Главная Обратная связь

Дисциплины:

Архитектура (936)
Биология (6393)
География (744)
История (25)
Компьютеры (1497)
Кулинария (2184)
Культура (3938)
Литература (5778)
Математика (5918)
Медицина (9278)
Механика (2776)
Образование (13883)
Политика (26404)
Правоведение (321)
Психология (56518)
Религия (1833)
Социология (23400)
Спорт (2350)
Строительство (17942)
Технология (5741)
Транспорт (14634)
Физика (1043)
Философия (440)
Финансы (17336)
Химия (4931)
Экология (6055)
Экономика (9200)
Электроника (7621)


 

 

 

 



ZEYDLƏ ZEYNƏBİN SEVGİSİ HAQQINDA



 

Başqa bir aşiq də o zaman varmış,

O da bu dərd ilə zəncir qırarmış.

Dağ kimi durmuşdu ürəyində dərd,

Yazığı dağlara salmışdı möhnət.

Onu qurtarmışdı dəlilik, bilsən,

Bu divdən törəmiş cinsi-bəşərdən.

Təmiz bir gənc idi, vardı hünəri,

Dürrə bənzəyirdi xoş qəzəlləri.

Eşqin acısını dadıb dünyada,

Başını qoymuşdu bu yolda o da.

Öz adı Zeyd idi, sövda gəzərdi,

Xisləti Əmr ilə Zeydə bənzərdi.

Könül yuvasını zülmət sarmışdı,

Onun var-yoxunu eşq aparmışdı.

Əmisi qızına o vurulmuşdu,

Qız da bu oğlana aşiq olmuşdu.

Onların qəlbi də, fikri də birdi,

Onlar bir-birini candan sevirdi.

O gözəl camallı, o qəşəng nigar,

O divanə üçün tutmazdı qərar.

Oğlan da sevərdi öz cananını,

Bir tükdən asılı qalmışdı canı.

Qız ay camallıydı özü də xoşram,

Təmiz xilqətliydi o nazik əndam.

Şümşad nəfəsliydi, rəngi ərğəvan,

Baldırı civə tək, qəddi xeyzəran.

O bütdə hamının nəzəri vardı,

Dünyaya qiyamət şuru salardı.

Şən idi, şux idi, həm də füsunkar,

Gözəllər gözəli, o nazlı nigar.

Min səfra başını gicəlləndirən,

Min sövda səfrası qırardı hərfdən

Tük kimi incəydi beldən o dilbər,

Ağzı xırdacaydı qarışqa qədər

Şəki alması tək çənəsi vardı

Məkkə qumundan da çox yandırardı.

Öpüşü bal kimi, hüsnü bəxtəvər,

Dadına çatmazdı nə qənd, nə şəkər.

Dodağı nabatla şəkərdən şirin

Nabat-meyvəsiydi öpüşlərinin.

Hər kəs camalında bir su görərdi,

O dirilik suyu, həyat verərdi.

Uca bir sərv idi onun vüqarı,

Gülabla şəkərdi bu sərvin barı.

Camalı günəşlə bir asimanda,

Ətri də ənbərlə bir karivanda.

Hüsnünün şövqiylə əsirdi ruzgar,

Zeynəb adlanırdı o gözəl nigar

O nazənin qızın qəmiylə yanan

Zeyid axtarırdı bu dərdə dərman.

Neyləsin, hayandan bir çarə bilsin

Ki, ləli qart daşdan qopara bilsin.

Zeydin qohumluqda bir aybı vardı

Ki, dünya malından kasıb yaşardı.

Varlı əmisini yoxsul Zeyiddən

Bircə dövlət idi yaxşı göstərən.

Zeyd öz əmisindən dövlət görmədi,

Ondan qız istədi, qız da vermədi.

Hər işdən soyudub xəyala daldı,

Əmisi yad oldu, o yazıq qaldı.

Canan arzusuyla o axşam, səhər

Natəvan gəzirdi qəlbində kədər.

Ağlar nəğmələri bir dəfə gülməz,

Deyirdi: \"Mən günə düşməsin heç kəs\"

Əmi gizlədərdi qızını ondan,

Pərdələr dalında saxlardı pünhan

Zeydə öz qızını verməmək üçün

Dövlətli bir kişi gəzirdi hər gün.

Nəhayət, məqsədə yetişdim, deyə,

Verdi öz qızını bir dövlətliyə.

Yazıq Zeyd o gündən düşdü həsrətə

Sövdası qərq oldu qəmə, möhnətə.

Yeməkdən, yatmaqdan qaldı sərbəsər,

Tutdu sövdasından yer üzü xəbər.

O da Məcnun kimi çəkdi göz dağı,

Zəncirə bağlandı əli, ayağı.

Hünərsiz, vəfasız yoldaşlara bax.

Ondan ayrıldılar uzaqlaşaraq.

Bir özü, bir könlü qaldı dünyada

O da ki, daima yanırdı oda.

Qığılcım saçırdı ondaki ciyər,

Leyli də tutmuşdu bu dərddən xəbər.

Ara bir yanına çağırıb onu,

Oxşar, əzizlərdi eşqin oğlunu.

Ondan hal tutardı o gözəl nigar

Dərdinə qoşulub ağlardı zar-zar.

Zeydin vəfasını xoşladığından,

Ona öz sirrini açdı o canan.

Zeyd isə mehriban, gözəl Leylidən

Xəbər aparırdı Məcnuna bəzən,

Məcnun ki, canandan xəbər bilərdi.

Onun qarşısında rəqsə gələrdi.

Zeyd idi Məcnunun eşqinə həmdəm,

Xəbər gətirərdi yarından hər dəm.

Ona xoş xəbərlər dedikcə gündə,

Məcnun qul olmuşdu onun önündə.

Zeydi çox görmüşdü vəhşi heyvanlar,

Vəhşilik hissindən qalmışdı onlar.

Məcnun ayrılığa düşəndən bəri

Ayüzlü Leyliyə dediyi şeri

Zeyd öz əlləriylə yazıb kağıza,

Aparıb verərdi o gözəl qıza.

Dostlar arasında o, yol salardı.

Məktub apardıqca, məktub alardı.

Bir axşam Məcnunun, novhə yerindən

Dürrlər axdıqca şerlərindən,

Zeyd ona üz tutub dedi töhmətlə:

\"Incilər səpirkən sən bu sənətlə,

Nə üçün dəlilik yolu tutaraq,

Ağlın şöləsindən gəzirsən uzaq.

Sən söz ustasısan, ey böyük insan.

Nə üçün bu yazıq günə qalmısan

Zahirdə çox rüsva görünsən də sən,

Sövdada Zeyiddən artıq deyilsən.

Mən də ağlayaraq, qəmlər içirdim.

Səndən də pərişan günlər keçirdim.

Nəhayət, səbr edib yaşayaq dedim.

Sonra su da içdim, çörək də yedim.

Gəl vurğun könlünü unudub dincəl,

Adına bir Məcnun deməsinlər gəl\".

Şəhvəti öldürüb bənliyi atan,

Dünya görmüş Məcnun qızıb bu zaman,

Zeydin töhmətindən alışıb yandı,

Vurğun deməsinə çox acıqlandı.

Zeydə söylədi ki: \"Bu üz ilə sən

Uzun danışansan çəkil gözümdən.

Mənə bir sifariş gətirdin əgər,

Söylə artıq-əskik danışma hədər

Uzun danışanın pis olur səsi,

Danışma Zeyd ilə Əmr əfsanəsi.

Mənə dəli dedin, nə haqqın vardır?

Dəli təkəbbürlü dolananlardır.

Mən div bağlayanam, bir div deyiləm,

Huri, mələk kimi azadam bu dəm.

Div xisləti deyil, xoşdur xislətim,

Dünya şahındandır bu təbiətim,

Mənim xasiyyətim xoş olduğundan,

Yanımda ram olur bu qədər heyvan.

Günaha batsa da mənə baxanlar,

Lətif xasiyyətli bir xilqətim var.

Düzlük axtarmaqdır mənim adətim,

Onunçün əyridir bu gün qamətim.

Iki düz alətin nəğməsimi var?

Bərbət əyri olar, mizrab düz olar.

Əyri qayrılmasa tutulan kaman,

Düz nişan gözləmə atılan oxdan.

Üzərlik yerinə yanan naləmdən

Əziyyət paltarı toxuyuram mən.

Mən yaman gözləri yaxşı bilirəm,

Onunçün gözümdən qorxuram bu dəm,

Pisdir öz gözünə gələrsə insan,

Uğrasın nəzərə bir başqasından.

Dəli o şəxsdir ki, dünya varını

Çox sevib, bərkidir ev hasarını.

Mən özüm kamala yetəndən bəri

Açdım boynumdaki ağır bəndləri.

Rişəsi dörd olan bu ağacın mən

Dörd mıxlı kökünü kəsirəm, bilsən.

Qurtuluş qəbzidir məndə yadigar.

Nə paltarlığım var, nə paltarım var.

Sınıq bir gəmidir aparan məni,

Varsın da olmasın onun yelkəni.

Gəmim dəryalarda batmazdan qabaq

Yükümü ataraq qalıram çılpaq.

Mənim o dünyaya məhəbbətim var,

Nə minnət çəkənəm, nə minnətim var.

Çarmıxa çəkilmiş bir bədən yəqin,

Köç vaxtı can versə çox olar çətin.

Səndən can istəyən o yar gözəldir,

Sənin can verməyin hökmi-əzəldir.

Sevgi meydanında yalnız dayanmaq

Canana can vermək şərtdəndir ancaq.

Demə ki, bu torda dolaşdıqca mən,

Bir dən arzusudur keçən qəlbimdən.

Torun gözlərində inan ki, hər gün

Əl-ayaq çalıram batmamaq üçün.

Tikanlı dünyadan istərəm müdam,

Murdar kimi deyil, mərd kimi çıxam.

Dünya ikilaylı qapıya oxşar,

Odur ki, tutmaram bir yerdə qərar.

Bu layın birini açanda insan,

O biri başına dəymiş hər zaman.

Quyuda yerləşmiş aciz bədənin,

Zəncirə möhtacdır həyatın sənin.

Yol ayrıcındakı bu bədbəxt bəşər,

Quyudan zəncirsiz çıxamı bilər!

Gözəllər zülfüdür dediyim zəncir,

O da ki, rəqibin əllərindədir.

Quyudan qurtarmaq mümkün olsa da,

Özgənin əliylə olacaq o da.

Özünün qəmindən at sürən adam

Özgənin qəmindən azaddır müdam.

Insan öz bütünü sındırsa əgər,

Başqa bütə necə pərəstiş edər?

Dəvəmi bir bütə tərəf sürərsəm,

Canım öz bütümdən qurtarar o dəm.

Qırmızı şərabı içsə bir nəfər,

Öz zəhmətlərindən çox yüngülləşər.

Məqbuldur belə iş, mənfəətlidir,

Qafillər gözündə çox dəhşətlidir.

Şikayət etmirəm mən bu halımdan.

Yoxdur bundan rahat başqa bir cahan,

Bu fındıq şəklində səmayə bir bax.

Başıma daş yağır göylərdən ancaq.

Canın məğzi olan öz başını sən,

Bir sümük zirehlə hifz edəməzsən,

Iydətək qırmızı olsam belə mən,

Çılpaq olduğum vaxt ağarar bədən.

Badam ki, deyiləm mən çılpaq olam,

Zənci tək qap-qara balalar doğam.

Allahdan gəlmişdir mənə bu qismət,

Xoşdur bu çəkdiyim bəlalı möhnət.

Qoltuqda turş qora gəzdirib satan

Meyvəçi bir misal çəkmiş bir zaman:

Qardaş, əncir satan bir adam üçün

Ənciri satmaqdır hər şeydən üstün.

Hər kəs sənətindən yapışsa əgər,

Dünyada nə əksə onu da biçər.

Oxumu hədəfə düz tutmuşam mən,

Kaman boşluğudur ziyan gətirən.

Xəzinə bəndini açardım, ancaq

Açar şüşədəndir bəlkə sınacaq.

Hər qorxu içində bir umud da var,

Umud zamanında qorxu da olar.

Yox bu xərabatda mənə bir həmdəm,

Bütün qohumlardan uzaq düşmüşəm.

Qeybət eyləmərəm, hiylə bilmərəm,

Qafil yaşamaram, dərdə gülmərəm.

Əcəl pəncəsinə düşməmiş bədən,

Köç səsi, \"Köçməyə yığış\" demədən

Bu möhnət evindən qalxaraq bu dəm,

Bu gordan o gora mən getmədəyəm.

Başqa bir dəlilik görmürəm məndə,

Dəlilik budursa, dəliyəm mən də\".

Kamal dəryasını bir az da açdı,

O, polad diliylə gövhərlər saçdı.

Bu cana yayılan xoş cavablardan

Zeyd artıq utanıb, dinmədi bir an.

Bildi o budağın qönçəsi təkdir,

Ikinci bir qönçə verməyəcəkdir.

Ədəb dərsi aldı haman vəfadan,

Ağzını min mıxla mıxladı birdən.

Sadiq yoldaş olub yenə Məcnuna,

Xəbər gətirirdi Leylidən ona,

Məcnun da nə desə, savabdır, deyə,

Tamam çatdırardı gözəl Leyliyə.

Ay ilə günəşin arasında tək,

Qasidlik edərdi o da Zöhrə tək.

 

IBN-SƏLAMIN ÖLÜMÜ

Bütün nöqtələrdə iş nişanı var,

Zərurət üzündən baş verir onlar.

Bütün varlıqların hərəkətində

Məqsud yazısından bir xətt var yenə.

Kağızın, bax, iki üzü var həmən,

Odur hədəf olar o iki üzdən.

Bu üzdə tədbirin sayıdır ancaq,

O üzdə təqdirin hesabına bax.

Bu iki hesabda bir ziddiyyət var.

Bunu yaxşı bilər arif hesabdar.

Sən gül saydığın gül sancdığı zaman

Tikan olduğunu bilərsən haman.

Bir çox qara olan salxımlar da var,

Yoxlarkən bilərsən, üzümdür onlar.

Insanı süst edən aclıq da bəzən,

Həzmə kömək olur, saflaşır bədən.

Sənsə bu dünyanın ziddiyyətinə,

Dava etməkdənsə, təslim ol yenə.

Müxtəsər, dünya ki, yaranmış belə,

Sən də turş sirkəni, bal hesab elə.

Gözəllər çırağı o Leyli nəydi,

Dərdi başqasına bir xəzinəydi.

Ilan halqasından çəkilmiş hasar

Içrə, xəzinəydi o gözəl nigar.

Məşəqqət içində dustaq yaşardı,

Sanki daş bağrında bir ləl vardı.

Əъdaha ağzında ay kimi yalnız,

Bir ağır qiymətli gövhərdi o qız.

Ərisə daima qəmlər yeyirdi,

Ona keşik çəkib, şükür deyirdi.

O pəri qızının söhbəti üçün

Polad qeydindəydi hər gecə, hər gün.

Hünərlə səbr edib, qəmlə gəzərdi,

Özünü aldadıb, dərdə dözərdi.

Təklikdə ağlardı o gözəl pəri,

Silərdi gözünü gələndə əri.

Təklikdə inlərdi o ahugözlü,

Əri olan yerdə ağlardı gizli.

Ah çəkib, of deyən o dərdli sənəm

Ağlaya bilməzdi aşkara bir dəm.

Gizlində çəkilsə bir ağrı, bir dərd

Insanın ömrünü çürüdər möhnət.

Ərin, qohumların xəcalətindən,

Zülfü tək pərişan gəzirdi bilsən,

Yoldan bir yad adam keçdiyi zaman

Dalınca həsrətlə baxıb çadırdan,

Ağlardı, ağlardı yanıb qəmlərə

Sonra üzü üstə düşərdi yerə.

Daldan ayaq səsi gəlsəydi bir an,

Zorla əl çəkərdi ağlamağından.

Şam kimi yandıqca könlünün bağı,

Gülüşlə sınardı hər ağlamağı.

Lakin, əl çəkməzdi pislikdən fələk,

Leyli ah çəkərdi qəmlər yeyərək.

Gəldi bir zaman ki, qansız ruzigar

Dolanıb, hökmünü verdi aşikar:

O qədər visalsız keçdi günləri,

Qəmdən xəstə düşdü Leylinin əri.

Pozuldu bədəni qəmlə möhnətdən,

Artıq Ibn-Səlam düşdü qüvvətdən.

Qızdırma qoymadı canından əsər,

Qalxdı hərarəti beyninə qədər.

Onun bədənindən köçdü rahatlıq,

Sağlamlıq şüşəsi qırıldı artıq.

Qarurə tanıyan baxdı nəbzinə,

Istədi səhhəti düzəlsin yenə.

Qaydayla, hörmətlə zəhmət çəkərək,

Deyirdi, xəstəlik sağalsın gərək.

Nəhayət, dincəldi o zəif bədən,

Göründü səhhətin yolu yenidən

Bir az yaxşılaşdı o zəif ürək

Arıq vicudunu kökələn görcək,

Zərərli şeylərdən pəhriz etmədi,

Təbibin dediyi yolla getmədi

Yalnız sancı deyil pəhrizlə gedən

Onunla dincəlir zəhmətdən bədən

Rahatlıq vaxtında cana xeyri var,

Əzab zamanında nəcat tapılar.

Gülün zillətindən min dərman törər,

Dürr xəznəsindən dəvə yüklənər.

Xəstə qurtarınca tünd qızdırmadan,

Yenə pəhrizini pozduğu zaman

Qızdırma bir daha gəldi bədənə,

Əvvəlki xəstəlik qayıtdı yenə,

Birinci yarayla zəif düşən can

Ikinci yarayla köçdü dünyadan.

Birinci su ilə islanan torpaq

Ikinci su ilə oldu bir sıvaq.

Əvvəl bir zəlzələ qopardı ruzgar

Sağa da, sola da çatladı divar.

Ikinci zəlzələ qopduğu zaman

O çatlamış divar uçdu binadan.

Xəstə iki-üç gün darda qalaraq,

Nəfəs vurmadaydı səhhətdən uzaq.

Elə ki, təngidi köksündə ürək,

Çırpdı şüşəsini daşlara külək.

Yel kimi dünyaya əl edib həmən,

Qurtardı dünyanın işkəncəsindən.

O getdi, bu haldan bizimçün də var,

Dünya öz borcunu geriyə alar.

Dünyanın borcundan qorxmalısan sən,

Bir çöp olsa belə alacaq səndən.

Bu borcu verməyə çalış, ey insan,

Çalış ki, qurtarsın minnətdən yaxan.

Bu borcun üstündə sən tutsan qərar,

Əndama mıx olar, bədənə mismar.

Öz cövhərin üçün bu sandığı qır,

Göyərçinlər kimi göylərə hayqır.

Dördköklü yeddi qat bir ağac, inan,

Min yerdən mıxlanmış bu doqquz qalxan,

Ölümlə üz-üzə durduğu yerdə

Elə düşərlər ki, qalxmazlar bir də.

Bu gözəl günbəzdən doğanda səhər,

Dünya xırmanına düşən atəşlər,

Hər axşam çağında fələyə qədər

Bu palçıqlı küpdən qalxan tüstülər,

Deyir ki: - Dünyaya nəzər yetir bir,

Dünya bir tüstülü atəşgədədir;

Gecə də, gündüz də ciyərlərinə,

Od vurduğu halda sən şadsan yenə.

Çoxdan həyasızdır bu iki quş, bax,

Sənin xurcununu deşirlər ancaq.

Bir darı xırmanı olsa da ömrün,

Bu quşlar onu da yeyəcək bir gün.

Sanma ki, dünyada can qalacaqdır,

Nə varsa, bir zaman məhv olacaqdır;

Ömrün çətinliklə yüz yaşa yetər,

Yüz deyil, min il də yaşasan əgər,

Ölümün dəhşəti pusquda durur,

Özünü getmiş bil, doğru söz budur.

Nakam Ibn-Səlam öldüyü zaman

Leyli ceyran kimi sıçradı tordan.

Bu ölüm Leyliyə xeyir olsa da,

Ölən öz əriydi, incidi o da.

Zahirdə ərinə matəm saxlardı,

Batində Məcnunu anıb, ağlardı.

Saçını yolardı, anıb Məcnunu,

Guyaki əriçün eyləyir bunu.

Ərinin üstündə etdiyi şivən

Məcnunu oxşardı yalnız ürəkdən.

Zahirdə ərinin xatiri vardı,

Batində dostunu, duyub anardı,

Bir bəhanə tutub ölmüş ərini,

Ağlayıb sökərdi can dəftərini.

Ərinin üstündə dediyi dillər

Dostunun halından verirdi xəbər.

Sözlərin qabığı əriydi yalnız,

Məğzində dostunu oxşardı o qız.

Ərəb qaydasınca, əri ölən şəxs

Matəm saxlayaraq gözə görünməz.

Iki il qapalı evdə əyləşər,

Qadının üzünü görməz bir bəşər.

Bacardığı kimi oxşayıb ağlar,

Şerlər deyərək, qəlbini dağlar.

Bu bəhanə ilə fürsət taparaq,

Çadrını xəlvətə çəkdi Leyli, bax.

Ərinə el dəbi yas tutmaq üçün,

Qəm ilə üz-üzə oturdu hər gün

Artıq, fürsət tapdı o ağlamağa,

Səbrini ellərə verdi sadağa.

Yas bəhanəsiylə yüksəldi səsi,

Yeddinci fələyə qalxdı naləsi.

Qəlbində hicranın tükənməz dərdi,

Üzünü, gözünü sillələyərdi.

Artıq nə qorxusu, nə qeydi vardı,

Istədiyi kimi nəfəs alardı.

 

ZEYDİN, İBN-SƏLAMIN ÖLÜM XƏBƏRİNİ

GƏTİRMƏSİ

 

Bu gözəl dastanı bizə nəql edən,

O iliyə qədər çürümüş bədən

Dedi ki: canandan uzaq düşən Zeyd,

Qəlbinin başında min ağrı, min qeyd,

Səbr ilə udardı bu ağır dərdi,

Yazıq su yerinə qanlar içərdi.

Onun bu sirrinə bələd qohumlar

Bir çarə tapmağı vermişdi qərar.

Zorla alınmışdı o sevdiyi yar,

Zeydə yoldaşları kömək durdular.

Səbriylə gəldi Zeyd o dərdə üstün,

İşinin düyümü açıldı bir gün.

Aşkar olmasa da, gizli, bir təhər

Zeyd ilə o Zeynəb görüşürdülər.

O, canan yanına getdikcə az-az,

Qəlbin aynasından silinirdi pas.

O təzə qönçəylə görüşən zaman

Açıb söyləyirdi dərdini pünhan.

Mehribanlıq dolu şirin dodaqlar

Gizli nəvazişlər elərdi izhar.

Elin qaydasına uyğunlaşaraq,

Quruca hal-əhval sorardı ancaq.

Könüllər pak idi, saflıq duyardı,

Ortada həyalı baxışlar vardı.

Çarə tapmışdısa Zeyd öz dərdinə,

Məcnunun qeydinə qalırdı yenə.

Məcnunun dərdinə qalıb ürəklə,

Çarə axtarardı min bir diləklə.

Öz dərdi başından aşıb daşardı,

Lakin Məcnun üçün çox çalışardı.

Elə iş gördü ki, durduqca cahan,

Afərin söyləyər hər xatırlayan.

Səndən də yaxşılıq qalsa yadigar,

O camal sənin də üzündə parlar,

Bir çox sifətlər var insanda hələ,

Almasan yaxşıdır onları dilə.

Pis sözü ağzına alınca insan,

Qarnında öldürsə yaxşıdır, inan.

Bu dünya dolanıb, döndükcə ruzgar,

Qoy səndən yaxşı söz qalsın yadigar.

Səndən də, məndən də nə qalsa ancaq,

Bil ki, kəndxudaya qismət olacaq,

Köçdü Ibn-Səlam, getdi dünyadan.

O quş bu qəfəsdən qurtaran zaman

Zeyd baş götürüb, yola çıxdı tək,

Məcnunun yanına gəldi sevincək,

Ölümün verdiyi acı qədəhdən

Məcnuna tez xəbər yetirdi həmən

\"Arzu karvanıyın o yol vuranı

Sənin sağlığına tapşırdı canı.

Artıq ölüb getdi bil Ibn-Səlam,

Ömrə sən layiqsən, sən yaşa müdam\"

Məcnun bu löqməni ağzına aldı.

Fələyin dövrünə bir nəzər saldı

Bir fəryad qopardı, nərə çəkərək

Çəkdiyi nərədən titrədi fələk.

Gah rəqsə gətirdi onu həyəcan,

Gah da öz şəklini gördü məzardan.

Sevindi bu işə o bir cəhətdən

Gülün ətəyindən kəsildi tikən.

O biri cəhətdən duyurdu ürək:

Rəqibi öldüsə, o da öləcək

Odur ki, gülməyib, ağladı dərhal,

Ağlamaq əmr etdi bu dəmdə kamal.

Ağlayıb, ağlayıb, ağrılar uddu,

Sonra Zeydə baxıb, acığı tutdu:

\"Sən, ey ürəyində bir nalə, min qəm,

Baş ağrımı çəkmiş vəfalı həmdəm!

Könüldə bir mətləb ummuşam səndən,

Qulaq as, bu sirri açıq deyim mən:

Bu günki varağı sən açıq, aydın

Oxuyub, ortada xəta buraxdın.

Dedin ki: filankəs dünyadan getdi,

Sənə öz canını sadağa etdi.

Sevsəydin dostluğun düz peymanını,

Deyərdin \"Leyliyə verdi canını\".

Ona qismət olan bir tikə, inan,

Mənim boğazımdan keçməz heç zaman\",

Zeyd ona dedi ki: \"Ay canım, burax;

Leylini sevmisən sən ondan qabaq.

O bərabər olan iki nəqşdən,

Birini əksiltdin öz əlinlə sən.

Aradaki fərqi sildin ortadan,

Varağın birindən qoymadın nişan.

Madam ki, nə mənlik, nə də sənlik var,

İkilik rəqəmi mənasız olar.

Mən də qaydalara aldanıb bu dəm,

Mənə yaraşmayan bir söz demişəm.

Yaxşı düşmədisə söhbətim, sözüm,

Mən gedə bilərəm, incimə, gözüm!\"

Məcnun bu cavaba asdıqca qulaq,

Zeydi qucaqlayıb dedi: - Sözə bax!

Dedi: \"Ey müsahib, dilinə əhsən!

Ən xoş nəsimlərin ən gözəlisən!

Nə gözəl danışdın, nə xoş söylədin,

Mənə layıq oldu cavabın sənin.

Nə gözəl, nə dürüst cavabların var,

Bax belə danışar həmdərd olanlar!

Cahanda hal əhli olsa bir nəfər,

Onunla danışmaq dünyaya dəgər.

Mən əhd etmişəm ki, nə qədər sağam,

Səninlə daima dost olacağam.

Nə qədər ömrüm var, səninlə varam,

Neyləsən yolundan baş qaçırmaram.

Daima dərs alıb dediklərindən,

Səndən sirr saxlasam, kafir olum mən\".

Məcnunun qəlbində ayrılıq dərdi,

Əmr tək Zeyd ilə ömür sürərdi,

Aradan bir həftə gəlib ötüşdü

Bir gün ayrılığa bəhanə düşdü.

Məcnun yuvasına yollandı yenə,

Zeyd də qayıdıb getdi evinə.

 



Просмотров 497

Эта страница нарушает авторские права




allrefrs.su - 2024 год. Все права принадлежат их авторам!