üç beytinə qulaq asam mən.

Bəlkə, düyünümü aça nəfəsi,

Bəlkə, şəfa verə dərdimə səsi\".

Qoca, dürrləri götürüb həmən,

Ayrıldı saf qalmış haman dürrdən.

Bir dəst paltar alıb yoluna vardı,

O çılpaq qalmışa libas apardı.

Əsdi külək kimi o dağdan-dağa,

Baxdı abadlığa, xarabalığa.

Yenə də tapmadı aşiqdən əsər,

Ondan iki-üç gün tutmadı xəbər.

Sonra, dağ dibində taparaq onu,

Torpağa yıxılmış gördü Məcnunu.

Onun dövrəsində vəhşi heyvanlar,

Dayanıb olmuşdu bir xəzinədar.

Qocanı gördükdə Məcnun uzaqdan,

Südə uşaq kimi meyl etdi bu an.

Sonra, acıqlandı yırtıcılara,

Baş uzatmasınlar ona bir daha.

Yanından gedincə o yırtıcılar,

Təşəkkür elədi ona ixtiyar.

Əvvəl öz başını torpağa vurdu,

Sonra üzr istəyib, belə buyurdu:

\"Səninlə olmuşdur eşq mülkü qaim,

Nə qədər eşq var, sən də ol daim.

Günəş çeşməsindən Xızır kimi iç,

Isgəndər kimi də üfüqləri keç.

O Leyli - o dünya gözəli dilbər

Sənin dostluğunda candan da keçər.

Bil, salam göndərir sənə o nigar,

Adını duayla anıb xatırlar.

Çoxdandır görməmiş sənin üzünü,

Bir də eşitməmiş şirin sözünü.

Səndən nigarandır gülüzlü sənəm,

Görüşmək istəyir səninlə bir dəm.

Sən də sevgilinlə görüşsən bir an,

Hicran qəfəsindən azad olarsan.

Bir-iki nəşəli qəzəl deyərsən,

O sövda bazarı qızar yenidən.

Meşə tək dolaşıq bir xurmalıq var,

Ordaki xoş rəngli gözəl ağaclar

Göyün zirvəsinə qalxıb baş vurur,

Onların altında göy çəmən durur,

Baharın o yerə dönüb gələcək,

Işiyin açarı ordadır, gerçək\".

Sonra da paltarı o qoca əllər

And verib geydirdi ona bir təhər.

Razılıq kəməri bağlayıb həmən.

Məcnun xilas oldu müxalifətdən.

Qocanın izilə tərpəndi artıq,

Dirilik suyunu tapmışdı yazıq.

Fəratdan qaçarmı susuz bir ürək?

Davaya çıxarmı ətirlə külək?

Vəhşi heyvanlar da cərgələnərək,

Düşdü arxasınca şah ordusu tək.

Iqbal itaətdə, bəxt də fərmanda,

Görüşmək yerinə gəldi o anda.

Bir xurma altında o tutdu qərar,

Dayandı vəhşilər azacıq kənar.

Qoca da Leyliyə gətirdi xəbər,

Gördüyü işləri dedi müxtəsər.

Çadırda əyləşmiş o gözəl pəri

Açdı mələk kimi uçuş şəhpəri.

Məcnundan on addım durub aralı,

Yeriyə bilmədi o dağ maralı.

Qocaya dedi ki, \"Ey nəcib insan,

Getməyə qalmadı qüvvətim, inan.

Mən ki, yandırmışam ürəyimdə şam,

Yenə yaxınlaşsam, tamam yanaram.

Mənim ərim vardır, yatsa da bu dəm,

Allahın gözündən uzaq deyiləm.

Doğrudur, sevmirəm onu ürəkdən,

Lakin haramzadə deyiləm ki, mən.

Yenə yaxınlaşsam, bu ölüm olar,

Sövda məzhəbində günah sayılar.

Ayıblı sözlərin yazılmasından

Yaxşıdır, bir dəftər ağ qalsa, inan.

Idrakla üz-üzə gələrsəm əgər,

Məni qızartmasın tutduğum işlər.

Kamal bir aşiqdir, ilqarı tamdır,

Bundan çox istəmək ona haramdır.

Qoy şerlə desin o şirindillim,

Şerlə oxşasın məni sevgilim.

O şəkərdillidən rica ediniz:

Bir qəzəl söyləsin, qulaq asaq biz\".

Qoca bu baharın yanından qalxdı,

O biri baharın halına baxdı.

Gördü ki, sərilmiş o yenə yerə,

Huş başdan dağılıb, uçmuş göylərə.

Ürəkdən ah çəkib \"Heyf olsun\" dedi,

Ona göz yaşından su da çilədi.

Məcnun huşa gəlib ayılan zaman

Bir az xoşlanaraq sordu qocadan:

\"Söylə, bir ey qoca, nə bahardır bu?

Saçdı üstümüzə ənbər qoqusu.

Bu qoqu novbahar qoqusu deyil,

Canan saçlarının qoqusudur, bil.

Qəlbə layla çalır bu qoqu, inan,

Bu gözəl qoquya canım da qurban!\"

Qoca bir imtahan açmaq istədi:

\"Kənardan boylanmaq günahdır, - dedi. -

Söylə, çağırılmamış gələrmi o yar?

Gəlib qucağına girərmi nigar?

Cananı görməmiş bu haldasan sən,

Nə hala düşərsən üzünü görsən?\"

Məcnun cavab verdi: \"Mehriban qoca,

Gəl bu hadisəni düşünmə bunca.

Şərabın ətrindən sərxoşam bu dəm,

Şərabı əlimdə tuta bilmərəm\".

Sonrasa bir şirin, bir xoş nəfəslə

Bir neçə beyt dedi qəmli bir səslə.

 

MƏCNUNUN QƏZƏL OXUMAĞI

 

\"Canan, hardayıq biz, de hardasan sən?

Biz ki, səninkiyik, sən kiminkisən?

Yoxsulluq mülkünün yolçusuyuq biz,

Buyurun, dost olaq, layıq görsəniz.

Bizik can sataraq yoxsulluq alan,

Xəzləri dağıdıb palasda qalan.

Zamanın qeydindən azadıq, azad,

Qəm bizimlə şaddır, biz qəm ilə şad.

Ciyərimiz susuz, suya qərq olan

Şəbkoruq, günəşə yoldaşıq, inan.

Azdıq yolumuzu, qismətdir bu da,

Kənddən qovulsaq da, bizik kəndxuda.

Möhrəsiz və gözsüz oyun çıxardar,

Ayaqsız, miniksiz çapmağımız var[105].

Bir sənin qəminlə yüklənirik biz,

Qəm ki, səninkidir, yoxdur qəmimiz.

Olsaq da aləmdə süst tərpənənlər,

Buradan keçməkdə bizdədir hünər.

Deyirsən, qəmindən xar olub ölüm,

Hələ qəm yeməklə məşğulam, gülüm!

Çox çəkməz, sevgilim, vaxtı gələndə,

Öz köçmək təblimi çalaram mən də.

Sən, ey hər işində əyyar olan yar,

Aşiqin olmuşdur səndən də əyyar.

Əyyar boğazını sıxırsa əgər,

Özünü düşməndən əvvəl öldürər,

Bir kəs ki, özünün qanından qorxmaz,

Öldürər nə yaxşı, nə pisə baxmaz.

Sürüdən qorxarsa əgər canavar,

O üstündə keçə, palas da saxlar.

Gəlməmiş getməyin, de, nə adətdir?

Əkməmiş biçməyin nə qiyamətdir?

Mənə: \"Gecən xeyir\" söyləmə, canan,

Sənsiz xoş keçərmi gecəmiz bir an?

Uyuşmaz qədəmin canımla mənim,

Iki can saxlaya bilməz bədənim.

Əlinlə canımı almadıqca sən,

Qurtara bilməzsən bu bəhanədən.

Min minnət yükünü çəkir bu bədən,

Sənsə azad eylə onu bu işdən.

Bundan daha yaxşı bir can ver mana,

Uğurlu bir işə ayaq bassana!

Sənin dodağından gəlməyən bir can

Canımda yerləşməz, çıxar dodaqdan.

Dodağın olarsa can xəzinəsi,

Kəsilməz dünyadan o canın səsi.

Bilirəm, qarşında çox qulların var,

Heç biri mən kimi baş əyməz, ey yar.

Sənin varlığınla mən də azadam,

Daima xoşbəxtəm, daima şadam.

Camalın düşərsə könlümdən uzaq,

Könlüm viran olar gözündən iraq.

Bu gündən mən sənəm, sən isə mənsən,

Bir könül yurdudur bu iki bədən.

O da sənin könlün qoy olsun, dilbər,

Yoxdur öz könlümdə həyatdan əsər.

Bir könlüm, yüz canım olmasa əgər,

Səninlə yaşamaq olmaz, ey səhər.

Sap birdir, səni öz sapıma düzsəm,

Bir can olmalıyıq ikimiz hər dəm.

Bil ki, vahid olsa bizim sikkəmiz,

Ikilik nəqşini qaralarıq biz.

Gözəl sikkəli hər badamın bil ki,

Bədəni bir olur, məğzisə iki.

Mən sənəm, başqa şey nə varsa, canan,

Bir başmaq tayıdır düşmüş ayaqdan.

Səndən işıq alır bütün varlığım,

Yoxdur səndən özgə bəxtiyarlığım.

Söylə, bu məqamda nəçidir bədən?

Adını sikkənə nəqş eyləyəsən.

Sənə qurbanlığa baş layıq deyil,

Bayrağın altına sığınmaz o, bil.

Arada tərpənən quru bir candır,

O da mənim deyil, sənə mehmandır.

Sən məndən azadsan, ey pərizadə,

Sərvdən daha çox ol sən azadə.

Mən bir kimsəsizəm, hər xidmətinə

Kəmər bağlamışam gül kimi yenə

Məhləyin küləyi əsdikcə səhər,

Can verib, könlümün pasını silər.

Mumya arasında əzgin bir bədən

Dincəldiyi kimi, dincəlirəm mən.

Itüzlü olsa da gözətçin müdam,

Sən olan küçənin yol torpağıyam.

It saxlamağını çox bəyənirəm,

Odur ki, onlara olmuşam həmdəm;

Yəni yanımdakı bu yırtıcılar

Itdir, hamısının it dırnağı var.

Mən yoxsul olsam da, varlısan, ey yar,

Mən tamam xaliyəm, sənin xalın var.

Sən qızıl içində olursan hər dəm,

Xalxalın qızıldır, xalın da dirəm.

Dirəmə bənzəyən xalını görcək,

Aldım xalxalını dirəmlə, gerçək.

Bir növbahar üçün bulut ağladı,

Məcnun da ağlayıb qara bağladı.

Hindli qaraulda dayanıb, gəzər,

Məcnun da yanında hinduya bənzər.

Çərx gözəllik alar ayın üzündən,

Məcnun da fal açar üzünlə bəzən

Bülbül gül eşqiylə dolanar bağı,

Məcnun da olmuşdur hicran dustağı.

El, oba ləl üçün mədənə gedir,

Məcnun da səninçin cana qəsd edir.

Sən meyil göstərsən mənə, ey nigar,

Bir allah bilir ki, bu çox xoş olar.

Aydınlıq gecədə səninlə qoşa

Duraydıq gülşəndə, verib baş-başa.

Səninlə yanaşı əyləşəydim mən,

Qədəh qaldıraydıq qədəh üstündən

Basaydım bağrıma saz kimi səni,

Olaydı qucağım ləlin mədəni.

Nərgiz gözlərindən olaydım xumar.

Məst olub saçını hörəydim, ey yar.

Kaman qaşlarını qulağa qədər

Əlimlə çəkəydim, ey nazlı dilbər.

Döşündəki nara sığınaydım mən,

Əlimlə tutaydım alma çənəndən.

Gah bir alma kimi əzib narını,

Gah da dişləyəydim alma barını.

Dağıdıb döşünə saçlarını mən

O qulaq sırğanı çəkəydim, bəzən.

Gah varaqlanaydı əynində paltar,

Bədihə deyəydim xurmana, ey yar.

Bənəfşə düzəydim gül üzünə mən,

Gah da gül dərəydim o bənəfşədən.

Gah səni qoynumda yerləşdirəydim,

Gah qəm məktubunu sənə verəydim.

Ilahi, qalmazdı möhnətdən əsər,

Həqiqət olsaydı bu düşüncələr.

Qulağa xoş gəlir çaldığım hava,

Lakin ortalıqda tel qırılmasa.

Başımı qovğaya salma bu qədər,

Inan ki, varlığım məhv olub gedər.

Sən olduğun yerə çağırma məni,

Xoşdur bu seçdiyim sövda məskəni.

Burda nə düşmən var, nə də əğyar var,

Bizim işimizə qarışmaz onlar.

Burda əyləşsək də, qalsaq da əgər,

Bizə irad tutmaz bunu bir nəfər.

Yanımda iki-üç dilsiz heyvan var,

Yaxşını, yamanı unutmuş onlar.

Quyunun dibində tək olsaq da biz,

Yalnızlıq özü də gözəldir, şəksiz.

Əlindən tutanın olmasa bir az,

Ayağından tutub çəkən də olmaz.

Burda olmasa da bir dostun sənin,

Arxanca sallanıb gəlməz düşmənin.

Nə var can qorxusu olan o yerdə?

O yaman üzlərə sən baxma bir də.

Burdadır abadlıq, şadlıq hasarı.

Sən də gəl bu yerdə bir şadlan barı.

Nə qədər ki, sağam, yaxın gəl, ey yar,

Hər vaxtın işi var, işin vaxtı var.

Çeşməni gün kimi göstərmə, aman,

Sərab tək aldatma məni uzaqdan.

Hüsnündən su içmək istərkən ürək,

Oldum parça-parça sənin xalın tək.

Xızırın çeşməsi səndədir, dilbər,

O həyat suyundan mənə də göndər.

Təsəlli vermədən arpa boyda sən,

Mənə xalvar-xalvar qan içdirirsən.

Sənsiz qəm yesəm də, ey nazlı sənəm,

Səninlə şərab da içə bilərəm.

Yəqin, yadındadır, bir məsəl də var:

Dovşan yügürdüyü qədər də yatar.

Nə olar, sevgilim, şərab gətirsən.

Yenə mi qanlı su içməliyəm mən?

Şərab məclisində nuş olur cana,

Halaldır behiştdə şərab insana.

Saqi, dəryanı da əlindən içsəm

Ondan bir udum da qoymaram bu dəm.

Içsəm sağlığına, getmərəm huşdan,

O zəhər olsa da, nuş olar, inan.

Qoy sərxoşun olsun aşiqin indi,

Sən də qədəh qaldır sərxoşlar kimi.

Şərabı içməzlər xumar olmadan,

Səhər şərabı da içilməz pünhan.

Bağ tacı axtaran o sultan belə,

Gəzir xəzinəni şəbçiraq ilə.

Qaranlıq gecədə xəzinə gəzən

Əziyyət çəksə də, oğrudur, bilsək.

Çıraqsız bir evi soruşsan: nədir?

O bir bağ da olsa həbsxanədir.

Sənin qəm nərdində uduzdu könlüm

Bir əl də atıram, qurbanın olum.

Xoşdur, sərxoş olub, ey nazlı dilbər,

Qıvrım saçlarını öpsəydim əgər

Ya sərxoş halımda tutub telindən

Yavaşca məclisə gətirəydim mən

Bir nalə çəkəydim hər addım başı,

Bir təpik vuraydı mənə hər naşı

Yarəb, o dünyanı yaxan gözəllə

Mənə belə bir gün sən qismət eylə!\"

Məcnun bu sözləri deyərək əlan,

Çöllərə üz qoydu ürəyində qan

Pərişan ürəyi qəmlərlə dolu

Qayıtdı çadıra o sərv boylu

 



Просмотров 571

Эта страница нарушает авторские права




allrefrs.su - 2024 год. Все права принадлежат их авторам!