Главная Обратная связь

Дисциплины:

Архитектура (936)
Биология (6393)
География (744)
История (25)
Компьютеры (1497)
Кулинария (2184)
Культура (3938)
Литература (5778)
Математика (5918)
Медицина (9278)
Механика (2776)
Образование (13883)
Политика (26404)
Правоведение (321)
Психология (56518)
Религия (1833)
Социология (23400)
Спорт (2350)
Строительство (17942)
Технология (5741)
Транспорт (14634)
Физика (1043)
Философия (440)
Финансы (17336)
Химия (4931)
Экология (6055)
Экономика (9200)
Электроника (7621)


 

 

 

 



LEYLİNİN ALLAHA YALVARMASI



 

Vaxtın buxağından, qulaqlarından

Gecə, incisini asdığı zaman

Leyli göy üzündə Sürəyya kimi,

Gözündən dənizə səpirdi inci.

Bir oydu, bir gecə, bir dərd, bir də dağ,

Onun həmdəmiydi yalnız bir çiraq.

Gecələr yatmazdı, pərvanələr tək,

Gecədən çırağa gileylənərək.

Deyirdi: \"Nə zaman qurtaracaqdır,

Bu gecə fələyin alnında dağdır.

Mənə qismət olan gecəyə bax bir,

Bütün varlığımı o, həlak edir.

Bu uzun qaranlıq gecəyə, inan,

Bir əlac tapmıram əlacsızlıqdan.

Qəlbində qalmamış onun hərarət,

Qorxuram səhəri olsun qiyamət.

Gülmədim bu gecə gələndən bəri.

Bari, xoş olaydı onun səhəri.

Ev uçmuş, çıraq da sönmüşdür bu dəm,

Bağı talan olmuş bağban kimiyəm.

Tutaq ki, xoruzun boynu vurulmuş

Sübhün nəfəsinə, deyin, nə olmuş?

Tutaq ki, qarının xoruzu öldü,

Məhlə əzançısı yerə gömüldü,

Səhər növbətçisi getmişdir hara?

Yadından çıxdımı onun nağara?

Ilahi! Məni sən canana yetir!

Oduna yandığım o şəmi gətir!

Mənə işıq verər o sevdalı yar,

Bu zülmət gecəni o işıqladar\"

Dilindən düşmədi səhərə qədər

Bu duaya oxşar dərdli nəğmələr.

 

LEYLİ İLƏ MƏCNUNUN GÖRÜŞMƏSİ

 

Tezdən duran xosrov səhər vaxtında,

Sevinclə əyləşdi şahlıq taxtında.

Günəş ki, eşq ilə öpdü gündüzü,

O eşqə baş əydi bütün yer üzü.

Gözlərə nur verən bu işıqlı gün

Novruz bayramından xoş idi o gün.

Arzu kəmərini bağlamışdı baxt,

Qüssə dağılmışdı dünyadan o vaxt.

Leylinin ayağı zəncirdən azad,

Aləmi ay kimi gəzirdi dilşad.

Heç kəsdən çəkinib qorxmayan o qız

Aşkara dərd çəkib, ağlardı yalqız.

Canı qurtarmışdı ər qayğısından,

Artıq güdməyirdi onu bir insan.

Qəlbində alovlar, yanıb ağlardı,

Nə ata, nə ana qorxusu vardı.

O, evdə, sarayda, məhəllədə tək

Gəzirdi, üzünü əllə örtərək.

Hər dəmdə bir könül axtardığından,

Hər qəlbə peyam da verirdi pünhan.

O hər bir fələyə işıq açardı,

Hər bir nəfəsə də ənbər saçardı.

O kimi axtarıb yanırdı oda?

Bircə dostu vardı onun dünyada.

Ərinin yasını qurtardı, yenə

Çəkdi qəm evini ata evinə.

Səbrə qatlaşmağı buraxıb artıq,

Eşqin pərdəsini atdı apaçıq.

Şərab şüşəsini sındırıb bütün,

Suya qalxan tutdu gül kimi o gün.

Qıfılla bağlanmış o durr, o canan

Qapını qıfılsız gördüyü zaman

Çarə axtarmaqda tərpənib zirək,

Səhhət axtarırdı, çarə gəzərək.

Hicrədə əyləşib fikir eylədi,

Zeydi çağırtdırıb, belə söylədi:

\"Bu gün ki, intizar günü deyildir?

Bu visal günüdür, get yara bildir.

Dünya nə gözəldir, bir oyan, az yat,

Get şəkəri gətir, qızıl gülə qat!

Sərvin qucağında yatır çəməni,

Lalənin sapına düz yasəməni!

O gözəl ahunu tapıb tora sal,

O müşk nafəsini indi ələ al.

Onun tikanından ipək tutaq biz,

Tozundan qayrılsın qoy ənbərimiz.

Qoy alım onunla könüldən nəfəs,

Həmnəfəslərimdən qalmamış heç kəs.

Pusquya gəlməmiş insafsız əcəl,

Bir onu görsəydim əcəldən əvvəl\".

Leyli xəznədəki xəzlə ipəkdən

Bir paltar çıxartdı o nazik bədən.

Ona layiq olan bir neçə şey də

Şah kimi götürüb tapşırdı Zeydə.

Zeyd isə şadlanıb bu hədiyyədən,

Ucaldı dağ kimi, qalxaraq həmən,

Bütün paltarları çölə gətirdi,

Qanadsız hümaya müъdə yetirdi.

Bütün paltarları verdi Məcnuna,

Xoş xəbər danışdı Leylidən ona.

Məcnun bu xəbərdən şadlanıb o dəm,

Atlanıb düşürdü o talei kəm.

Dönüb fələk kimi hər bir tərəfə,

Yerində fırlandı o, yeddi dəfə.

Onun yeddi dəfə bu hərlənməyi,

Keçib yeddi çərxi ötdü fələyi.

Sonra da üzüylə yer süpürərək,

Şükür səcdəsinə o baş qoydu tək.

Öpüb o paltarı, yad etdi yarı,

Sonra da əyninə geydi paltarı.

Dostluq bulağında aldı dəstəmaz,

Hicran zillətindən qurtardı bir az.

Ay kimi parlayan üzünə bax sən.

Ənbər qoquyurdu xoş nəfəsindən.

Şer deyə-deyə üz qoyub yola,

Şəkər dağıdırdı o sağa-sola.

Dişili, erkəkli bütün vəhşilər

Onun arxasınca yola düşdülər.

Məcnunla bir yerdə hamsı durardı,

Onun ətrafında halqa vurardı.

Canan qapısına yetişib durdu,

Ordusu da vardı, amma nə ordu?

Elə bir ordu ki, döyüş zamanı

Pəncələr olardı qılınc, qalxanı.

Zeyd xəbər yetirdi o Zübeydəyə,

Bu qoca xəlifə yumşalmış, deyə.

Məcnun ki, çəkdiyin qəmə sirdaşdır,

O bu gün qapında torpaqdır, daşdır.

Səcdənə düşmüşdür, rəhm et Məcnuna,

Içəri gəlməyə izin ver ona.

Leyli bu müъdəni eşidən zaman

Xərabəyə döndü bu abadlıqdan.

Çadır dirəyi tək qalxaraq əvvəl,

Ip kimi sərildi sonra o gözəl.

Huşsuz vəhşilərdən tamam bixəbər,

Çadır dirəyi tək qalxaraq əvvəl,

Şümşad ayağına düşən bir od tək,

Qonaq ayağına düşdü o mələk.

Məcnun seyr elədi dərdli cananı,

Ayaq pərdəsində görüncə canı.

Naləsi titrətmə saldı göylərə,

O da huşdan olub yıxıldı yerə,

Cansız bir dirəkdi o nazik bədən,

Məcnun da canlı bir ölüydü bilsən.

Dünyanın səsindən tamam bixəbər,

Huşsuz uzanmışdı o sevgililər,

Məcnunla yol gəlmiş çöl heyvanları

Bu vaxt ortalığa alıb onları,

Iki sevgiliyə keşik durdular,

Dağ çənbəri kimi halqa vurdular.

O qədər çoxdu ki, orda vəhşilər,

Yol tapa bilmirdi onlara nəzər.

Oraya gəlmişdi iki-üç insan,

Onları vəhşilər dağıtdı haman,

Ortadan çıxaraq yerdə qalanlar,

Hərəsi bir küncdə gizləndi onlar,

Orda huşu getmiş o sevgililər

Qaldılar günorta olana qədər.

Zeyd gəlib gülabla ənbər yetirdi,

O qoşa baharı cana gətirdi.

Elə ki, huşları qayıtdı yenə

Dinməzcə baxdılar biri-birinə,

Leyli utanaraq, qızardı gül tək,

Torpaq qəribinə yaxın gələrək,

Əlindən yapışıb çəkdi iləri,

Çadrına apardı o gözəl pəri.

Onu çadırında oxşadı nazla,

Ovutdu qəlbini min bir avazla.

Zeyd məhrəm kişiydi, həm də mehriban,

Əmr-As olmağı atıb ortadan,

Qapının ağzında o da halqa tək,

Haman vəhşilərlə əyləşmişdi tək.

Hərəmi dörd yerdən tutan heyvanlar

Onun ətrafında çəkmişdi hasar.

Havada milçək də uçsaydı əgər,

Tutub parçalardı onu vəhşilər.

Orda vəhşiləri görən bir insan

Yaxına gəlməzdi can qorxusundan.

O bağlı qapını görüb bu saat,

Heyrətə düşmüşdü bütün camaat.

Həqiqi eşqdir, - deyirdi hər kəs, -

Ona bulaşmamış şəhvətlə qərəz.

Bu həqiqi sövda düşəcək dilə,

Ona ram olmuşdur vəhşilər belə.

Ona vəhşilərdən dəyməyir zərər,

Yoxdur xilqətində vəhşətdən əsər.

Qəlbində vəhşəti boğduğu üçün,

Durmuş xidmətində vəhşilər bütün.

Bu torpaq nəslinin sövdası, aşkar,

Paklıqla yaranıb tutmuşdur qərar.

Bu gün naləsini eşitdiyimiz

Hər iki aşiqə nəzər salaq biz.

Əldə içilməmiş qədəhlərindən

Bu xarab, o biri sərxoşdur, bilsən!

\"Artıq qucaqlaşın\" deyirkən zaman,

Bu əldən getmişdi, o biri huşdan.

Bu eşq dəlilikdən törənməmişdir,

Dünyaya dərs olan nadir bir işdir.

Kim ki, hal əhliydi, dadmışdı dərdi,

Evində onlardan söhbət edərdi.

O bağlı xəzinə, ətrafı hasar,

Durmuşdu yanında gənc xəzinədar.

O əziz qonağın eşqiylə durdu,

Onu bəzəndirib min ziynət vurdu.

Öz gözəl saçının həlqələrindən,

Ona çalma hördü o nazik bədən.

Diyləmi sakitcə görüncə o yar,

Qıvrım saçlarından geydirdi paltar.

Onu qəlb evinə eylədi sultan,

Həmail qolunu saldı boynundan.

Sonra da bərk basdı bağrına birdən.

Iki gül cücərdi bircə qönçədən.

Onu kökləmədən, mizrabsız çaldı,

Şərabsız, öpüşsüz ağlını aldı...

Zəncirdən açıldı əlif ilə lam,

Üzdən bir-birinə yapışdı tamam,

Iki əyilmiş xətt, artıq öpüşdü,

Bütöv bir dairə şəklinə düşdü.

Ədlin tərəzisi bərabər olcaq

Quş qanad gətirdi, uçmadı ancaq.

Iki şam bir teştdə yıxıldı, bilsən,

Ruhları bir idi, birləşdi bədən.

Iki sap bir tovda eşilmiş oldu,

Iki sürahi də bir sudan doldu.

Iki lay vuruldu bir qapıya tən,

Iki göz yarandı bir baş üstündən.

Birləşdi bu zaman uzaq qütblər,

Bir nurla parladı o iki səhər.

Könülləri yanmış o iki dildar

Bir gecə bir gündüz belə qaldılar,

Nə onun, nə bunun qalmışdı huşu,

Ortadan uçmuşdu ehtiras quşu.

Onlar özlərinə gəldiyi zaman

Şahin uçmuş idi, şah da arxadan.

Çadırdan bayıra çıxmışdı canan,

Onun keşiyində dururdu soltan.

Yığışıb köçmüşdü sarayından şah,

Tacı da, taxtı da boş qalmışdı, ah!

Məhəllə əğyardan boşalmışdı, bax!

Orda sevgililər qalmışdı ancaq.

Məcnun o cananı hazır görərək,

Evi danışıqdan boşaltdı, gerçək.

Özü də halqa tək qapıda durdu,

Məcnunun gözüydü Leylinin yurdu.

Elə ki, qəlbində yer verdi ona,

Qapıçı olmağı aldı boynuna.

O iki qazanın isti dodağı

Kasa tək lal idi bu visal çağı

Əsincə behiştdən sərin bir külək

O iki alovu söndürdü şam tək.

Eşq gəlib, üzərlik yandırdı dərhal,

Ağızlar bağlandı dillər oldu lal.

Iki divardaki iki naxış tək,

Onlar hərəkətsiz dururdu, gerçək.

Ürək sözlə dolu, bağlıydı dillər,

Sanki ağzı bağlı bir kuzəydilər.

Onların eşqiylə dolmuşdu cahan,

Nitqi açılmazdı heç kəsin bir an.

Nə qədər vardısa qəmi-intizar,

Gecələr şam kimi dil açardılar.

Elə ki, visalla açıldı səhər,

Kəsildi şam kimi danışan dillər.

Dilin bəlasıdır uzunçu olmaq,

Ariflər işidir sükuta dalmaq.

Xəzinə qızıldan olduqca kənar,

Qapısı daima qıfılsız olar.

Onu qızıl ilə doldursa insan,

Xəzinə qapısı bağlanar hər an.

Qəmzələr diliylə o nazlı dilbər

Deyirdi qəlb açan xoş bədihələr:

\"Ey on dilli süsən, sənə nə olmuş?

Mənim dərdimdənmi dilin tutulmuş?

Sinədən söz deyən bir şeyda bülbül

Dinməz il uzunu, açılmasa gül.

Lakin, gül üzünü gördüyü zaman

Bir deyil, oxuyar min yeni dastan.

Sən dünya bağında şeyda bülbülsən,

Visala can atan gül kimiyəm mən.

Bu visal günündə hanı həvəsin?

Ağzın qıfıllıdır çıxmayır səsin\".

Qanlı göz yaşında boğulub gedən

Məcnun alovlu bir dil açdı birdən:

\"Ey sənəm, qənd kimi dodağın vardır,

Deylimi bağlayan o dodaqlardır...

Düşün ki, ağzımda dil yoxdur, canan!

Dil deyil, bir tükdür bu dilim, inan.

Camalın şovqunda qəm çəkə-çəkə,

Tüküm dilə döndü, dilim də tükə[106].

Qapında bir tükün dil olmasından,

Dilin tük olmağı yaxşıdır, inan.

Səninlə tük kimi danışmaq üçün,

Qoy dilim tük kimi incəlsin hər gün.

Sənə can satmaqda mahirəm, ey yar,

Sənə dil satmasam, daha xoş olar.

Qoy sinə məlhəmi çox olduğundan

Işdə dil yarası olmasın, canan.

Axtaran bir hərif uzundil olar,

Tapınca nə dili, nə sözü qalar.

Mənim də tapdığım sənsən, ey sənəm,

Sənin də quyuya saldığın mənəm.

Mənimçin sən varsan özümdən əvvəl,

Çünki mənim deyil, sənindir bu əl.

Nəçiyəm, de kiməm mən talei kəm?

Dünya şahiddir ki, sənin kölgənəm,

Özümü hər sayda heç bilirəm mən,

Heçə bənzəyirəm bu heçkəslikdən...

Səndən əsər çatdı mənə, ey dilbər,

İnan ki, ondandır məndəki əsər.

Bir qızıl quş kimi ucaldıqca mən,

Bir nişan görmədim dağ kəkliyindən.

Sındı qızıl quşun qanadı bu gün,

Uçdu dağ kəkliyi, uçdu onunçün.

Bizim milçəyimiz gəlməmiş cana,

Tovusun gəlmədi sənin meydana.

Şahın ov köpəyi edəndə şikar

Ahu balası da şaha ox vurar.

Visal umudunla güldüyüm vaxtla

Mənə dad verərdi o xoş intizar.

Elə ki, sevgilim əlimə keçdi,

Işim bənliyimdən uzağa köçdü...

Sənə könül verən aşiqə, canan,

Əldən düşdüyü vaxt əl uzadırsan.

Can sənə peşkəşdir, nə qədər sağam.

Sənə ömrüm boyu baş qoşacağam,

Baş sənsiz olarsa, ayrılsın təndən,

Can sənsiz olarsa, çıxsın bədəndən.

Hər gün ayağına baş qoyam gərək,

Məndən can verməkdir, səndən istəmək.

Nə qədər ki, sağam, sənsən nigarım,

Sənsən öləndə də pərəstişkarım.

Canın ki canımdan cida deyildir,

Sənsiz yaşamağım rəva deyildir.

Məni odlarına yandırsan da sən,

Balıq tək suyundan ayrılmaram mən.

Səninlə gözlərim dünyaya baxar,

Kim görən gözünü kor istər, ey yar.

Bu yolu mən sənsiz gedərəmmi ah?

Səndən ayrılmaram, nəuzibillah!

Aşiq məzhəbində ayrılıq nədir?

Mən sözü, sən sözü - bir əfsanədir.

Iki parça olan bir zirehik biz,

Bir can parçasıyıq, bil ki, ikimiz.

Mən yoxam, dünyada sənsən var olan,

Bu xəyali surət özünsən, inan!

Madam ki, mən sənəm, ikilik nədir?

Birliyi qırmağa nə bəhanədir?

Heykəl ikidirsə, binövrə birdir,

\"Lam əlifla\" ki, ayrı deyildir[107].

Orda ki, mən varam, sən nigar da var,

Orda ki, sən varsan, bu qubar da var.

Yox, yox, yanılıram can birdir, canan,

Ikilik qovğası çıxmış ortadan.

Necə birləşirsə bir bəm ilə zil,

Birləşən canımız ayrılan deyil.

Zillə bəm olmasa, çəng çalan bir kəs

O çəngdən sədalar çıxara bilməz.

Bir xəzinədəndir ürəyimiz bax,

Arada ikicə sifət var ancaq.

Xoş olar bir hərəm seçsək ikimiz,

Xoşdur bir addımda qərar tutsaq biz,

Cüt ağız qılıncın qını bir olar,

Badam cüt məğzli, bir qabığı var.

Yumurta sarısı cüt olsa, belə,

Sərmayəsi birdir, bir hesab elə.

Iki həmcins hərf düşsə bir yerə,

Onlar bir yazılar səhifələrə.

Nişanımız birdir, cinsimiz də bir,

Yuvamız ikidir, gəl də birləşdir.

Gəl iki hərf yaz bir adda, ey yar,

Iki damla tutsun bir camda qərar.

Incəsən, ikiyə vurma biri sən,

Gəl təki-təkə vur, əgər hərifsən\".

Məcnunun göz yaşı tufanlar açdı,

Min belə dürrlər, incilər saçdı.

Leyli can yandırıb ülfətlə, nazla,

Məcnunu oxşadı minbir niyazla.

Hoqqanı doldurdu o ixtilatla,

Dodaqlarındakı abi-həyatla...

Xətər saçılırdı qara saçından,

Ağzı da zərifdi ətir qabından.

Qızın ay üzündə o incə dodaq

Şəkər paylayırdı ətir saçaraq.

Məcnunun başına xalvarla şəkər,

Batmanla ənbərlər saçdı o dilbər.

Xəyali Misirdən min bac istədi,

Hümməti həbəşdən xərac istədi.

Kim ki, bu dünyada sükuta dalar,

Öz ətri gül kimi ağzında qalar.

Onun söz yaradan bir ağzı vardı,

Bunun da çənəsi sözlə oynardı.

Mənim düşüncəmə, zənnimə görə,

O ağız layıqdı belə sözlərə.

Dünyadan bir qismət alır hər bəşər,

Biri ciyər yeyir, o biri şəkər.

Sövdalı adamlar uyuşmaz ayla,

Şəkər saziş etməz çoxlu səfrayla.

Qızıl gül ətrindən doysa bir nəfər,

Ona haram olur başqa ətirlər.

Məcnun seyr etdikcə gözəl yarını,

Cırmağa başladı öz paltarını.

Hissizlik şərabı çox təsir etdi,

Ayaqdan düşərək, əldən də getdi.

Könlünü üzrlə eləsə də pak,

Taqətsizlik onu etmişdi həlak.

Gördü ki, sümüyə dayanmış bıçaq.

Aldığı zərbədən həlak olacaq.

Qılıncı başından, başını teştdən

Götürüb çöllərə yollandı birdən.

Onun kəsilmişdi səbri, qərarı,

Sızlardı yanında çöl heyvanları.

O öz aynasını verərək yara,

Başqa bir ayinlə, çıxmış yollara.

Yarının zülfünü qucaqlayaraq,

O öz varlığından düşmüşdü uzaq.

Özünü öz yarı sayaraq, bəzən,

Özünə müştəri olurdu səhvən,

O öz varlığını unutmuşdu, bax,

Varlığı, mənliyi Leyliydi ancaq.

O, gülər baharı görəndən bəri

Birə min olmuşdu eşqin qəmləri.

Xəyal aləmində xoşbaxtlığından

Bir visal dastanı deyildi hər an.

Gah dost vəfasından söhbəti vardı,

Gah da bir qabıqdan məğz çıxarardı.

Zeyd o beytləri dinləyib hər an,

Asıb sırğa kimi qulaqlarından,

Ona pak ruh ilə deyirdi əhsən,

Deyirdi: \"Insanlıq elmində təksən!

Müqəddəs bir eşqi vermədin bada,

Sənə səcdə qılmaq borcdur dünyada.

Əgər məhəbbətdə olmasa ismət,

O şəhvət hissidir, deyil məhəbbət!

Saf eşqin nurlu bir güzgüsü vardır.

Eşqin hesabından şəhvət kənardır.

Qərəzli bir sövda yaşamaz, inan!

Eşq ilə qərəzi bir tutmaz insan.

Düz gəlməz eşq ilə qərəz, müxtəsər,

Qərəz olan yerdən eşq qalxıb gedər.

Düzü, səndən başqa aşiqlər tamam

Qərəzə sitayiş edirlər müdam.

Saf eşq səninkidir, başqası nədir?

Onlar eşq adına bir bəhanədir\",

Bir eşq doğruluqda tutarsa qərar,

Dostun yaxşılığı birə on olar.

Sevgi bu kəmala çatarsa bir an,

Yaxşı ad qazanar özünə insan.

Nizami, nə gözəl bir dövlətin var,

Hər zaman, hər yerdə o rəvac tapar.

 

PAYIZIN YETİŞMƏSİ VƏ LEYLİNİN ÖLMƏSİ

 

Qaydadır yarpaqlar tökülən zaman

Qanlı sular axar o yarpaqlardan.

Hər bir budağın ki, içində qan var,

Axır, deşiklərdən süzüb damcılar.

Suyun şüşəsi də soyuyub donar,

Bağların üzünə sarılıq qonar.

Ölüm zərbəsilə qabarar budaq,

Torpağa pay olar hər qızıl yarpaq.

Nərgiz öz köçünü dəvəyə çatar,

Şümşad taxtdan düşüb, tacını atar.

Yasəmən siması saralar yenə.

Gül də qan məktubu alar əlinə.

Zöhhak ilanı tək hey qıvrılaraq,

Çəmənin başına sarılar torpaq.

Qaydadır acı bir külək əsəndə,

Tökülər yarpaq da, solar çəmən də.

Dəniz tufanına düşən adamlar

Qorxudan saxlamaz əynində paltar.

Solar yaşıl otlar, bənzəyər yenə

Sarılıq tozundan xeyri gülünə.

Tülkü əldən düşüb yolda dolaşar,

Tülkü tükü kimi qana bulaşar,

Ciyəri naziklər bağda naxoşlar,

Meyvə gözəlləri nazlanmaq xoşlar.

Bağa bağban olan hindli bir nəfər

Zənci balasının başını kəsər.

O kəsik başları götürüb bağban

Budaqlar üstündə asar eyvandan.

O gözəl çənəli almaya bax bir,

Nardan soruşar ki: \"Kefin necədir?\"

Parça-parça olan ciyərindən nar

Yaralı qəlbinə qan damızdırar.

Püstənin ağzı da yırtılan zaman

İnnab dodaq büzər ona uzaqdan.

Narınc üzünün də girdəliyi var,

Turuncdakı ətri çəkib aparar.

Muğan şərabının küpündən dehqan

İçib, sərxoş olar, düşər ayaqdan.

Payız bu tufanı qurduğu anda

Qəlbən yaralandı bir gülüstanda...

Ucalıq taxtından Leyli düşərək,

Bir dərd quyusuna endi o mələk.

Sızladı bağının baharı tel-tel,

Onun çırağına sillə vurdu yel.

Başına bağlarkən qızıl çalmalar,

Başqa bir çalmaya düşdü o nigar...

Zərli ipək geyən o nazik bədən

Qamış teli kimi incəldi birdən.

Bədirlənmiş ayı döndü hilala,

Sərv qaməti də döndü xəyala.

Könlünün sövdası başına keçdi,

Başının ağrısı könlünə köçdü.

Təmuzun[108] istisi şehi apardı,

Lalə yarpağını yellər qopardı.

Yardan ayrılalı yanıb sönmüşdü,

Sərvi də incəlib çöpə dönmüşdü.

Qabaqlar da vardı bu dərd, bu möhnət,

Birə yüz olmuşdu indi məhəbbət.

Leyli aşiqini görüncə darda,

Gördü öz könlünü min intizarda.

Elə ki, ayrılıq zamanı çatdı,

O köhnə sövdası birə on artdı.

Iş gəlib o yerə çatdı ki, birdən

Düşüb xəstələndi o nazik bədən.

Qara qızdırmaya düşdü o canan,

Dodaqlar qaysıdı bu qızdırmadan.

O sərvin balınca həvəsi düşdü,

Onun qırqovulu sərvdən düşdü.

Sünbüldən torpağa danə düşən tək,

İpək örpəyini üzə çəkərək,

Anaya sirrini açdı balası,

Dedi ki: \"Başımın çoxdur bəlası.

Ana! Mən ahuya əlacın varmı?

Südlə zəhər içdim, dərman olarmı?

Köçüm yığışmışdır... neyləyim bu dəm?

Məni bərk tutma ki, köç üstündəyəm.

Mən ki, qan yeyirəm, nə mehribanlıq!

Mən ki, can üstəyəm, nə zindəganlıq!

Gizlində nə qanlar uddum, anacan!

Indi ürək dərdim aşır ağzımdan.

Canım dodağımdan çıxırsa bu dəm

Nə olar sirrimi açıb söyləsəm?

Sirrin pərdəsini götürdüyümdən,

Mən gedəsi oldum, salamat qal sən!

Qucaqla boynumu, ey mehribanım!

Amandır, boynuna düşməsin qanım!

Bədəndən ayrılıb çıxanda bu can,

Yarın hicranından öldüyüm zaman

Xoşdur niyazından nilimi çəksən!

Sürməmi dostumun-tozundan çək sən!

Başım göz yaşıyla islansın gərək!

Ciyər şamamamdan gəl ətrimi çək.

Bağla hunutumu o sarı güldən,

Ahından səpgilən kafurumu sən!

Şəhidəm, qan rəngli olsun kəfənim,

Qoy, belə bəzənsin bayramım mənim.

Məni gəlin kimi bəzəyib, yarat,

Pərdəmi saxlayan bu torpağa at!

Eşqindən didərgin düşən o bədbəxt

Ölüb getməyimi eşitdiyi vaxt

Sənə başsağlığı yetirmək üçün

Bizim bu çadıra gələcək bir gün.

Qəbrimin üstündə əyləşərək tək

O, ay axtaracaq, torpaq görəcək.

Qəbrimin üstündə əl bağlayaraq,

Göz yaşı tökəcək o yanan çıraq.

Ən əziz, ən gözəl bir dostdur mənə,

Bir yadigar qalır o məndən sənə.

Sən allah, çıxmasın sözüm yadından,

Ona alçaq gözlə baxmayın bir an.

İtirdiyin könlü onda tap, ana!

Bildiyim nağılı söylərsən ona,

Mən onu tutmuşam canımdan əziz,

Onu məndən sonra əzizləyin siz.

De ki: - Bu can çıxan köhnə saraydan

Leyli zəncirini qırdığı zaman

Eşqinlə torpağa gömdü canını,

Uçurdu ömrünün xanımanını.

O, eşqin yolunda mərdana getdi,

Aşiqlik yolunda can qurban etdi.

Sorsa: - Nə cür etdi həyata vida?.

De: - Sənin eşqinlə o getdi bada.

Nə qədər dünyada nəfəsi vardı,

Sənin qəmlərini canda saxlardı.

Sənin dərdinlə də o məhv olaraq,

O dərdi azuqə apardı ancaq.

De, - Torpaq olsa da bu gün niqabı,

Yalnız səni çalır onun rübabı.

O intizar çəkən adamlar kimi,

Sənin yolundadır gözüylə qəlbi.

Istəyir arxadan çatasan ona,

Odur ki, göz tikib sənin yoluna.

Tez gəl, intizardan Leylini qurtar!

Gəl, onun qoynunda tutgilən qərar!

Ana, bu sözləri ona yetir sən:

\"Ey mənə can verən, məni öldürən!

Dünyada heç kəsdən gözləmə kömək

Bir allahdan başqa hamıdan əl çək.

Özün kimisinə göz tikdiyindən,

Yolunu azaraq uzaq düşdün sən.

Ağlın nə qədər ki, kamala doldu,

Adın zamanənin Məcnunu oldu\".

Bu sözlə Leylinin doldu gözləri,

Başqa bir aləmə köçdü o pəri.

Öz gizli sirrini danışdığından,

Sövdaya can verdi dilində canan.

Qızını o halda görüncə ana

Elə bil qiyamət göründü ona.

Ağarmış başından götürüb örpək,

Saçını küləyə verdi səmən tək.

Anıb övladının qara gözünü,

Yolub saçlarını, cırdı üzünü.

Nə oxşama varsa dedi əzbərdən,

Nə saçı vardısa yoldu o birdən.

Ağladı, baxdıqca qızın boyuna,

Gözündən qan tökdü həyat suyuna.

Gah qızın üstündə sıxdı gözünü,

Gah onun alnına qoyub üzünü,

Gözünün yaşını tökdü fəğanla,

Yudu o çeşməni bu axan qanla.

Ananın naləsi göyə yüksəldi,

Fələk bu nalədən naləyə gəldi.

Andıqca gül rəngli əqiqi, bilsən,

Daşlar qana döndü novhələrindən.

Aya ulduzlardan zəncir bağladı,

Ciyər sandığında onu saxladı.

Onu novhələrlə bəzədi dili,

Gülabla ənbərə buladı gülü.

Torpağa tapşırdı Leylini bir bax,

Torpaqdan törəyən torpaq olacaq.

Qız yeni hasara düşdüyü zaman

Qəm də xilas oldu xəzinədardan[109].

Onun da həyatı qurtarıb bitdi,

Alıb baratını dünyadan getdi.

Aldığın atmayan bir insan varmı,

Dolub boşalmayan bir şey olarmı,

Dünyanın bazarı iti olsa da.

Kasadlıq çəkəcək onda piyada.

Dünya mələk donlu şeytana bənzər,

Əlində təsbeh var, belində xəncər.

İnan, bu dünyada yoxdur bir mələk

Ki, dünya açmasın başına kələk.

Çalış aldatmasın səni bu qarı,

Belini əyməsin onun rüzgarı.

Bir quyu olmamış altındakı taxt,

Burdan köçünü sür, gecikməmiş vaxt,

Bu yaşıl kamanlı çərxə qıl nəzər,

Sən üz döndərməsən, o üz döndərər.

Hələ bitirməmiş, inan ki, torpaq

Doludan bir zərər görməmiş yarpaq.

Bu ada mühiti-dərin bir quyu

Torpağı qaradır, tutğundur suyu.

Gəmini ortadan sahilə çək sən,

Bəlkə öz şəhrinə çata biləsən.

Bu torpaq can alan bir nəhəngdir, bil!

Sümüklərindən də əl çəkən deyil.

Bu sandıqça kimi fırlanan torpaq

Insanın qanına qərq olmuş ancaq.

Ağzı olmasa da qan içir hər an.

Özünə can tapır aldığı candan.

Hamını qumlayır onun ac gözü.

Ölülərdən qalmış bir qumdur özü.

Bax, bu dairədə olan naxışlar

Insan cəsədindən şəkil almışlar.

Qəlbi açıq adam fani dünyada

Yaxşılıq uğrunda can etsə fəda

Talein gözüylə o baxdığı vaxt

Tikəni gül görür, quyunu da taxt.

Yorğunluq üzündən, kədər üzündən

Ona adi gözlə baxarsa, bəzən

Varlığı qərəzlə kinə bürünər,

Ona gözəlliklər çirkin görünər.

Xüdpəsənd olmayan təmiz bir insan

Qorxmaz nə yaxşıdan, nə də yamandan.

Yalnız bu quyudan çıxmaq fikri var,

Behiştin qəsrinə yollar axtarar.

İstər ki, zəncirdən çıxsın ayağı,

Yetişsin onun da azadlıq çağı.

Qısalt hekayəni, gecə keçmişdir,

Bir iki olmasın, olsun iki bir.

O Xosrov, Keyqubad, o Cəmşid hanı?

Onlar gedən yolu gedəcək hamı.

Hiyləylə qurtarmaz quyudan heç kəs,

Bu qapı davayla bağlana bilməz.

Qocalar düşündü, çalışdı gənclər,

Olmadı düyünü açan bir nəfər.

Dünyaya yel kimi gəlib gedənlər

Fələyin işinə neyləyə bilər?

Sən açıq bir gözlə baxsan aləmə.

Özünə şəbə de, Şəbdiz söyləmə[110].

Bundan da irəli uzansa əlin,

Bil ki, unudarsan aləmi yəqin.

Nə qədər acizik bu dünyada biz,

Fələyin sirrini açmaz fikrimiz.

Rəngi gömgöy olan bu axar suyu

Qoy su aparsın ki, çay suyudur bu.

Bir damcı verməyib o öz suyundan,

Ölürdü gəlini susuzluğundan.

Leyli ki, torpağı eylədi məskən,

Xəzinə divarı oldu dəmirdən.

Ərəblər bu dərddən bağrı qan oldu,

Onun zülfü kimi pərişan oldu.

Qızın həsrətini çəkən adamlar

Ah çəkib, of deyib, ağladı zar-zar.

Dostların behişti - Leylinin qəbri,

Cənnət qoquyurdu ilk bahar kimi.

O müqəddəs qəbri öpərdi yellər,

Onu ziyarətə gələrdi ellər.

 



Просмотров 618

Эта страница нарушает авторские права




allrefrs.su - 2024 год. Все права принадлежат их авторам!