Главная Обратная связь

Дисциплины:

Архитектура (936)
Биология (6393)
География (744)
История (25)
Компьютеры (1497)
Кулинария (2184)
Культура (3938)
Литература (5778)
Математика (5918)
Медицина (9278)
Механика (2776)
Образование (13883)
Политика (26404)
Правоведение (321)
Психология (56518)
Религия (1833)
Социология (23400)
Спорт (2350)
Строительство (17942)
Технология (5741)
Транспорт (14634)
Физика (1043)
Философия (440)
Финансы (17336)
Химия (4931)
Экология (6055)
Экономика (9200)
Электроника (7621)


 

 

 

 



BATDADLI SƏLAMIN İKİNCİ DƏFƏ MƏCNUNUN



GÖRÜŞÜNƏ GƏLMƏSİ

 

Verir bu tarixi yazan bir nəfər

Ərəb məxəzindən belə bir xəbər;

Səlam o aşiqin ziyarətinə

Gəlmək xəyalinə düşmüşdü yenə.

Qalxıb yol getməyə üz qoydu Səlam,

Bir ay dağı, daşı dolaşdı tamam

Atını hər yana sürdü bir zaman,

Axtarıb tapmadı ondan bir nişan.

Axır bir dərədə rast gəldi ona

Daşdan ayaqları qabar Məcnuna.

Halı dəyişmişdi onun büsbütün,

Tamam qol-qanadı sınmışdı o gün,

Bir neştər olduqca hər ötən tikən,

Könül yarasıyla dolmuşdu bədən.

Zavallı, Səlamı gördüyü zaman

Sordu: \"Ey cavanmərd, söylə, hardansan?\"

Səlam: \"Mənəm - dadi, gəlmişəm xəstə,

Səninçin qalmışdır gözüm yol üstə\"

Məcnun bu sözlərə qulaq verərək,

Səlamı tanıyıb qucaqladı bərk

Qovdu vəhşiləri onun yolundan,

Suyu oddan çəkdi, kölgəni nurdan...

Dedi ki: \"Yenəmi zəhmət çəkmisən?

Səni ki, əvvəldə incitmişdim mən.

Mən qəm xəstəsiyəm, sənsə nazənin,

Nə məqsəd daşıyır belə gəlməyin?

Əvvəl ki, baxmadım mən sən deyənə,

Mənə söz deməkmi fikrin var yenə?

Indi ki, gəlmisən sən, ey mərd ürək!

Ayıbdır gələnə \"dur qayıt\" demək.

Arzunu aç, de ki, mən əməl edim,

Məqsədin nədirsə, o yolla gedim\".

Səlam salamını yetirib ona,

Təşəkkür bildirib, dedi Məcnuna:

\"Sənin nemətinlə dolanıram mən,

Inan ki, səcdəyə, şükrə layiqsən.

Qabaq göstərdiyin gözəl lütflər,

Mənə dövlət idi xəzinə qədər.

Çünki sinəndəki gözəl təbindən

Mənə bir xəzinə bağışladın sən.

Inci qəsidələr dediyin zaman

Əlim də, ağzım da dolardı, inan.

Yenə də gəlmişəm sən olan bağa,

Gəlmişəm bağından meyvə yığmağa.

Əgər zəhmət çəksən, qəbul edərəm,

Olmasa, yenə də razı gedərəm.

Bu dəfə nə üçün düşdün həvəsdən?

Təəccüb edirəm bu halına mən.

Söylə dərdinmi var, bunun sirri nə?

Bu il bənzəmirsən keçən ilkinə.

Görürəm, sınmışdır şadlıq qanadın,

Azalmış əvvəlki şurun, fəryadın.

Danış, öz işlərin necə haldadır?

Sevgilin necədir, nə xəyaldadır?\"

Dost suallarını dinləyib həmən,

Yenə işdən düşdü incəldi bədən.

Yenə xatirinə düşdü o sənəm

Məcnun çox ağladı gözlərində nəm,

Soyuq bir ah çəkib bəlalər yedi.

\"Ah, dərddən ciyərim alışdı\" dedi.

Dostum! Nə deyirsən? Başqadır zaman,

Məndən sevgilimi xəbər alırsan?

Torpaq altındadır indi sevgilim,

Yox, yox, bu yalandır, qurusun dilim.

Vəfadan yoğrulmuş o gözəl mələk

Behişt qapısıdır qapısı, demək

Sevgilim öldüsə, yanır çırağı,

Mənisə öldürmüş onun bu dağı...\"

Bu varaq üstünə nə sözlər saçdı

Hər söz üstündə də varaqlar açdı.

Səlamın əlindən tutub apardı,

Yenə də Leylinin qəbrinə vardı.

Dedi ki: \"Bax, budur dediyim pəri,

Canımdan əl çəkdim ondan ötəri\".

Səlam çox dinlədin bu nalələri.

Məcnun sevgilisiz qalandan bəri.

Novhəsi, fəryadı sinə dağladı,

Səlam da bir yanda durub ağladı.

Qanlı sular tökdü gözündən, bilsən!

Axdı qan bulağı hər kirpiyindən.

Sonra üz tutaraq xəstə Məcnuna,

Qəm yeyib, təsəlli verirdi ona:

\"O behişt gülüdür mənim də qəmim.

Könül dəryasında qərq oldu gəmim.

Canım dərdə düşdü səndən ötəri,

Çünki bu ildırım çaxandan bəri

Bir üzün yandısa sənin bu oddan,

Vallah, tamam yandı məndəki bu can!\"

Bu cür fəsahətlə o təmiz ürək

Aşiq yarasına duzlar səpərək,

Tamam iki-üç ay yanında qaldı,

Qəlbini oxşayıb, dərdini aldı.

Tanış olduqları on ildən bəri

Onun söylədiyi bütün beytləri:

Qitədir, qissədir, şerdir deyə,

Köçürdü hamsını bir dəftərçəyə.

Yazdı o sözləri çox sevə-sevə,

Sonra izin alıb qayıtdı evə.

Ondan aldığını nəqş edib yada,

Bir töhfə gətirib, gəldi Bağdada.

 

LEYLİNİN QƏBRİ ÜZƏRİNDƏ MƏCNUNUN ÖLMƏSİ

 

Məşhur söz ustası, o söz Loqmanı

Böylə tamamlayır bizim dastanı:

O xırmanı yanmış alışıb söndü,

Göz yaşından olan xırmana döndü.

Insafsız fələyin əl dəyirmanı

Üyüdüb apardı haman xırmanı.

Çünki, zəif düşdü get-gedə bədən,

Daha gücsüz oldu o əvvəlkindən.

Canı ayağından dodağa çatdı,

Günü axşam olub zülmətə batdı.

Sızlayıb ahları göyə yüksəldi,

Torpaq gəlininin yanına gəldi.

O hasarlı qəbrə üz qoyub yatdı,

Gəmisi bulanıq bir suya batdı.

Xəstə qarınca tək başı fırlandı,

Yaralı ilan tək qıvrılıb yandı.

Iki-üç beyt dedi qəmlə, möhnətlə,

Iki-üç göz yaşı, tökdü həsrətlə.

Sonra da göylərə tutub üzünü,

Əl açıb o zaman yumdu gözünü:

\"Ey bütün aləmi qurub xəlq edən!

Səni əzizinə and verirəm mən,

Al dərdli canımı ya pərvərdigar!

Məni sevgilimin yanına apar!

Bu canı bərklikdən özün azad et,

Apar o dünyaya könlümü şad et\".

Deyib bu sözləri, baş qoydu yerə,

Qəbri qucaqladı o birdən-birə.

Cananın qəbrini öpdükdən sonra,

Dost! - deyib, canını tapşırdı ona.

Keçdi bu körpüdən axır ki, o da,

Bu yoldan keçməyən varmı dünyada?

Elə bir yoldur ki son başı ədəm,

Onun bəlasına düşəcək aləm...

Belə uçurumu olan ruzgarda,

De, kimin həyatı qalmayır darda?

Deyin, tüstülənib yandıqca ruzgar,

Onda qovrulmayan bir yaramı var?

Hər yara üstündə qəm damğası var,

Zülmün dırnağıyla didilir onlar.

Ey çolaq eşşəyi bu dəyirmənin,

Üzün kəhrəbadan sarıdır sənin.

Uzaqlaş fırlanan bu dəyirmandan,

Çıxmaz azadlığa onunla insan.

Bir evdə olduqca sel təhlükəsi,

Qalx ki, yaxınlaşır o selin səsi.

Hələ sındırmamış körpünü fələk,

Dəvəni körpüdən kənara tez çək!

Dünyanın göbəyi yellə doludur,

Yel də ki, bir heçdir, heçlik yoludur.

Yelə bağlı olan bu diriliyə

Çox da bel bağlama dirilik deyə.

Tələs ki, rahatlıq getdi dünyadan,

Çox yavaş sürmə ki, getmişdir karvan.

Qan içən bu yeddi başlı əъdaha

Dövrəndə ilandır, açılmaz daha.

Özünə bir diqqət yetirsən əgər,

Bürümüş dövrəni bu əъdahalər.

Bu qoca dünyanı zənn etmə fağır,

Qarı görünsə də, bir əъdahadır.

Bu dünya oğrudur, köçünü tez çək,

Bu cığal oyunçu daş gizlədəcək.

Gəl əyri vurma ki, sən mümkün qədər,

Əyri zərbələrin özünə dəyər.

Qorxma öz könlünü elə abadan,

Yaqut ye, zərrəcə qorxma vəbadan.

Ağalıq atından aşağıya en,

Bir zəiflik göstər acizliyindən.

Taki əcəl şiri can alsa yenə,

Baxıb rəhmi gəlsin acizliyinə.

Təkəbbürlü gəzmə, bu işdən əl çək,

Bil ki, sənin yemin deyil bu çörək.

Torpaqdan məhəbbət kəsmək gəzirsən,

Deyəcəyəm deyib, heç dinməyirsən,

Sinə düyünləyən bu qıfıl ki, var,

Qızılı xəznənin qarnında saxlar.

Qıtlıqdan istərsən ölsün bu qarı

Taki sənə qalsın ev qızılları.

Gözə görünməmiş o bir hümadır,

Gözə göründümü, bir əъdahadır.

Düşəndə məhbəsə aqil bir adam

Baxıb yol axtarar qaçmağa müdam.

Dünya məhbəsində tutmusan qərar,

Sən ki, yol bilənsən, durma, yol axtar!

Bu işin dərmanı tapılar, şəksiz,

Bu yükün cövrünü çəkməliyik biz.

Gözündə işıq var, qəlbində qüvvət,

Boş ki, yaratmamış səni təbiət.

Özünü zənn etmə zəif bir çıraq,

Bil ki, zinət alır səndən yeddi bağ,

Fələyin üstündə vilayətin var,

Himayən altında durur varlıqlar.

Səcdə edənlərin Səlcuqisən sən[113],

Bir də son vücudun mirası sənsən.

Fələk kimi olan boyuna bir bax,

Saxla qiymətini, vüqar qalacaq.

Sarılma torpağa, o, tozdur, inan!

Uyma təbiətə, od çıxır ondan,

Sən öz mərtəbəndə otursan əgər,

Bil, ucalar başın göylərə qədər.

Dağ kimi, qaçırma başını seldən,

Sillə yesən belə, üz döndərmə sən.

O nalını salan daşı al ələ,

Qaldır, öp: \"Nə gözəl ləlsən\" söylə[114].

Səninlə qaynayan sirkəni su tək,

Gözünü yumaraq içəsən gərək!

Bu yol, bir vəfayla başa vurular,

Ondan vəfa ilə qurtarmaq olar.

Çox içən adamlar bədxumar olar,

Yaxşı içənlər də xoşgüvar olar.

Axar sular kimi sən də sakit ax,

Axdığın yerlərdə xoşlansın torpaq.

Bil ki, su nohurdan içilsə əgər,

Sərin ola bilməz axar su qədər.

Varlıq dünyasıdır torpağın, gerçək,

Dünyaya pərəstiş etmə torpaq tək.

Dünya gedərgidir, dalınca getmə!

Qalmayacaq şeyə sitayiş etmə!

 

* * *

 

Məcnun ki, dünyadan heçliyə vardı,

Dünya töhmətindən canı qurtardı.

Gəlin beşiyinə qoydu özünü,

O yuxuya gedib yumdu gözünü.

Bu fani dünyada öldü möhnətdən,

Köçüb o dünyaya, qurtardı dərddən.

Torpaqlar onu da qoynuna aldı,

Bir ay, bəlkə bir il o halda qaldı.

Qəbrin dövrəsində bir böyük dəstə

Vəhşi dayanmışdı gözü yol üstə.

Şah kimi yatmışdı sarayında tək,

Vəhşilər baxırdı keşik çəkərək

O hasarlı səhni bürüyüb onlar,

Yuva düzəltmişdi orda heyvanlar.

Baxıb vəhşilərə, can qorxusundan

O qəbrin yanına gəlməzdi insan.

Uzaqdan baxanlar görərdilər ki,

Vəhşilər qaynaşır arılar təki.

Zənn edirdilər ki, o qərib xəstə

Yenə də əyləşmiş o qəbrin üstə.

Qılınc vuranlar da hər axşam, səhər

Şahın sarayına keşik çəkirlər,

Bilməyirdilər ki, şah qəbrə varmış,

Tacla kəmərini külək aparmış.

Məcnun - o canını eşqə xərc edən,

Dürrünü torpağa basdırıb gedən

Məhv oldu fələyin zəlzələsindən,

Çürüyüb torpağa qarışdı bədən,

Onun canındakı nişanələrdən

Quruca bir sümük qalmışdı, bilsən!

Vəhşi heyvanlar da gəlib bir kərə.

Yaxın durmazdılar o sümüklərə.

Nə qədər hərəmi güddü vəhşilər,

Ayaq da basmadı ora bir nəfər,

Ölünü insanlar anıb, yad edər,

Yoxdur vəhşilərdə belə bir hünər.

Bir il bu qaydayla keçdi, əlqərəz,

Dağıldı vəhşilər istər-istəməz.

Bəzisi iy alıb, üz qoydu dağa,

Bəzisi də ölüb getdi torpağa.

Xəznə tilsimini qapanda dövran,

Xəznə qıfılı da çürüdü pasdan.

Bu halı görüncə yol adamları,

Qeyidsiz gəldilər hərəmə sarı,

Gördülər ki, yatır orda bir insan,

Sümüklər qalmışdır onun canından.

Bir vəfa gözüylə seyr edib onu,

Tezcə tanıdılar kim olduğunu.

O zaman yayıldı bu səs hər yana,

Yayıldı bu xəbər Ərəbistana.

Toplaşdı qohumlar, qəlbi yananlar,

Başına dərd gəlmiş qəmgin insanlar.

Baxdıqca meyidə, nalə çəkdilər,

Şivən qopardaraq, qan yaş tökdülər.

Gövhərini saçmış o qalıb-bədən

Bir ağ sədəf kimi düşmüşdü, bilsən!

Qızılla sildilər sədəf tozunu,

Yenə də sürtdülər ənbərlə onu.

Onun mişk kimi saçları vardı,

O öz nəfəsindən ətir saçardı.

Bu məzar ağlatdı hər yaslı qəlbi,

Axdı göz yaşları yağışlar kimi.

Bu göz yaşlarıyla yuyub Məcnunu,

Torpaqdan torpağa qoydular onu.

Daxmanın yanını açıb, müxtəsər,

Leylinin yanında dəfn eylədilər.

Şahı apardılar bir meyxanəyə,

Saqiyə verdilər, sərxoşdur, deyə.

Qiyamətə qədər yatdılar rahət,

Qalxdı yollarından dərdlə məlamət.

Sağkən vermişdilər bir əhdə qərar;

Ölüb bir beşikdə qoşa yatdılar...

Zaman dolaşdıqca hər iki qəbrə

Tikdilər ordaca bir daş məqbərə.

Hüsnünə bağ-bostan həsəd aparan

O türbə səcdəgah oldu çox zaman.

Bütün xəstələrə şəfa verərdi,

Cəfadan qurtarıb səfa verərdi.

Istəyi yerinə çatmasa əgər,

Geri qayıtmazdı ordan bir nəfər

Ey allah! Aləmdən o iki insan

Ismətlə, paklıqla uçduqlarından,

Kəsmə sən onlardan öz ülfətini,

Bağışla onlara öz rəhmətini!

Bizim də növbəmiz yetişən zaman

Sən özün bilərsən, böyük yaradan!

 

ZEYDİN LEYLİ VƏ MƏCNUNU

YUXUDA GÖRMƏSİ

 

Bütün ömrü boyu dərd əhli olan

Zeydə rəhmət olsun, görüm hər zaman.

O, nur çeşmələrin məqbərəsindən

Bir an da uzağa getməzdi, bilsən!

Leyliylə Məcnunun nə vaxtdan bəri

Eşq üçün dediyi xoş qəzəlləri

Bəsirət gözüylə hafizəsindən

Arayıb, axtarıb, toplayıb bəzən,

Gəlib gedənlərə verərdi xəbər,

Afərin deyirdi qulaq verənlər.

O iki aşiqdən qalan yadigar,

Aləmə Zeyd ilə oldu aşikar.

Bir gün dostlarını anaraq yenə

Ağlayıb onların bu taleinə,

Dedi: \"Nakam ölən, yazıq aşiqlər

Indi bir-birindən tuturmu xəbər?

Bəlkə yer altında kərpiç olmuşlar,

Ya behişt taxtında tutmuşlar qərar.

Nafənin başını qaşıyan gecə

Gündüzün üstünə ənbər səpincə

Zeydin yuxusuna girdi bir mələk,

Bir behişt göründü şəfəqlənərək.

Onun həyətində böylu sərvlər

Şad idi bəxtiyar könüllər qədər,

Hər gülün, çiçəyin ətəyində bağ,

Hər gül yarpağında yanar bir çıraq.

Hər çəmən qoynunda bir behişt vardı,

Yanar gözlər kimi işıqlanardı.

Zümrüdə bənzərdi o yer, dedikcə,

Parlaq görünürdü göz işlədikcə.

Əlində cam tutmuş hər növrəstə gül.

Baxıb dil açmışdı sövdalı bülbül.

Irmaqlar sim üstdə tutmuşdu qərar,

Quşlar orda min bir nəğmə oxuyar.

Güllər kölgəsində güldükcə səhər,

Bir taxt qurulmuşdu günəşə bənzər.

O taxt bəzənmişdi bir behişt qədər,

Onu bəzəmişdi ipək xəlçələr.

Orda iki mələk qoşa durmuşdu,

Nəcat dərgahında cüt oturmuşdu.

Onlar nur içində hurilər qədər

Başdan ayağadək bəzənmişdilər.

Əldə şərab vardı, könüldə bahar,

Sövdadan danışıb, deyirdi onlar.

Gah şərab edirdi onlara əsər,

Gah dodaq-dodağa öpüşürdülər.

Gah keçən sövdanı anırdı onlar,

Gah da qoşa yatıb kam alırdılar

O taxta bir qoca baş söykəyərək,

Durmuşdu onların qulluğunda tək.

Qoca, aşiqlərin başına hər an

Şabaş dağıdırdı asimanlardan.

Zeyd bu yuxunu gördüyü zaman

Soruşdu gizlicə göy qocasından:

Əlləri qədəhli bu iki nəfər,

Bu behişt bağında, de, nəçidilər?

O can mənzilində havalanmışlar.

Hardan bu məqamda tutmuşlar qərar?\"

O, dilsiz qoca da ona bir təhər

Eyhamla fikrini dedi, müxtəsər:

Dedi ki: \"Dost olmuş bu iki vicdan

Yoldaş yaranmışdır başdan, binadan.

Biri doğruluqda dünya şahıdır,

O biri qəlb alan qızlar mahıdır.

O dediyim ayın adı Leylidir,

Yanındakı şaha Məcnun deyilir.

Səfa sandığında bu iki nəfər

Eşq ilə yaşamış saf ləldirlər.

Rahatlıq görməyib fani dünyada,

Indi yetişmişlər yalnız murada.

Burda görməyirlər dərd-qəmdən əsər,

Daima şadlıqla ömür sürürlər.

Kim ki, o dünyada bəhrəsiz qalar.

Onun bu dunyada başı ucalar.

Kim ki, o dünyada acı qəm içər,

Ömrü bu dünyada şadlıqla keçər\".

Sübhün işığıyla yanan asiman

Gecə xırmanında od vuran zaman

Zeyd öz yuxusundan ayıldı birdən,

Hamıya söz açdı bu sirrlərdən,

Kim ki, o dünyadan istəyir bir bar,

Bu dünya keyfinə o ayaq basar.

Bu aləm fanidir, quru torpaqdır,

O aləm daimi, özü də pakdır.

Doğrudur, əbədi, təmiz bir aləm

Fani bir torpaqdan yaxşıdır, desəm!

Amandır, ağlını unutma ki, sən

Gülünü tikana dəyişməyəsən!

Özün çıxarmasan mədəndən gövhər,

Gövhər axtarma ki, müftə verməzlər.

Eşqin hərəminə can ver, ey insan!

Bəlkə özlüyündən can qurtarasan.

Eşqin aləmində ox kimi süz sən,

Uzaq düşməyəsən o nişanədən.

Ox düz getdiyindən öz nişanına,

Bil ki, layiq olmuş şah kamanına.

Varlığın açarı eşq ilə insan

Qürur girdabından qurtarar, inan!

Əgər qəm şərbəti olsa da zəhər,

Eşqin əlləriylə şirin içilər.

Baxma bu şərbətin acısı çoxdur,

Saqisi eşq isə, qorxusu yoxdur.

Dözülməz olsa da bu qəm, bu zillət,

Xoşdur! Yaratmışsa onu məhəbbət.

Artıq söz dəryası axıra yetdi,

Ayıq ol ki, gəmi ədəmə getdi,

Nizami! Allaha şükür edək biz,

Mükəmməl qurtardı bu hekayəmiz.

Bağlılar açarı olsun bu dastan,

Oxuyub ağ günə çatsın hər insan.

Əsər səadətlə yetişdi sona

Uğurlu aqibət diləyək ona.

 

KITABIN SONU

 

Ey şah, bu dünyaya özün pənahsan,

Sən bir şah deyilsən, bəlkə min şahsan.

İkinci Cəmşidsən taxt almaqda sən,

Birinci günəşsən misilsizlikdən.

Keyqubad görkəmli Şahi-Şirvansan,

Əbülmüzəffərsən, böyük xaqansan.

Yalnız Şirvan deyil, dünya şahısan,

Ikinci Keyxosrov, ey şah Axsitan.

Sən, ey padişahlıq bürcünün sonu,

Dünya çox görməsin şah olduğunu.

Insanlıq fəxr edir adınla hər dəm,

Səndən abad olmuş bu iki aləm.

Dəniz çeşməsisən, calalın vardır,

Sənin böyüklüyün - apaşikardır.

Mübarək başını, ey fəxri-cahan,

Fələkdən yuxarı tutduğun zaman.

Şadlıqla, nəşəylə xəyalata get,

Bu gözəl dastanı mütaliə et!

Bu fikir qızının gözəlliyindən

Xəzinə aparıb, murada yet sən.

Kaş ki, bəyənəydin bu gözəl yarı,

Əhsənin olaydı ipək paltarı.

Belə bir səxavət səndən istərəm,

Məndən təvəkküldür, səndən də kərəm.

Səndəki pak könül bir də qalib baxt,

Sənə nəsihətçi olsa da hər vaxt,

Bu allah vergisi nəsihətçidən

Iki-üç söz eşit səhər çağı sən,

Gör, dünya nə qədər baş yola saldı,

Gör hansı şahlardan bu vaxta qaldı.

Dünyanı abad et sən, ey hökmüdar,

Adın bu dünyada qalsın yadigar.

Sən ki, iş bilməkdə ayıq bir şahsan,

Daha da ayıq ol, nə qədər sağsan.

Sonsuz ədalətin, səxavətin var,

Daha da çox olsa, zərərmi olar?

Bir iş dövlətinə gətirsə cəlal,

Sən həyata keçir o işi dərhal.

Şahlıq zinətinə diqqətlə baş çək,

Tük qədər bir ləkə qonmasın gərək.

Sənin bayrağına layiq bir torpaq

Idarən altında yaşayır ancaq.

Səndən uzaq olan yerləri də sən

Öz torpağın bilib, şad ol ürəkdən.

Kim ki, sevir səni, boynunu burma,

Hər bir günah üçün qılınc da vurma.

Səndən üzr istəsə hiyləgər düşmən,

Onu qov qapından, heç aldanma sən.

Qüdrətli, təmkinli, həm də sayıq ol,

Şərab içsən belə yenə ayıq ol!

Qolların iş görən olsa da hər an,

Yenə kömək istə böyük allahdan.

Öz fikrin nə qədər ayıq olsa da,

Xor baxma sən başqa fikrə dünyada.

Heç iki ürəklə girişmə hərbə,

Taki qəlp çıxmasın vurduğun zərbə.

Gah yumşaq, gah da tünd olsa bir adam,

Onun söhbətindən pəhriz tut müdam.

Kimin ki, içində iki qapı var,

O heç yaşamasa daha xoş olar.

Irəliyə addım atdığın zaman

Geri dönməyi də unutma bir an.

Iş, doqquz addımla atılsa sən bil.

On addım atmağın məsləhət deyil.

Ədalət axtaran insanlara sən

Doğru cavab göndər doğru dillərdən.

Işində sadiq ol, sözündə möhkəm,

Kim aman istəsə, olsun xatircəm.

Hər kəsi sınaqdan keçirib düz bax,

Sınaqsız olmasın o sənə küstax[115].

Heç kəsin əhdinə bel bağlama gəl,

Onun iç üzünə atmayınca əl.

Kiçik görünməsin gözünə düşman,

Böylə təmizlənir yollardan tikan.

Incisən bir sirrin açılmağından,

Danışma bilməsin onu bir insan.

Vurduğun bir şeyi çıxart kökündən,

Hörmət etdiyini gözdən salma sən.

Gecəni, gündüzü çox vermə bada

Yaxşı ad uğrunda çalış dünyada.

Şərab halalsa da mindirmə başa,

O haramzadədən uzaqda yaşa,

Meyi qaydasınca nuş edə bilsən,

Sən şərab içərsən, keflənər düşmən.

Həddini aşırıb, çox içsən əgər,

Sənə bütpərəstlik ləkəsi dəyər.

O gün ki, xoşhalsan, xeyli dayan, dur,

Pis gözlərə qarşı üzərlik yandır

Təbin şad olduğu gecələr belə

Özünə bir dua nəfəsi üflə.

Kef vaxtı özünü nəşəli saxla,

Qoy məclis qızışsın daha maraqla.

Dünyada şir kimi sən göstər vüqar,

Taki igidlikdən dəm vurmasınlar.

Bir xərabə görsən, qurmağa tələs,

Məsləhət belədir, əməyin itməz.

Gətir bu dünyanı ağlın önünə,

Tələsmə heç kəsin ölüm gününə.

Diləyin baxma ki, uzaqda qalar,

Öz bəxtin qapıdan içəri salar.

Bu sözlər, bəlkə də, bir əfsanədir,

Sənlə danışmağa bir bəhanədir.

Yoxsa, ey dünyaya sahib hökmüdar,

Səndə nəsihətə ehtiyacmı var?

Nə qədər ki, sənsən, özünsən rəhbər,

Əlindən daima yaxşılıq törər.

Yaxşı kişilərin duasına bax,

Sənə çərx altında o sədd olacaq.

Nə qədər şadlıqdır, kefdir, həvəsdir,

Sənə Nizaminin hümməti bəsdir.

Ey allah, bu şahın gül camalından

Zilləti, zəhməti gizli tut hər an!

Qapını çalarsa, fəryadına yet,

Hər yerə gedərsə, ona kömək et!

Bütün sərkərdəsi zəfərə çatsın,

Düşməni basılıb yaslara batsın!

Onun əlindəki o şahanə cam

Həyat şərbətiylə qoy dolsun müdam.

Mənə də bir qətrə versin o camdan,

Yazmışam adına bir belə dastan.

Adıyla adlansın bu dastan hər dəm,

Şahın dövlətinə olsun xoşqədəm.

 

 

KİTABIN İÇİNDƏKİLƏR

 

İnsan dühasının əlçatmazlıq nümunəsi

\"Ey adı ən gözəl başlanğıc olan\"

Sonuncu peyğəmbərin tərifi

Peyğəmbərin meracı

Hikmət və moizə haqqında

Kitabın yazılmasının səbəbi

Axsitanın tərifi

Padşaha xitab

Şahzadənin tərifi və oğlumun ona tapşırılması

Məni inkar edənlərdən şikayət

Şikayətin üzrü

Oğlum Məhəmmədə nəsihət

Az danışmağın gözəlliyi

Ölən qohumlarımdan xatirələr

Atamın xatirəsi

Anam Rəisənin xatirəsi

Dayım Xacə Ömərin xatirəsi

Keçmiş müsahiblərin xatirəsi və başqaları ilə müsahiblik

Vücudu unutmaq

Şöhrəti unutmaq

Keçən ömrü unutmaq

Alçaqlığı və yaltaqlığı rədd etmək

Zülmə qatlaşmamaq

Padşahların qulluğunu tərk etmək

İnsanların işinə və nızisinə əl uzatmamaq

Şadlıq və qənaət

Şadlıqla xalqa xidmət etmək

Təvazökar ol

Xəlvətə çəkilib söz yaratmaq

Dastanın başlanğıcı

Leyli ilə Məcnunun sevişməsi

Məcnunun eşqi haqqında

Məcnunun Leylinin tamaşasına getməsi

Məcnunun atasının Leyliyə elçi getməsi

Leylinin eşqi ilə Məcnunun ağlayıb sızlaması

Atasının Məcnunu Kəbəyə aparması

Məcnunun atasınin Leyli qəbiləsinin qəsdindən xəbər tutması

Atasının Məcnuna nəsihəti

Məcnunun atasına cavabı

Leylinin əhvalı haqqında

Baharın tərifi və Leylinin xurmalıq tamaşasına getməsi

İbn Səlamın Leylini istəməsi

Nofəlin Məcnunla tanış olması

Məcnunun Nofələ acıqlanması

Leylinin qəbiləsi ilə Nofəlin müharibə etməsi

Məcnunun Nofələ acıqlanması

Nofəlin ikinci muharibəsi

Məcnunun ahuları azad etməsi

Məcnunun maralı azad etməsi

Məcnunun qarğa ilə söhbəti

Qarının Məcnunu Leylinin qapısına aparması

İbn Səlamın dastanı

Leylinin İbn Səlama verilməsi

Leylinin İbn Səlamin evinə köçməsi

Leylinin ərə getməsindən Məcnunun xəbər tutması

Leylinin xəyalına Məcnunun şikayət etməsi

Atasının Məcnunun görüşünə getməsi

Məcnunun atasına cavabı

Atasının Məcnula vidalaşması

Atasının ölümündən Məcnunun xəbər tutması

Məcnun vəhşilər arasında

Hekayət

Məcnunun ulduzlara şikayəti

Leylinin məktubunun Məcnuna yetişməsi

Leylinin məktubunu Məcnunun oxuması

Məcnunun məktubunu Leylinin oxuması

Məcnunun dayısı Səlim Amirinin Məcnunu görməyə galməsi

Hekayət

Anasının ölümündən Məcnunun xəbər tutması

Leylinin Məcnuna sifarişi

Məcnunun qəzəl oxumağı

Bağdadlı Səlamın Məcnunun görüşünə getməsi

Məcnunun əzəməti haqqında

Zeydlə Zeynəbin sevgisi haqqında

İbn Səlamın ölümü

Zeydin İbn Səlamın ölüm xəbərini gətirməsi

Leylinin Allaha yalvarması

Leyli ilə Məcnunun görüşməsi

Payızın yetişməsi və Leylinin ölməsi

Leylinin ölümündən Məcnunun xəbər tutması

Barğadlı Səlamın ikinci dəfə Məcnunun görüşünə gəlməsi

Leylinin qəbri üzərində Məcnunun ölməsi

Zeydin Leyli və Məcnunu yuxuda görməsi

Kitabın sonu

İzahlar

 

ZAHLAR

 

[1] Sənin tərifindir \"təbarəkallah\"...

Təbarəkallah - Nə gözəl! Nə yaxşı! Nə əcəb! Allah mübarək etsin! –deməkdir.

 

[2] Yeddi qız, doqquz taxt qapında sənin

Olmuşdıır daima pərdə çəkənin.

Yeddi qız - yeddi planetə, doqquz taxt isə doqquz fələyə (göyə) işarədir. Yəni;

yeddi planet və doqquz göy həmişə sənin qapında qul kimi pərdə tutur. Qədim

astrologiyada göylərin yeddi qat olması iddia olunurdu. Ərş və kürsi deyilən iki

məqamı da buna əlavə edib, doqquz göy, doqquz fələk yazmışdır.

 

[3] Axşamın qapqara, səhərin ala

Atma göyləri yaratdın tovla.

Yəni sən axşamın qara atına və səhərin ala atına fələkləri tövlə yaratdın ki, birbirini

əvəz edən gecə və gundüz dincəlmək uçün atlarını göylərdə bağlasınlar.

 

[4] Yeddi düyün vurdun göylərə, birdən

Yetmişi açıldı bu qüdrətindən.

Qədim Şərqdə insanlar talelərinin ulduzlara bağlı olduğuna inanır və öz səadətləri

üçün planetlərin bürclər arasında hərəkətini izləyirdilər. Buna görə də Nizami:

göylərdə yaratdığın yeddi düyün - yeddi planet ilə yetmiş düyün açdın, - deyir.

 

[5] Bir dağ çapmadısa bu \"kaf\' ilə \"nun\",

Göy adlı bir böyük Bisütun qurdun.

\"Kaf\'\" və \"nun\"un birləşməsmdən ərəbcə \"kon\" (ol!) gəlməsi əmələ gelir. Beytin

mənası belədir: Sən (Allah) bir dəfə \"ol!\" deməklə dağ çapmadan fələk kimi bir

Bisütun qurdun. Bisütun burada iki məna verir: 1. Göylərin sütunsuz dayanması. 2.

Bisütun dağı.

 

[6] Hənut - ətirli bir göyərtidir, meyitlərin üzərinə səpirlər ki, qoxumasın.

 

[7] Mənəm dərgahında bir dilsiz ehranı,

Sənin sorağında ləbbeyk vuraram.

Hacılar Kəbə ziyarətinə gedərkən qurban kəsməzdən əvvəl soyunaraq, ehram

adlanan ağ bürüncəyə bürünür və qum üzərində qaçıb \"Ləbbeyk\" (hazıram!) deyə

qışqırırlar.

 

[8] Libasım ətrinlə süslənər müdam,

Buyam ya “dirəmnə”, ya da “ud” olsam.

Dirəmnə pis qoxulu, ud isə yandırılarkən gözəl ətir verən bir bitkidir. Şair Allaha

xatırladır ki, insanın yaxşı və pisliyinə məsul Allah özüdür. Dirəmnə və ya uda qoxu verən də odur.

 

[9] Qabü qövseyn - 1. Yayın ortası ilə uclarından birinin arasındakı məsafə.

2. Dini rəvayətə görə, Məhəmməd peyğəmbərin merac zamanı Allaha guya yayın ortası ilə uclarından biri arasındakı masəfə qədər yaxın olması.

 

[10] Altı-yeddi min il keçir o andan

Ki, bu dəbdəbəni eşitmiş cahan.

Dini əfsanələrə görə, Məhəmməd peyğəmbər bəşərin ilk xilqət günündə, hətta Adəmdən belə qabaq yaranmışdır. Adəm onun nurundan ruhlanmışdır. Beytdə də bu əfsanəyə işarə edilir.

 

[11] Bu beş vaxt namazdır əsli tovbənin,

Beş növbə təblidir qapında sənin.

Adət üzrə padşahların sarayında gündə beş dəfə təbil vurulardı; islam dinində isə

hər bir müsəlmanın gündə beş dəfə üzünü Kəbəyə tutub namaz qılması vacibdir. Şair Məhəmmədi padşaha və beş vaxt namazı oyun sarayında vurulan beş növbə təbilə oxşadır.

 

[12] Bu evə yeddi səqf yaratdın yenə,

Tapşırdın onu da dörd xəlifənə.

Dörd xəlifə - Əbu Bəkr, Ömər, Osman və Əliyə işarədir.

 

[13] Siddiq sədaqətə olmuşdur rəhbər,

Faruqi fərqdən uzaq bildilər.

Siddiq - birinci islam xəlifəsi Əbu Bəkrin ləqəbidir.

Faruq - ikinci islam xəlifəsi Ömərə işarədir ki, o Haqqı batildən fərqləndirməmişdir.

 

[14] O, Allahdan qorxan həyalı qoca...

Məhəmməd peyğəmbərin canişinlərindən olan III xəlifə Osman ibn Əffan nəzərdə tutulur.

 

[15] Yeddi xəzinəni açaraq bir dəm,

Dörd gövhər üstünə basmısan qədəm.

Yeddi xəzinə - yeddi göyə işarədir. Dörd gövhər - dörd ünsür: su, torpaq, od və

hava deməkdir.

 

[16] Ütarid - Merkuri planeti.

 

[17] Zöhrə - Venera planeti, qədim poeziyada fəza çalğıçısı timsalıdır.

 

[18] Mərrix - Mars planeti.

 

[19] Müştəri - Yupiter planeti.

 

[20] Keyvan - Zühəl planeti.

 

[21] Qədr gecəsidir bu gecə, tələs...

Qədr gecəsi - orucluq ayı olan Ramazanın 21, 23 və 27-ci gecələri dualarını Allah

Dərgahında müstəcəb (qəbul) olacağı gecələrdir. Bunlar, eyni zamanda əhya (dirilmə) gecələri adlanır.

 

[22] Buraq - Məhəmməd peyğəmbərin merac gecəsi mindiyi, başı insana oxşayıb qanadları olan atdır.

 

[23] Qalxanda göylərin yeddi qatına,

Nə pərçəm, nə də bir tac qurdun ona.

Yəni göylərin yeddi qatına qalxarkən həm fələyin pərçəmini (bayrağını - Günəşi),

həm də onun tacını (Ayı) qurdun.

 

[24] Cəbrayıl - mələklərdən biri. Allahın qasidi kimi təsvir olunur.

 

[25] Mikayıl - Allaha yaxın olan mələklərdən biri. Ona ruzu mələyi də deyirlər.

 

[26] İsrafil - dörd mələkdən biridir. Guya onun vəzifəsi həyatın yaranması və məhv olması barədə şeypur çalmaqla dünyanı xəbərdar etməkdir.

 

[27] Rəfrəf - Məhəmməd peyğəmbərin göylərə merac etməsində onun mindiyi ikinci atdır. Bəziləri onu bulud, nur saçağı və sair təsəvvür edir.

 

[28] Sidrə (Sidrətül-müntəha) - göylərin yeddinci qatında olan ağac adıdır.

 

[29] Sübbuh - yüksək tərif və sitayişə layiq olan.

 

[30] Nübüvvət - peyğəmbərlik.

 

[31] İki vəfasızın əhdini bir et,

Bu dörd ayaqlını özün əlbir et.

İki vəfasız - gecə-gündüz, dörd ayaqlı isə - dord ünsürə işarədir.

 

[32] Nafə - xüsusi cinsdən olan ahunun göbəyindəki müşk vəzisi.

 

[33] Biz kimik, nəçiyik, aç göstər artıq,

Büt qayıranmıyıq, büt qıranmıyıq?

İslam dininin dünya və insan haqqındakı ehkamıyla kifayətlənməyən şair,

Məhəmməd peyğəmbərə müraciətlə, insanları varlığın gizli sirləri ilə tanış etməsini tələb edir ki, bəlkə hər insan nə üçun yarandığnı, niyə yaşadığını başa düşsün. Öz işlərinin əsl mahiyyətini, büt qayırdığını, yoxsa büt qırdığını bilsin.

 

[34] Mən bütün bədənə yem verən zaman,

Öz ciyərparam da pay alar ondan.

Yəni mən öz sözlərimi bütün xalqa deyirəm, qoy oğlum da ondan özünə bir pay

götürsün.

 

[35] Musa gövhər tapdı xəzinələrdə,

Qarun da boğuldu ləli-gövhərdə.

Musa - Yəhudilərin peyğəmbəri. İlk müqəddəs kitab – Tövrat, Allah tərəfindən ona nazil olmuşdur. Qarun - Musa peyğəmbərin zamanında yaşayan çox varlı və xəsis bir adam olmuşdur. Musanın qarğışı nəticəsində öz xəzinələrilə birlikdə yerə batmışdır.

 

[36] Barbüd - Sasani hökmdarlarından Xosrov-Pərvizin sarayında məşhur müğənni

və çalğıçı olmuşdur. Nizami \"Xosrov və Şirin\" poemasında Barbüddən və onun

sənətindən geniş bəhs etmişdir.

 

[37] Hər sadə damcının əsil cövhəri

Dəryaya meyl edir əzəldən bəri.

Yəni gördüyünüz hər zərrə küllün, hər sadə mürəkkəbin uzvüdür. Qətrə ilə dəniz

arasında maddi bir vəhdət vardır ki, onu pozmaq mümkün deyildir. Çünki hər qətrə

böyük dənizlərin cüzidir. Ona görə də hər qətrə dənizə, hər cüz küllə qovuşmağa meyl edir.

 

[38] Bir qara pul olsun, bir arpa əgər,

Onda dörd gövhərdən tapılar əsər.

Yəni hər bir kiçik maddənin tərkibi dörd ünsürün (torpaq, od, su, hava)

birləşməsindən əmələ gəlmişdir.

 

[39] Keyqubad - İran tarixində Kəyan sülaləsinin qüdrətli padşahı hesab

edilir.

 

[40] Sənətin ziddinə söz danışanlar

Əyri pərdə kimi yanlış çalarlar.

Yəni həqiqəti, insanların əsl arzularını tərənnüm etməyi bacarmayan hər şair

pərdəsi düz olmayan sazlar kimi havanı pozar və ahənglərdə baş-ayaq vurar.

 

[41] Bu fala mən qürrə atdığım anda,

Ulduzlar keçirmiş eyni zamanda.

Qürrə - bəxt yoxlamaq, bir şeyi ürəkdə tutmaq; ulduzların keçməsi isə taleyin

arzuya uyğun gəlməsinə işarədir. Yəni mən bu arzuda olarkən (bu falı tutarkən) tale ulduzu da ona müvafiq gəldi. Qədim Şərq astrologiyasına görə, guya hər insanın taleyi ulduzlardan birinə bağlı imiş və bu planetlərin bürclər arasında hərəkətilə insanların həyatında yeni-yeni hadisələr baş verirmiş.

 

[42] Qüdrətin böyükdür, ona-on yarat,

Onda beş verməyi birdəfəlik at!

Ona on - saf qızıl, onda beş isə qatışıq qızıl mənasındadır. Yəni yazdıqların saf

qızıl kimi bakir və qiymətli olsun, zəif misralar yazma!

 

[43] Dedi: \"Ey kəlamı əkizim ala...\"

Şairin oğlu Məhəmməd atasının yaratdığı əsəri özünə qardaş bilir, öz əkizi

adlandırır.

 

[44] Bəhrin suyu yüngül, özü axardır,

Canlı, nəfəs alan balığı vardır.

Şair birinci misrada bəhr kəlməsini iki mənada işlətmişdir. Birinci mənada

poemasının vəzni, ikinci mənada dəniz nəzərdə tutulur.

Yəni poemanın vəzni bəhri-xəfif həm yüngül, həm də axıcıdır. Bəhrin (dənizin,

əsərin) balığı olan sözlər isə diridir, canlıdır.

 

[45] S. F. D. ili idi, rəcəbin sonu.

Ərəblərdəki say sistemində (əbcəd hesabı) uç nöqtəli S hərfi - 500, F hərfi - 80, D

hərfi isə 4-ə bərabərdir. Nizami \"SDF\" hərfləri ilə \"Leyli və Məcnun\" poemasının

yazıldığı tarixi göstərmişdir ki, bu da hicri 584-cü ilə, miladi 1188-ci ilə təsadüf edir.

 

[46] Bu Bəhram nəsəbli, ülkər üzlü sən...

Burada Bəhram sözü həm Marsın farsca adıdır, həm də Sasani şahları sülaləsinin

on dörduncü padşahı Bəhram Gura işarədir.

 

[47] Bu yeddi örtüklü, altı barmaqlı,

Bir gözlü, dörd əlli, doqquz ayaqlı.

Bu beytdə kainatın təsviri verilir: yeddi örtük - yeddi fələk, altı barmaq - altı

tərəf: şərq, qərb, şimal, cənub, aşağı və yuxarı, bir göz – Günəş, dörd əl - dörd ünsür: od, su, torpaq və hava, doqquz ayaq - doqquz goy mənasında verilmişdir.

 

[48] Onun qapısında mehtərdir Qeysər,

Fəğfur o qapıda gəlib dilənər.

Qeysər - qədim Rum padşalılarının, Fəğfur isə qədim Çin padşahlarının

ləqəbidir.

 

[49] Uçarmış Arəşin oxu, deyirlər,

Ad qəbiləsinin nizəsi qədər.

Arəş - İranın məşhur mifik pəhləvanlarından biridir. Əfsanələrə görə, Arəşin

atdığı ox qırx mənzil yol gedərmiş.

Adilər - Ad qövmu - ərəb qəbilələrindən olub, öz başçılanrı ibn Hövs adı ilə

adlanmışlar.

 

[50] Zubin - nizəyə oxşar bir silahdır.

 

[51] Altı hərfı olan adıyla, bilsən,

Dünyanı bağlamış altı tərəfdən.

Yəni Axsitanın altı hərfdən ibarət olan adı dünyanın altı tərəfini nərdtaxtanın altı

xanəsi kimi bağlamışdır.

 

[52] Mahmudun fılindən qüvvətli olar.

Mahmudun (Sultan Mahmud) fili öz böyüklüyü və gücü ilə Şərq əfsanələrində

məşhurdur. Yəni: sənin ehsanın milçəyi böyük qüvvət sahibi edər.

 

[53] Yarəb, mən ki Üveys adını aldım,

Məhəmməd eşqinə mən sadiq qaldım.

Üveys sözünün bir mənası bəxşiş verən, ikinci mənası canavar (qurd) deməkdir.

Beytin mənası: mən nə cür adlansam da Məhəmmədə sadiqəm.

 

[54] Onun atasını görə bilməsən,

Barı qardaşına hörmət saxla sən.

Yəni: əsərin atası, müəllifi olan Nizamini görməsən, onun (əsərin) qardaşına -

Nizaminin oğlu Məhəmmədə hörmət et!

 

[55] Mən ki ayna kimi dəmir deyiləm.

Qədim zamanlarda dəmirə seyqəl verməklə ayna düzəldərdilər.

 

[56] Çərşənbə cinlisi ağıllı olmaz.

Çərşənbə cinlisi ağıllanmaz məsəli Şərqdə məşhurdur. Dini əfsanələrdə çərşənbə



Просмотров 516

Эта страница нарушает авторские права




allrefrs.su - 2024 год. Все права принадлежат их авторам!